Yüngül qəza törədib hadisə yerini tərk edənlərə cərimə yazıla bilərmi? – Qanun “YOX” deyir, amma...

Yol polisi 31 Yanvar 2023 15:59 Oxunub 4482
Yüngül qəza törədib hadisə yerini tərk edənlərə cərimə yazıla bilərmi? – Qanun “YOX” deyir, amma...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yüngül qəza keçirən sürücü əsassız yerə cərimələnməsi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. Sürücü Emil Agammədov Avtosfer.az-a bildirib ki, hadisə nəticəsinə avtomobillərin buferi yüngül zədələnmişdi. Qəza yüngül olduğu üçün sürücülər öz aralarında razılığa gəlib: "Günah məndə olduğu üçün və təxmini 20 manat zərər vurduğum üçün öz aramızda razılığa gəldik. Mən dəymiş zərəri yerindəcə ödəyərək sağollaşdım. Bir neçə gündən sonra Dövlət Yol Polisi İdarəsindən zəng edərək hadisə yerindən yayındığımı bildirdilər. Mən idarəyə getdim və məlum oldu ki, zərərçəkən sürücü də izahatında şikayətinin olmadığını bildirib. Buna baxmayaraq polis əməkdaşı mənə hadisə yerindən yayındığıma görə cərimə yazdı" - deyə sürücü bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddənin "Qeyd" hissəsinin 7-1-ci bəndində qeyd olunub ki, "Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir".

Bu o deməkdir ki, sürücülər öz aralarında razılığa gəliblərsə təqsirkar sürücü törətdiyi xətaya görə cərimə edilə bilməz. Yəni istənilən yol-nəqliyyat hadisəsi ağır nəticələnirsə və ya sürücülər arasında mübahisə varsa, mütləq yol polisinə müraciət etmək lazımdır. Lakin heç bir tərəf mübahisə yaratmırsa və zərər azdırsa o zaman hər iki sürücü hadisə yerini tərk edib öz işlərini həll etməyə gedə bilərlər.

Qanuna görə, hətta zərər 1000 manatdan azdırsa o halda sürücülər sığortaya müraciət edib ödənişi də ala bilərlər. Lakin hazırda sistem elə qurulub ki, sığorta şirkətləri yol polisinin Forma-4 arayışı olmadan ödəniş etmək istəmir. Yəni bununla bağlı qanunvericilikdə təkmilləşməyə ehtiyac var. Sığorta şirkətlərinin qanuna əməl etməsinə də nəzarət olunmalıdır.

Ümid edirik ki, bu materialdan sonra yol polisi sürücüyə yazdığı cəriməni silmiş olacaq.

Ancaq maraqlı sual ortaya çıxır. Qəza baş veribsə tərəflərdən birinin səhvi, yəni qayda pozuntusu nəticəsində olub. Məsələ burasındadır ki, bu yaxınlarda başqa bir sürücü də yol polisi tərəfindən eyni suallara məruz qalıb. Yolda iki avtomobil toqquşub. Sürücülər düşüb baxıblar ki, yalnız nömrələr bir-birinə sürtünüb. Sıxlıq yaranmasın deyə hər iki sürücü bir-birinə nömrə verərək oradan uzaqlaşıb. Evə çatan kimi sürücülərdən birinə DYP-dən zəng gəlib ki, nə üçün hadisə barədə 102-yə məlumat verməmisiniz? Sürücü bildirib ki, qəza yüngül idi və öz aralarında həll ediblər. Yol polisi irad bildirib ki, hadisə yerindən yayınmaya görə cərimə olacaqsız. Sürücü isə qanunda belə bir halın olmadığını dedikdə yol polisi “bəs ara məsafəsinə nə deyirsən? Ara məsafəsi saxlamadığına görə cərimə yazılacaq” deyib və sonradan həmin sürücüyə də hadisə yerindən yayınmaya görə 100 manat cərimə yazılıb.

Burada iki sual yaranır; hadisə yerindən yayınmaya görə elektron qərar qəbul etmək qanunda nəzərdə tutulubmu? Əslində, yox.

Digər tərəfdən, yol polisi “ara məsafəsi”ndə söhbətində haqlıdırmı? Bəli. Çünki ola bilsin, qəzanın baş verməsində ara məsafəsi, yolayrıcını keçmə qaydasını pozmaq, qarşı yola çıxmaq və digər bu kimi qayda pozuntuları səbəb olub. O halda bəli, yol polisi tam haqlı olaraq sürücüyə həmin qayda pozuntusuna görə cərimə yaza bilər. Amma bu cərimənin yazılması qanunda nəzərdə tutulan hallarda baş verməlidir.

 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh