Yol polisindən xalq şairinin radar ittihamlarına cavab

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Bakı-Sumqayıt yolunda radarların çoxluğundan şikayət edib. Xalq şairi yol polisini itiham edərək bu halı “vətəndaşları ələ salmaq” adlandırıb. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Avtosfer.az-a açıqlamasında Sabir Rüstəmxanlının ittihamlarına cavab verib.
“Hörmətli xalq şairimizin Respublika yollarında quraşdırılan radarlarla bağlı narahatçılığının səbəbi bir qədər anlaşılmazdır. Çünki, istər ağsaqallarımız, istər cəmiyyət arasında tanınan şəxsiyyətlərimiz, ziyalılarımız, şairlərimiz, yazıçılarımız, elm və incəsənət xadimlərimiz həmişə daha çox insanların yol hərəkəti qaydalarını pozmalarını qınayıblar və hər kəsin öz ailəsinin yanına sağ-salamat çatması üçün qaydalara riayət etmələri ilə bağlı tutarlı tövsiyələr veriblər. Şairimizin yazısındakı anlaşılmayan əsas fikir isə radarların mövcudluğunu “biabırçılıq” adlandırmasıdır. Maraqlıdır, qayda pozuntusunun qarşısının alınması və bununla da yüzlərlə insan həyatının qorunması görəsən nə vaxtdan biabırçılıq hesab olunur? Görünür hörmətli şairimiz yazını qələmə alarkən Bakı-Sumqayıt yolunda sürət yarışına çıxan sürücülərin təqsiri üzündən baş vermiş faciəli qəzaları deyil, yalnız getdiyi avtomobildəki deyingən sürücüsünün mövqeyini nəzərə alıb.
Hörmətli Sabir müəllim, məlumat üçün bildirək ki, bu gün ölkəmizdəki nəqliyyat parkının 5 dəfə artması fonunda respublikamızda baş vermiş yol qəzalarının, onların nəticəsində ölən və yaralananların sayının azalmasında “biabırçılıq” adlandırdığınız cihazların olduqca böyük rolu var. Yəqin ki, bunu öz doğmalarını, yaxınlarını, əzizlərini yol qəzalarında itirənlər daha yaxşı bilər. Hər halda belə olmasa sakinlərdən öz yaşadıqları ərazidə israrla radar quraşdırılması ilə bağlı çox saylı tələblər də olmazdı.
Sürücülərin cərimələnməsinə gəlincə isə hələ Sizin Milli Məclisin deputatı olduğunuz dövrdə “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişikliyə görə yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır və düşünürük ki, yol boyu radarları sayarkən həmin nişanları da görməmiş deyilsiniz. Radarın mövcudluğunu bildirən nişana diqqət yetirməyən və sürət həddini aşan sürücü isə mütləq cəzalanmalıdır. Və təkcə sürücü yox, həm də onu nəqliyyat vasitəsini idarə etməkdən yayındıran sərnişin də. Qaydaları pozan hərəkət iştirakçısının etdiyi əmələ görə məsuliyyətə cəlb edilərək cərimələnməsi isə “pul tələsi” deyil, bütün sivil dövlətlərdə olduğu kimi şəxsin həmin əməli təkrar törətməməsi üçün inzibati təsir metodudur.”
Qeyd edək ki, bir müddət əvvəl Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlu ağır yol qəzasına düşüb. Qəza zamanı avtomobildə olan həyat yoldaşı dünyasını dəyişib.
Orxan
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










