Reklam

Yol polisindən sürücülərə bayram təbriki və XƏBƏRDARLIQ

Yol polisi 29 Dekabr 2017 23:07 Oxunub 2239
Yol polisindən sürücülərə bayram təbriki və XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yola nəzərində tutduqları vaxtdan ən azı bir saat əvvəl çıxsınlar ki, tələsməyə ehtiyac olmasın”

Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət ünvanlayıb. İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, bayram günləri ilə əlaqədər olaraq DİN rəhbərliyinin göstərişinə əsasən daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq: “Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti  gücləndirəcək. Bayram günlərində sükan arxasına əyləşən, xüsusilə uzaq məsafəli səfərlərə çıxan sürücülərin diqqətinə çatdırırıq ki, yol boyu diqqətli olsunlar, qaydalara ciddi riayət etsinlər. Bəzən bayramdan bir gün əvvəl insanlar işdən yorğun halda çıxıb ailə üzvləri, dostları, yaxınları ilə hansısa rayona, istirahət yerlərinə gedirlər. Bu o deməkdir ki, həmin sürücü axşam vaxtı ən azı 150-300 km məsafədə yol qət edəcək. İşdən sonrakı yorğunluq və gecə vaxtı avtomobil idarə etməyin çətinliklərinin nəzərə alınmaması, təəssüflər olsun ki, bəzən ağır qəzalara səbəb olur. Bildiyiniz kimi, gündüz saatlarından fərqli olaraq axşamlar görünüş xeyli məhdud olur. Üstəlik, qış aylarında yollarda yağıntı, yaxud duman da ola bilər. Digər tərəfdən, bayrama görə səfərə çıxanların sayının çox olması yollarda nəqliyyatın hərəkət intensivliyini artırır ki, bu da sürücünün avtomobili uzun müddət gərgin vəziyyətdə idarə etməsi deməkdir. Sözsüz ki, rayonlararası yollarda qarşıdan gələn nəqliyyat vasitələrinin tez-tez uzaq işıqlardan istifadə etməsi və digər amillər də istər-istəməz sürücüyə müəyyən şətinliklər yaradır. Odur ki, yola çıxarkən bu məqamlara diqqət yetirmək lazımdır. Heç kəs özünü, ailə üzvlərini fikrində tutduğu planlarının, istəklərinin qurbanına çevirməməlidir”.

Kamran Əliyev həmçinin bildirib ki, dekabrın 30-31, eləcə də yanvarın 4-5-də yollarda nəqliyyat sıxlığının müşahidə olunacağı ehtimal edilir: “Adətən bayramın ilk günü rayonlara, sonuncu günü isə rayonlardan Bakıya axın daha çox olur. Əksər sürücülər də yola çıxarkən vacib oldu-olmadı mənzil başına tez çatmaq üçün tələsir. Qəribədir, insan istirahətə, bayramlaşmağa gedəndə də tələsir, evə qayıdanda da. Bunları nəzərə alaraq, bir daha sürücülərə tövsiyə edirik ki, yola nəzərində tutduqları vaxtdan ən azı bir saat əvvəl çıxsınlar ki, tələsməyə ehtiyac olmasın, həm də mümkün qədər çalışıb qaranlığa qalmasınlar. Əgər kimsə hərəkət zamanı özündə yorğunluq və ya narahatlıq hiss edərsə, yol polisinin stasionar postlarında dayanıb fasilə edə bilər. Bunun üçün bütün postlarımızda xüsusi yerlər ayrılıb. Heç nədən çəkinmədən posta yaxınlaşıb biraz dincinizi alandan sonra rahat şəkildə yolunuza davam edə bilərsiniz”.

Yol polisi sürücülərə sürət həddini aşmadan, spirtli içkinin təsiri alıtlnda yola çıxmadan, ötmə-manevr qaydalarına əməl etməklə rahat, təhlükəsiz və uğurlu yol arzulayır, hər bir hərəkət iştirakçısını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı münasibətilə təbrik edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh