Yol polisi qəza törədən sürücüyə müştəri kimi baxır

Yol polisi 18 Mart 2015 22:50 Oxunub 5807
Yol polisi qəza törədən sürücüyə müştəri kimi baxır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhz bu səbəbdən qəza törədən sürücülər öz aralarında razılığa gəlib gizlənirlər

Yazının başlığını oxuyub «hə, məndən də pul aldılar» deyənlər yəqin ki, az olmayacaq. Çünki qəza törədib yol polisinə işi düşənlər lazımı sənədləri heç də könül xoşluğu ilə ala bilmirlər. Hələ bunun rəsmi cəriməsi də var. Son vaxtlar belə mənzərə geniş yayılıb: biri qəza törədir, hadisə yerinə polis gəlir, heç nə araşdırmadan, ölçü-biçi aparmadan hər iki sürücünün sənədlərini alıb qoyur cibinə və «səhər gələrsiniz idarəyə» deyib gedir. Ertəsi gün idarəyə gednlərin bəziləri həmin inspektoru orada tapa bilmirlər, soruşanda da deyirlər ki, ərazidədir, gözlə.

Qəzaya düşən sürcü onsuz da yetərincə ziyandadır, vaxtını və əsəblərini itirib. Üstəlik əzilmiş avtomobilini düzəltdirməlidir. Bəzi sürücülərin qazancı maşınından çıxır. Ümumiyyətlə isə heç kim əzilmiş maşını belə vəziyyətdə çox saxlamaq istəmir. Yol polisi də bunu bilir və bəziləri süründürməçilikdən faydalanmağa çalışır. Qəza törədən sürücü istəyir ki, rəsmiləşdirmə tez başa çatsın, sənədlərini alsın və gedib maşınını cərimə meydançasından çıxarıb təmirə aparsın. Zərəçəkmiş sürücü isə icbari sığorta ödənişini almaq üçün lazım olan arayışı almaqdan ötəri bəzən dəfələrlə yol polisi orqanına gedib-gəlməli və saatlarla gözləməli olur.

Bir neçə ay öncə Qaradağ rayonunda bir qəza baş vermişdi. Sürücü uzaqdan-uzağa tanış idi. Kömək üçün müraciət etmişdi. Bildirirdi ki, Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsində qəza üzrə inspektor sığorta şirkətinə sənəd vermək üçün tələb olunan arayışı vermək istəmir. Daha doğrusu, bunun müqabilində 400 manat pul istəyir. Sürücü məcburi köçkün idi. Qazancı da o maşından çıxırdı. Neçə gündür sənədləri qaydaya sala bilmədiyi üçün işindən-gücündən olmuşdu. Həmin inspektorla əlaqə saxladıq. And-aman elədi ki, pul istəməyib. Sürücü ertəsi gün gedib ona yaxınlaşdıqda acığa düşüb arayışı poçtla göndərəcəyini demişdi. Nəticədə həmin sürücü bu sənəd düz bir aydan sonra ünvana çatmışdı.

Təkcə Qaradağ rayonunda yox, DYP şöbələrinin çoxunda belə halların olmasına dair məlumatlar eşidirik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsində də sığorta arayışının təmənnasız verilmədiyini söyləyirlər. Hətta bir qədər təkid edən, səs-küy salan sürücülərə deyirlər ki, bu arayışı “qaydadan” kənar almaq üçün  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Əlövsət Şamilovun şəxsi xeyir-duası olmalıdır, çünki bu idarədə qəzalarla bağlı məsələ onun kurasiyasındadır. Bizə müraciət edərək adlarının anonim qalmasını istəyən sürücülər bu iş müqabilində tələb olunan konkret məbləğləri də söyləyirlər, lakin əlimizdə dəqiq faktlar olmadığından bunu yazmırıq və düşünürük ki, DYP-nin rəhbərliyi və şəxsən Əlövsət Şamilov bu məsələyə aydınlıq gətirəcək.

Yol-nəqliyyat hadisələri ilə bağlı süründürməçilik və qanunsuzluqlardan danışılarkən adı xüsusilə hallanan şəxslərdən biri  Bakı şəhər DYP İdarəsinin Şahin adlı inspektorudur. Bu inspektorun hətta “xüsusi” istedada malik olduğunu söyləyənlər də var. O, hadisə yerində heç bir ölçmə və müayinə aparmadan, bəzən hətta  hadisə yerinə baxmadan hadisəyə hüqquqi qiymət verir. Özü də çox maraqlı qiymət: deyilənə görə, Şahin müəllim perspektivi düşünərək, hadisə iştirakçılarından hasının təqsirkar, hansının isə zərərçəkmiş kimi “faydalı” olduğunu müəyyən edir və bundan sonra hadisəyə “əsaslandırılmış” hüquqi qiymət verir. Bu yaxınlarda da belə olmuşdu. Ölkədə tanınmış şəxslərdən birinin düşdüyü qəza yerinə gələn Şahin bəy hadisə yerini müayinə etmək üçün lazım olan avadanlıqları, ləvazimatları olmadan, heç bir dəqiq ölçü-biçi aparmadan qərar verir ki, günah həmin tanınmış şəxsdədir. Bu qəza kameranın görüntü sahəsində baş vermişdi. Tanınmış şəxs kostyumda olub, qalstuk taxıb. Şahin müəllim deyib ki, müəllim, siz içki qəbul etmisiniz. Müəllim də əsəbləşib ki, qəza törədən kənarda qalıb, məni niyə yoxlayırsan? Şahinin cavabı bu olub ki, adətən, qalstuk taxanlar içkili olur…

Bir aylıq get-gəldən sonra Şahin səhvini boynuna alır və məlum olur ki, günah həmin müəllimdə deyilmiş. Axırda, müəllimin maşınının təmirini Şahin özü həll etməli olur…

Deyilənə görə, Şahinin belə səhvləri çox olur. Təxminən bir ay əvvəl də tanış adamlardan birinin maşınını arxadan vurmuşdular. Qəzaya səbəb ara məsafəsinin düzgün seçilməməsi idi. Bu halda inspektor protokolu yazıb müvafiq sənədləri sürücüyə verməli idi. Amma bir neçə gündən sonra Şahini tapıb qəbuluna düşən sürücdən 200 manat «şirinlik» istəyiblər. Bu maşının təmir xərci isə cəmi 300 manat hesablanıbmış. Sığortanın bu maşının təmirinə verdiyi 300 manat pulun 200 manatını yol polisi öz halal haqqı sayırmış. Qəzadan sonra yolu DYP-yə düşən bir neçə sürücü ilə söhbətimizdən belə məlum oldu ki, yol polisi öz haqqını almamış heç kəsə sənədləri vermək istəmir. Hətta bəzən elə olur ki, sürücü sığortadan aldığı məbləğı inspektora göndərir və özünə itirlmiş vaxt, gərilmiş əsəblər  qalır. Bunu etmək istəməyənlər isə  süründürməçiliklə, yeni bəhanələrlə üz-üzə qalırlar.

Şahin adlı inspektorun əhvalatları bununla bitmir. Deyilənə görə o, qəzaya düşən hər iki sürücüyə müştəri gözü ilə baxır. Kiminsə etirazı olduqda isə dərhal Əlövsət Şamilovun adını çəkir və məslənin ondan asılı olduğunu söyləyir.

Martın 13-də Bakıda baş vermiş yol qəzasını araşdırmağa da həmin Şahin gəlib. Qəzada zərər çəkən Xədicə Əliyeva Avtosfer.az-a bildirib ki, martın 13-də, saat 17:45-də Bakı şəhəri, M.Mehdizadə küçəsində 3 maşının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. «Mersedes A Class» markalı avtomobilində dönmə işiğını yandıraraq gözləyən Xədicə Əliyevanın maşınını əks istiqamətdən gələn maşın vurub. «Mersedes» markalı, 10 ST 991 dövlət nömrə nişanlı avtomobil əvvəlcə «Buik Laccrosse» markalı avtomoblə dəyib, sonuncu maşın isə Xədicənin maşını ilə toqquşub. Qəza yerinə Şahin adlı inspektor gəlib. Xədicə deyir ki, günah «Mersedes» markalı avtomobilin sürücüsündə olduğu halda Şahin ona bildirib ki, get, öz maşınını təmir elətdir: «Hadisə yerində olanda mənə iki boş kağıza qol çəkdirdi. Sonra qəza törədən sürücünü müdafiə etməyə başladı, amma mənə dəyən ziyanın ödənilməsindən danışan olmadı».

Qəza törədən sürücüyə yol polisi orqanlarında müştəri kimi baxılması səbəbindən əksər hallarda sürücülər qəza törədəndə ya qaçırlar, ya da öz aralarında razılığa gəlib məsələni gizli saxlayırlar. Səbəb də budur: sürücülər düşünür ki, yol polisi bilsə, onların xərci alacaqları sığorta ödənişini və düşdükləri ziyanı aşacaq. Hələ bunun süründürməçliyi, «bu gün get, sabah gəl», «inspektor ərazidədir» kimi bəhanələr də var. Ona görə də də bu gün sürücülər arasında sorğu keçirsək, məlum olacaq ki, qəza yerinə yol polisi çağırmaq, özləri yol polisinə getmək əvəzinə, qəza baş verdikdə yol polisindən qaçıb gizlənmək istəyənlər daha çoxdur.

 

P.S. Çox təəssüflər olsun ki, yol polisi sıralarında Şahin və onun kimilər çoxdur. Sürücülər də məhz onların əməllərinə görə dövlət orqanından narazı qalırlar. 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh