Reklam

Yol polisindən sərxoş halda maşın sürən xanımlara sərt xəbərdarlıq

Yol polisi 20 Mart 2015 20:05 Oxunub 3410
Yol polisindən sərxoş halda maşın sürən xanımlara sərt xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Hər bir sürücü qanunun tələblərinə riayət etməli və sükan arxasında qadınlığını unutmalıdır»

 

Orxan Oruczadə: «Bu davranışları ilə onlar cəmiyyətimizin qəbul etdiyi “ideal qadın” obrazından tamamilə uzaqdırlar»

 

Son vaxtlar mətbuatda sərxoş halda avtomobil idarə etdiyi üçün saxlanılan xanım sürücülərlə bağlı xəbərlərin sayı çoxalıb. Avtomobili sərxoş idarə etmələrinə, qəza törətmələrinə baxmayaraq, polisə müqavimət göstərən, hadisə yerindən uzaqlaşan xanımlar da olur və belə hallar efirlərdə dəfələrlə işıqlandılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov “Üç nöqtə”yə bildirdi ki, sərxoş xanım sürücülərin sayı çoxalıb: “İlin əvvəlindən martın 15-nə qədər Bakı şəhəri üzrə 173770 inzibati protokol tərtib edilib. Onlardan 47930-u mərkəzi məlumat xidməti (MMX) vasitəsilə avtomatik qeydə alınan fotomateriallardır. 3226 protokolda sərxoş vəziyyətdə avtomobili idarəetmə faktı aşkarlanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə 370 protokolun artıq olmasının şahidi oluruq. Sərxoş sürücülərin müqayisəsini aparanda xanımların da çox olduğunu görürük. Avtomobil idarə etmək bizim xanımlara yaraşır, amma sükan arxasında sərxoş halda avtomobilin idarə edilməsini xanımlarımıza yaraşdırmırıq. Görünür, xanımlarımız sükan arxasında diqqətli olmağın vacibliyini unudurlar. Bu da yaxşı hal deyil. Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsinə qarşı bizim əməkdaşlarımız tərəfindən tez-tez reydlər keçirilir. Arxayın olmasınlar ki, xanımlığından istifadə edərək avtomobili istədikləri kimi idarə edə bilərlər. Ölkədə 40-50 min arası sürücü xanımlar var. Qanun hər kəs üçündür. Hər bir sürücü «Yol hərəkəti haqqında» qanunun tələblərinə riayət etməlidir. Sükan arxasında qadınlığını unutmalıdır».

V.Əsədovun sözlərinə görə, bütün bunlarla yanaşı, spirtli içki qəbul edəndən sonra ayıq sürücü xidmətindən istifadə edənlərin sayı artıb. Lakin bu xidmətdən daha çox kişilər istifadə edirlər: “Xanımların ayıq sürücü xidmətindən istifadə etməsinin şahidi olmamışam. Çünki xanımın içki qəbul etməsini və ayıq sürücü çağırıb “məni evə apar” deməsini hələ də təsəvvür edə bilmirik. Bu, bizim mentalitetimizə yaddır. Saxlanılan sürücü sərxoşluğunun dərəcəsinin yoxlanılması üçün müayinədən keçirsə, utanmadan ayıq sürücü xidmətindən istifadə etməlidir. Amma etmirlər. İlin əvvəlindən bu günə qədər 100-dən artıq xanım sürücü sərxoş halda saxlanılıb. Hətta KİV-də bir çoxları işıqlandırılıb”.

Vaqif Əsədov onu da bildirdi ki, bayram günlərində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: “Kimliyindən asılı olmayaraq saxlanılan sürücü sərxoşdursa, heç bir güzəştə getmədən barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görüləcək. Sükan arxasında olan qadın və ya kişi düşünməsin ki, hər hansı yolla müdaxilə edə biləcəklər, ya tapşırılacaqlar. Qanun alidir və orada göstərilənlərə uyğun xidmət aparılır. Dərəcəsindən asılı olmayaraq sükan arxasında spriti içkinin qəbul edilməsi çox təhlükəlidir. Ona görə də, diqqətli olsunlar. Çalışsınlar spirtli içki qəbul etməsinlər, ya digər sürücülərin köməyindən yararlansınlar, ya da həmin gün avtomobil idarə etməsinlər”. 

Psixoloq Orxan Oruczadə deyir ki, son vaxtlar tək sürücü olanlar deyil, eyni zamanda sürücü olmayan qadınlarımızın da içki və siqaretə meyli artır: «Bunun baslıca səbəbi bu cür qadınların öz azadlıqlarını nümayiş etdirmək həvəsindən irəli gəlir. Çox təəssüf ki, bəzi qadınlarımız “gender bərabərliyi” anlayışını kişilər kimi içki içmək, siqaret çəkmək və ya cinsi həyatlarını istədiyi formada yaşamaq kimi qəbul edirlər. Amma gəlin baxaq görək, bütün kişilər içki içib, siqaret çəkirmi? Təbii ki, yox. Deməli, “gender bərabərliyi” deyərkən yanlışlıqla sadaladığımız hərəkətləri etməyi düşünən və ya edən qadınlarımızın düşüncələrində olan kişi obrazı yanlışdır. Sözsüz ki, «içki içmək və ya siqaret çəkmək yalnız kişilərə aid davranış olmalıdır» düşüncəsi də yanlışdır. Ümumiyyətlə, zərərli vərdişlər onu edən şəxsin cinsindən asılı olmayaraq elə zərərli vərdiş olaraq da qalır. Ancaq bu cür davranışa sahib olan qadınlarımız unutmamalıdırlar ki, davranışları onlar üçün normal olsa da, bu davranışları ilə onlar cəmiyyətimizin qəbul etdiyi “ideal qadın” obrazından tamamilə uzaqdırlar. Amma onu da unutmayaq ki, ilk şalvar geyinən, ilk mobil telefon işlədən, ilk avtomobil sürən qadınlarımız da əvvəl heç də cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Demək ki, müasirlik adı verdiyimiz bir çox “qəbulolunmazlar” zaman keçdikcə adiləşir və “qəbulolunana” çevrilir. Bunu cəmiyyətin normal inkişaf problemləri kimi qəbul edə bilərik. Texnoloji, elmi inkisaf özü ilə problemlər də gətirirsə, o demək deyil ki, hər şeydən imtina etməliyik”.

Psixoloq içkili halda maşın sürən qadınların polisə müqaviməti və aqressiv davranışlarının səbəbindən də danışdı. Bildirdi ki, bu aqressiv davranışların kökündə onsuz da kişilərə nisbətdə bir qədər emosional olan qadının özündə əks etdirdiyi kişi obrazı ilə birgə şüuraltı reaksiyası və bəzən isə kimlərinsə onlarda yaratdığı “özünəəminlik” hissi durur: “Bu şüuraltı fəaliyyət, yaranmış aqressiya ya polisə qarşı ciddi müqavimət göstərilməsi ilə, ya da hadisə yerindən qaçmaqla davranış formasına keçir. Düşünürəm ki, müəyyən bir müddət tələb etsə də, qanun qarşısında hər kəs bərabərdir düşüncəsinin cəmiyyətdə formalaşdırılması cinsindən asılı olmayaraq bu cür aqressiyaların qarşısını almaq üçün atıla biləcək ən ideal addım olar”.

 

Aygün Asimqızı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh