Yol polisi sürücü və piyadalara qarşı reyd keçirdi; axırı belə oldu - VİDEO
Yol polisi Bakıda ən qarışıq prospektlərdən biri sayılan Qara Qarayev prospektində reyd keçirib. Reyddə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, Nizami rayon DYPŞ-nin əməkdaşları, həmçinin Qafqaz Universitetinin tələbələri iştirak edib. Avtosfer.az-ın məlumatına görə, «Neftçilər», «Qara Qarayev» və «Xalqlar Dostluğu» metrostansiyalarının, «Diglas» Ticarət Mərkəzinin qarşısında keçirilən reydin əsas məqsədi avtobus dayanacaqlarını zəbt edən taksi sürücülərini, dayanma-durma qaydalarını pozanları, dayanacaqdan kənarda saxlayan avtobus sürücülərini və keçiddən keçməyən piyadaları maarifləndirmək və inzibati məsuliyyətə cəlb etməkdir.
Tələbələrin və yol polisi əməkdaşlarının müdaxiləsindən sonra qeyd olunan metrostansiyaların ətrafında hərəkət normal qaydada tənzimləndi, dayanacaqlar taksilərdən təmizləndi, piyadalar isə keçidlərdən istifadə etməyə başladılar. Lakin təəssüf doğuran hal bu oldu ki, yol polisləri həmin ərazini tərk edəndən bir qədər sonra yenə əvvəlki biabırçı mənzərə yarandı.
Piyadalar keçidlərin uzaq olduğunu əsas gətirərək məcburən yolun qadağan olunmuş hissəsinə çıxdıqlarını desələr də, məlum oldu ki, yaxınlıqda da keçidlər tikilib. Lakin geniş və rahat keçidlərdən istifadə edənlərin sayı az idi. Tələbələr qısa müddətdə piyadalara istiqamət verərək onları keçidlərə yönəltdilər. Lakin yenə də sanki maşınların arası ilə gizlənib yolu keçməyə çalışanlar oldu.
Bundan əlavə, avtobus dayanacaqlarını zəbt edən taksi sürücüləri reyd keçirildiyini gördükdə qaçmağa çalışdılar. Lakin DYP əməkdaşları ümumilikdə 37 taksi sürücüsünə inzibati protokol tərtib etdi. Həmçinin, avtomobilin yanında olmayan, ikinci cərgədə saxlayan 76 sürücünün avtomobili evakuasiya edildi.
Piyadalar arasında cərimələnənlər də oldu, qaçıb gizlənənlər də. Yol hərəkəti qaydalarını pozan sürücülərə ümumilikdə 100-ə yaxın inzibati protokol tərtib edildi.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, tələbələrin də reyddə iştirakı faydalıdır: «Tələbələr qayda pozan sürücüləri, piyadaları tənbeh edir, onlara doğru yolu göstərir və başa salırlar. Bunun nəticəsi müsbətdir. Lakin təəssüf edirəm ki, biz qayda-qanunu təmin edib ərazidən uzaqlaşan kimi yenə də əvvəlkitək qarışıqlıq yaradırlar. Bu da insanların şüuru ilə bağlıdır. Görünür, 30-60 yaş arasında olan qadın və kişilər xoşlayır ki, övladı yaşında olan uşaqlar gəlib onları tənbeh eləsin, yol göstərsin. Yəni, insanların bu cür təfəkkürlə yanaşması sanki özlərini aldatmağa bənzəyir».
Vaqif Əsədov bildirib ki, xüsusən taksi sürücüləri cərimə olunsalar belə, sonradan yenə də avtobus dayanacaqlarını zəbt edirlər. Bu da avtobusların yolun hərəkət hissəsində dayanmasına səbəb olur. Beləliklə də, sərnişinlərin həyatına təhlükə yaranır, yolda sıxlıq yaşanır: «Yəni, 2-3 taksi sürücüsü müştəri gözləyib pul qazanacaq deyə yüzlərlə insan onların əməlindən əziyyət çəkir, təhlükə yaşayır».
Vaqif Əsədov bildirib ki, bu cür tədbirlər davamlı olacaq: «İnsanlar bu cür tədbirlərdən sonra bir qədər məsuliyyətli olurlar. Ona görə də, qərara gəlmişik ki, belə reydləri tez-tez keçirək».
Elməddin