Yol polisi yaxşılıq etdi, sürücülər onu aldatdı - Azərbaycanda
Azərbaycanda Şamaxı-İsmayıllı yolunda xidmət aparan yol polisi zabitinin başına maraqlı hadisələr gəlib. Onun Avtosfer.az-a danışdığı hadisələr vətəndaşların DYP əməkdaşının etdiyi yaxşılıqlardan sui-istifadə etməsi və yaddaşda mənfi iz buraxması ilə bağlıdır. Həmin polis əməkdaşı bildirib ki, ötən il qarlı-şaxtalı havaların birində Şamaxı rayonu ərazisində xidmətdə olarkən «VAZ» markalı avtomobilin yoldan çıxaraq uçuruma yaxın ərazidə dayandığını görüb: «Həmin avtomobilə yaxınlaşdım ki, görüm, nə baş verib. Məlum oldu ki, avtomobildə nasazlıq yaranıb və işə düşmür. Həm də sürüşərək yoldan kənara çıxıb. Maşında qadınlar, uşaqlar var idi. Üşüyürdülər. Bürünüb oturmuşdular, titrəyirdilər. Çox çalışsam da, maşını işə sala bilmədik. Həmin ərazidə bir usta yaşayır. Özünün «Niva» markalı maşını var. Onun işi elə adətən belə soyuq havalarda başlayır. Yolda qalın maşın olanda onu çağırırlar. Mən də gecə yarısı olsa da, zəng edib dedim ki, yolda qalan var, gəl, kömək elə. O da sözümü yerə salmadı Usta gələndə mən çıxıb getdim. Posta yenicə çatmışdım ki, usta zəng etdi. Telefonda dedi ki, komandir, maşını düzəltdim, işə saldım. Amma sürücü deyir ki, pulu yol polisləri verəcək. Bir anda dəhşətə gəldim. Fikirləşdim ki, mən bu adama yaxşılıq etdim, bu da qarşılığı. Ustaya dedim ki, heç yana getməyin, gəlirəm. Elə postdan çıxmağa hazırlaşırdım ki, usta zəng vurub dedi, komandir gəlmə, sürücü səhvini başa düşdü, 10 manat verib getdi».
Həmin zabitin başına gələn daha bir təəssüf doğuran hadisə də yol polisinin yaxşılığına pis cavabdır: «Mən özüm QAZ-24» markalı maşın sürürəm. İşə gedəndə gördüm ki, yolda «QAZ-24» dayanıb, sürücü təkəri açıb. Saxlayıb soruşdum ki, nə olub. Sürücü dedi ki, təkər partlayıb, ehtiyyat təkəri də yoxdur. Məndə ehtiyyat təkər var idi. Açıb ona verdim ki, bağla, sür get. Mənə xeyli alqış elədi, təşəkkürünü bildirdi. Söz verdi ki, bir-iki günə yenidən buradan keçəcək, təkəri necə qaytara bilər? Dedim, məni burada görməsən də, təkəri qoyarsan postda, gəlib götürəcəm. And-aman elədi ki, mütləq gətirəcəm, sənə rayondan pay da təşkil edəcəm. Dedim, pay lazım deyil, təkəri gətirərsən. Üstündən iki həftə keçdi, bir ay tamam oldu, bundan xəbər çıxmadı. Düz, 3 aydan sonra yolda xidmət zamanı gördüm ki, həmin maşın gəlir. Saxlatdırdım. Baxdım ki, mənim verdiyim ehtiyyat təkər maşının üstündədir. Soruşdum ki, təkəri niyə qaytarmadın? Heç nə demədi. Dedim, indi aç təkəri, yaxşı yol. Sənə yaxşılıq düşmür».
Həmin polis zabiti uzun illərdir DYP sistemində çalışır və yaxşı ad-san qazanıb. Adının çəkilməsini istəmədi. Lakin bildirdi ki, sürücülər yol polisinin onlara etdiyi bu cür yaxşılıqdan bəzən sui-istifadə edir, hətta, onları borclu çıxarır: «Belə hallarla üzləşəndə adam etdiyi yaxşılığa görə peşman olur. Lakin biz yenə də işimizi görürük. Köməyi ehtiyacı olan varsa, edirik. Ancaq sürücülər də bundan sui-istifadə edib bizdə pis hislər yaratmasınlar».
Elməddin Muradlı