Yol polisi rəisi müəllimləri mükafatlandırdı – Təbliğata görə - FOTOLAR
Bu gün Bakıdakı 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində "Uşaqlar və yol təhlükəsizliyi" adlı layihənin davamı olaraq növbəti tədbir keçirilib. Tədbirdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı uşaqların maarifləndirilməsindəki xidmətlərinə görə Bakıda fəaliyyət göstərən orta məktəblərin və uşaq bağçalarının 19 müəlliminə DİN Baş Dövlət Yol Polisi İdarəsinin fəxri fərmanları təqdim olunub. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun imzası ilə hazırlanmış fəxri fərmanları müəllimlərə Baş İdarənin rəis müavini, polkovnik Mübariz Şahbazov və idarənin şöbə rəisi, polkovnik Kamran Əliyev təqdim ediblər.
46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin müəllimi Fəridə Süleymanova layihə barədə məlumat verərək bildirib ki, indiyə qədər bir çox məktəblər və uşaq bağçaları bu aksiyaya qoşulub və müsbət nəticələr əldə edilib: "Uşaqlar yol hərəkəti qaydalarını öyrənməyə həvəslidirlər. Onlar öyrəndiklərini valideynlərinə də öyrədirlər. Uşaqlar arasında təbliğat müsbət nəticələr verir. Şadam ki, artıq biz tək deyilik və başqa tədris ocaqları da bu işə qoşulublar. Gələcək layihələrdə daha çox məktəbi bu işə cəlb etməyi düşünürük".
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov isə bildirdi ki, təbliğat işinin aparılmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşür: "Biz müəllimlərlə qürur duyuruq. Uşaqlara yol hərəkəti qaydalarını öyrətdiklərinə görə onlara təşəkkür edirik. Mən mükafat alan müəllimləri təbrik edirəm və görürəm ki, bu işə həvəsi olan müəllimlərin sayı çoxdur. Biz Baş İdarə olaraq onlara hər cür dəstək göstərməyə hazırıq. Təki yollarımızda qəzalar olmasın, insanlar dünyasını dəyişməsin, yaralanıb şikəst qalmasın. Ən əsası da, uşaqları yol qəzalarından qoruyaq. İnanın ki, hər bir yol qəzası, qəzada həlak olan, yaralanan insanlar olanda onları tanımasaq belə bu cür hadisələr bizi çox sarsıdır".
Mübariz Şahbazov bildirib ki, bu gün uşaqların yol hərəkəti qaydalarını öyrənməsi ümidvericidir: "Onlar bizim gələcəyimizdir. Görülən işlər çoxdur. Bu o deməkdir ki, vaxt, zaman boş yerə getməyib. Amma biz yol hərəkəti təhlükəsizliyini o səviyyəyə qaldırmalıyıq ki, yollarımızda faciə baş verməsin, insanlar ölməsin, yaralanmasın. Bunun üçün də hamımız çalışmalıyıq".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə qeyd etdi ki, əvvəllər təbliğat işinə dəstək verənlər az idisə, bu gün böyük bir komanda yaranıb. Burada müəllimlərin də rolu böyükdür. Vaqif Əsədov qeyd edib ki, rəhbərliyin göstərişi ilə DYP bundan sonra təbliğat işlərini daha da genişləndirəcək.
Elməddin