Yol polisi olanda və olmayanda – Rəis də işə qarışdı - VİDEO
Əslində mənim də övladım həmin məktəbdə təhsil alır və artıq 2 gündür onu özüm dərsə aparıb-gətirirəm. Başqaları kimi mən də avtomobili məktəbin düz qapısında, pilləkənlərin yanında, avtobus dayanacağında saxlamadım. Dünən Mikayıl Müşfiq küçəsində saxlayıb yeraltı keçiddən keçib gəzə-gəzə məktəbə gəldik. Bu gün isə Ələsgər Ələkbarov küçəsində - "Space" TV-dən üzü Mikayıl Müşfiq küçəsinə olan istiqamətdə saxladım. Çox rahat, heç kimə mane olmadan düşüb gəzə-gəzə gəldik dərsə. Və məktəbin 4 bir yanındakı tıxacı, tıxacı açmağa çalışan yol polislərini görüb dəhşətə gəldim.
Təqdim etdiyimiz bu videonu çəkəndən sonra biraz da müşahidə apardım. Məktəblərin həndəvərindəki tıxacın səbəbi bəlli oldu. Valideynlər! Uşaqlarını ərköyün böyüdən, özləri də ərköyün böyümüş valideynlər də var onların arasında. Onlar avtomobili düz avtobus dayanacağında park edirlər. Yol polisi yaxınlaşıb irad tutur, fotosunu çəkib cərimə yazır. Biri deyir, "MVD işçisiyəm", o biri deyir, "XDMX-yə hörmət edin", o biri deyir, "hərbçiyəm", "polisəm", "prokuroram"... Amma etiraf edim ki, onların əksəriyyətinə elə yerindəcə protokol tərtib edildi. Hirsləndilər, yol polisini asıb-kəsdilər, "xox" gəldilər. Amma artıq cərimə yazılıb. Bəlkə sabah bu əməli təkrar etməzlər. Amma onlar dərk etmirlər ki, qayda-qanun hamı üçündür. Onlar dərk etmirlər ki, özlərinin və övladlarının rahatlığını düşünərkən başqalarını narahat edirlər. O paqonluların hamısı maşını dayanacaqda saxlayır, rahat şəkildə uşağı dərsə qoyub çıxıb gedirlər. Və onların bu hərəkətinə görə avtobuslar dayanacağa girə bilmir. Məlumdur ki, "Baku Bus" və digər şirkətləırin avtobusları dayanacağa daxil olmadan qapıları açmırlar. Qanunda da bu tələb var. Bəzi sürücülər isə dayanacaqları zəbt etdiyi üçün problem yaşanır. Bununla da avtobusdakılar işə, dərsə gecikir. İndi nə edək? Axı bu insanların maşın almağa imkanı yoxdur. Və sizin avtomobiliniz və paqonunuz var deyə camaatı narahat etməlisiniz?
Ərazidə kiçik bir eksperement keçirdik. Yol polis əməkdaşları məktəbin qarşısını tam təmizlədi, avtobuslar dayanacağa rahat daxil ola bildi. Bir müddət keçəndən sonra yol polisləri ilə birlikdə cəmi 30 saniyə kənara çəkildik. Videoya baxanda bu mənzərəni görəcəksiniz. Bu hələ yaxşı tərəfi idi.
Avtomobili ikinci, üçüncü zolaqda saxlayan valideynlər lap dəhşətlidir. Mən onları üç kateqoriyaya böldüm. Onların bəziləri özünə hörmət edir. Qısa müddətə maşını saxlayıb uşağı düşürüb hərəkəti davam etdirir. Yəni cəmi 5-10 saniyə vaxt itirir. Bəziləri isə 2-3-cü zolaqda saxlayıb uşaqla birlikdə maşından düşür və məktəbə daxil olur, uşağı sinifə ötürür, biraz valideynlərlər, biraz müəllimə ilə dərdləşib qayıdır. Yəqin anladınız ki, söhbət qadın sürücülərdən gedir. Bəli, onlar lap dəhşətli mənzərə yaradırlar. Videoda 2-3-cü zolaqda gördüyünüz avtomobillərin hamısının sürücüsü qadınlardır. Onların daha bir qismi isə maşını 2-ci cərgədə saxlamağa məcburdur. Çünki manevr etməyi hələ bacarmır, yəni, maşını tam olaraq sağa çəkə bilmirlər. Qorxurlar ki, səkiyə dəyəcək. Hansı ki, maşınla səki arasında 3-4 metr məsafə olur. Onlar isə maşını 2-3-cü zolaqda saxlayır, maşında uşaqla söhbət edir, tapşırıq verir, tövsiyyə verir, sonra qucaqlaşıb opüşürlər, sonra maşından düşüb baqaıdan uşağın çantasını götürüb çiyninə taxmağa kömək edir. Və bununla iş bitmir. Onlar bir daha qucaqlaşıb opüşəndən sonra uşaq maşından uzaqlaşıb məktəbə yaxınlaşır. Valideyn maşın oturur. Yox. Sürüb getmir. Hələ uşağa əl yelləyir. Və baxır, baxır, baxır... Uşaq məktəbin binasına daxil olandan sonra sürüb gedir. Özü də necə. Asta-asta, qorxa-qorxa...
Yol polisləri belələrinə yaxınlaşıb cərimə yazmaq istəyəndə aləm bir-birinə dəyir. Hamısı vəzifəli şəxs çıxır, hamısı hay-küy salır. Yol polisi də onlara qayda pozduqlarını elə uşaqların yanında izah edir. Və bu valideynlər anlamırlar ki, bununla onlar öz övladlarına pis nümunə olurlar.
Ərazidə xidmət aparan yol polisləri ilə müşahidə aparırıq. Səhər saat 8-ə 20 dəqiqə qalıb. Vəziyyətdən çıxış yolunu müzakirə edirik. Təklif olunur ki, Fəxri Xiyabanla 20 nömrəli məktəbin arasındakı yol birtərəfli olsun. Sonra təklif səslənir ki, məktəblə FHN arasındakı yol açılsın. Amma burada da ortaq nöqtə tapılmır. Bu zaman Yol-Patrul Xidməti Alayının komandir müavini, polkovnik-leytenant Raif Süleymanovun radioqəbuledicidə səsi eşidilir. Tabe olmayan sürücülərin saxlanması, sıxlıq olan yerlərə nəzarətin gücləndirilməsi barədə göstərişlər verir. Elə bu anda Bakı şəhər DYP-nin rəisi, polkovnik Nüşrəvan Səfərovun səsi gəlir. Bütün komandir heyətinə göstəriş verir.
- Təbriz küçəsinə 2 naryad göndərin, 84-ün yanına nəzarəti gücləndirin...
Səhərin bu vaxtı rəis artıq küçə və prospektkləri gəzib və vəziyyəti bilir. Nəzarət nə qədər gücləndirilsə də, yol polisi 2 dəqiqə kənara çəkilən kimi sürücülər aləmi bir-birinə qatırlar. Hamı məktəbin qarşısında dayanmaq istəyir. Heç kim 100-150 metr aralıda maşından düşüb canına əziyyət vermək istəmir. İnsanlar get-gedə daha da tənbəl və eqoist olurlar. Yalnız özlərini düşünürlər. Lakin bu, cəmiyyətdə heç də yaxşı hal kimi qəbul olunmur.
Videoya diqqətlə baxsınlar. Bu yazını diqqətlə oxusunlar. Özlərinə kənardan baxırmış kimi olacaqlar. Görəcəklər, hiss edəcəklər. Amma sabah eyni vəziyyət yenə təkrar olunacaq...
Elməddin Muradlı