Yol polisi müəllim və şagirdlərdən dəstək istədi – Qəzalar artmasın - FOTO
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavini, polkovnik-leytenant Xosrov Nəcəfov və 1-ci tağımının komandırı, mayor Ürfət Şükürovun rəhbərliyi ilə Siyəzən rayonunda ictimaiyyət nümayəndələrinin, orta məktəb müəllimlərinin və şagirdlərin iştirakı ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə çıxış edən tağım komandiri Ürfət Şükürov bildirib ki, 2016-cı ildə respublikanın avtomobil yollarında 2006 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 35 azyaşlı uşaq dünyasını dəyişib. 49 yol nəqliyyat hadisəsi, 50 ölüm, 14 yaralı və 20 piyadavurma halı isə 2016-cı ildə 1-ci tağımın nəzarəti altında olan yollarda baş verib. Bütün bunlar DYP rəhbərliyini narahat etdiyi üçün yerlərdə əhali ilə davamlı görüşlər keçirilir.
Komandir deyib ki, bu görüşlər atıq müsbət nəticəcəl verir, hadisələrin sayında azalma müşahidə olunur: “Hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasi istiqamətində maarifləndirici tədbirlər davam etməkdədir. Bugünkü tədbirdə də təxminən 100-ə yaxın şagird, müəllim və yerli sakinin iştirakı müsbət haldır. Uşaqlar qaydaları öyrənməyə həvəslidirlər. Müəllimlər onlara dəstək olsun. Hər bir uşaq istəyir ki, yolda sükan arxasında olan valideyni evə sağ-salamat gəlsin. Valideynlər bunu unutmasın”.
Tədbirdə küçə və yollarda təhlükəsizlik vərdişlərindən danışan Ürfət Şükürov dedi ki, nizam-intizam qaydaları və yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici işdə vətəndaşlar da yol polisinə dəstək olmalıdır: “Mən çox istərdim ki, yerli sakinlər, uşaqlar da bizə dəstək olsunlar. Biz hər zaman sizlərin arasındayıq. Hər zaman bizə müraciət edib fikirlərinizi, təklifləriniz deyə bilərsiz. Biz də imkanlarımız çərçivəsində sizlərlə birlikdə problemlərin həllinə dəstək olarıq”.
Ürfət Şükürov deyib ki, mal-qaranın nəzarətsiz halda yola buraxılması qəzalara səbəb olur. Ona görə də, mal-qara sahibləri bu barədə ciddi düşünməlidir. Əks halda, yol polisi bu cür xətalara yol verən vətəndaşlara cərimə tətbiq edəcək.
YPXA-nın komandir müavini Xosrov Nəcəfov da əhalinin dəstəyindən danışaraq bildirdi ki, hadisələrin qarşısını birlikdə almaq mümkündür: “Bizimlə əlaqə saxlamaq üşün yol polisinin 902 "qaynar xətt"inə müraciət edə bilərsiz. Hər zaman sizlərdən daxil olan müraciətlər ciddi şəkildə araşdırılır, tədbirlər görülür. Burada uşaqların iştirakı çox yaxşı haldır. Düşünürük ki, maarifləndirmə işi kiçik yaşlardan başlamalıdır. Burada deyilənləri evdə böyüklərə çatdırıb onlardan da qaydalara əməl etməyi tələb edin. Dərs vəsaiti kimi yol hərəkəti qaydalarının “Əlifba” kitabını gətirmişik. Onları oxuyun, sizə faydalıdır. Təklif edirəm ki, müəllimlər dərs zamanı uşaqlara yol hərəkəti qaydalarından danışsınlar, təbliğat aparsınlar. Yol qəzalarında bir uşaq belə xəsarət alanda, həlak olanda rəhbərliyimiz çox narahat olur. Uşaqlar bizim gələcəyimizdir. Onları qorumalıyıq”.
Tədbirin sonunda şagirdlərlə ayrıca söhbət edən DYP əməkdaşları onların suallarını cavablandırıb. Sonda isə sakinlər çıxış edərək müxtəlif problemlərə toxunublar. Bildirilib ki, Ağbaş kəndi ərazisində mal-qaranın ötürülməsi üçün keçid qoyulmayıb. Keçid yoxdursa, o zaman yol nişanı qoyulsun.
Daha sonra qeyd olunub ki, yolda beton arakəsmələrin qoyulması kəndi iki yerə bölüb. Bu səbəbdən də dərsə gedən uşaqlar yolu keçməkdə çətinlik çəkirlər. Sakinlər bəzi kəndlərin ərazisində avtomobillərin yüksək sürətlə hərəkət etdiyini deyərək həmin ərazilərı kamera və radar quraşdırılmasını xahiş etdilər.
YPXA-nın komandir müavini Xosrov Nəcəfov bildirdi ki, qaldırılan hər bir məsələ barədə rəhbərliyə məlumat veriləcək və həlli istiqamətində addımlar atılacaq.
Elməddin Muradlı