Yol polisi məktəbli avtobuslarını belə müşaiyət edir - Təhlükəsizlik önəmlidir - VİDEO

Yol polisi 15 İyun 2022 16:45 Oxunub 1990
Yol polisi məktəbli avtobuslarını belə müşaiyət edir - Təhlükəsizlik önəmlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Üç gün əvvəl Şamaxı istiqamətində məktəbliləri daşıyan avtobusun qəzaya düşməsi uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarının qorunması mövzusunu gündəmə gətirib. Artıq məsələ ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsindən vətəndaşlara bir neçə dəfə müraciət olunub. 
Yeri gəlmişkən, belə müraciətlər 2-3 il əvvəl də edlib. Həmin müraciətlərin əsas mahiyyəti valideynləri məsuliyyətli olmağı, belə səfərlər təşkil olunarkən DYP-yə müraciət etməyi, təhlükəsizlik tədbirlərinə diqqət etməyi özündə əks etdirir. Amma təəssüflər olsun ki, baş verən sonuncu hadisə bir daha onu göstərdi ki, valideynlər arasında diqqətsizlik edən, müəllimlərin və yaxud da bələdçilərin vədlərinə inananlar hələ də var. Bunun nəticəsində heç bir nəzarət mexanizmi olmadan yola çıxan “tur” avtobusları mövcuddur ki, o avtobuslarla onlarla məktəbli daşınır. 
Amma BDYPİ-nin müraciətlərindən bir daha aydın olur ki, mövcud qaydalar bu istiqamətdə tamam başqa mənzərəni ortaya qoyur. Qaydalara görə, avtobusların sayı üçdən artıq olduqda mütləq YPX-yə müraciət edilməlidir və həmin avtobuslar müşaiyət olunmalıdır. Avtobusların sayı on və daha artıq olduqda isə o zaman iki YPX avtomobili müşaiyət edir, onlardan biri ön, digəri arxa tərəfdə təhlükəsizliyi təmin edir. 
Digər tərəfdən, bələdçilər yollarda uşaqların sayına, davranışlarına, yol hərəkəti qaydalarının hansı formada təmin edilməsinə də nəzarəti həyata keçirməlidirlər. Amma görünən mənzərə bundan ibarətdir ki, valideynlərin, məktəblərin, turizm şirkətlərinin BDYPİ-nə müraciəti çox nadir hallarda baş verir. 
Təqdim olunan görüntülərdən də aydın olur ki, belə bir təcrübə yox deyil, var. İl ərzində onlarla belə müraciət daxil olur və yol polisi onlara müsbət cavab verərək müşaiyəti həyata keçirir. 
Ümid edirik ki, vətəndaşlar öz məsuliyyətlərini daha dərindən dərk edəcək, bu kimi hadisələrdən nəticə çıxaracaq, bundan sonraki tur səfərlərində mütləq BDYPİ-nə müraciət edəcəklər. 
Belə səfərlər qanun çərçivəsində həll olunmalıdır, sürücünün sağlamlıq vəziyyəti, iş və istirahət rejimi mütləq nəzərə alınsın, eyni zamanda, avtomobilin texniki vəziyyəti, reysqabağı texniki müayinəsi mütləq həyata keçirilsin. Bunlar olduqca vacib elementlərdir. Hətta uşaqların sayı çox olduqda, səfər müddəti uzun olduqda mütləq ehtiyat sürücü də avtobusda olmalıdır. 
Baş verən məlum hadisədən sonra belə aydın olur ki, bu qaydaların 70-80 faizi kobud şəkildə pozulur. Yol polisi hər zaman olduğu kimi, bundan sonra da bu məsələyə çox ciddi nəzarət prossesini həyata keçirəcək. Odur ki, turizm şirkətləri, valideynlər, məktəblər öz işlərini ehtiyatlı tutsalar, yaxşı olar. Bu, həm onların həyat və sağlamlığı üçün önəmlidir, həm də qanuna əməl etmək hər birimizin borcudur.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh