Yol polisinin gözə görünməyən işləri
Şəxsən öz təcrübəmizdən deyə bilərəm ki, yol polisinin hansısa işinə ictimai dəstək olanda, maraqlı bir videosu yayılanda ondan da yaxşıları ortaya çıxır. Yəni, çoxu çalışır ki, daha yaxşı əməllərlə yadda qalsın. Zaman-zaman yol-patrul xidməti əməkdaşlarının müsbət keyfiyyətlərlə dolu görüntülərini də yaydıq və çox gözəl nəticə ortaya çıxdı. Tanıdığım və tanımadığım onlarla DYP əməkdaşı xidmətdə fərqlənməyə, yaxşıdan da yaxşısı olmağa çalışdı. Bu gün də çalışırlar ki, cəmiyyət onların işinə dəyər versin.
Axı hər kəs kimi onların da xoş sözə ehtiyacı var. Hərdən, qarlı-yağışlı havada, gecə yarısı yolda xidmət aparan DYP əməkdaşlarına yaxınlaşıb deyəndə ki, bəlkə yeməyə nəsə gətirim, bəlkə su təşkim edim, adama elə təəccüblə baxırlar ki... Hətta, bir dəfə bir inspektor dedi ki, sizin bu sözlərinizdən təsirləndim, elə bildim başqa ölkədəyəm...
Təsəvvür edin ki, onlar səhər saat 7-nin yarışında iş başında olurlar. Axşam 8-də isə hər hansı tədbir olmasa evə gedirlər. Əgər tədbir olsa gecə saat 1-ə qədər də iş başında olmaq zorundadırlar. Səhər isə yenə də eyni vaxtda işə gəlmək lazımdır.
Çoxları elə bilir ki, yol polisi qəddar, əcazil bir insandır. Xeyr. Onlar da bizlərdən biridir, bir ailənin üzvüdür, bir qadının əri, bir uşağın atası, bir ananın övladı, bir atanın ümid yeridir.
Nadir hallarda ola bilər ki, sürücü qayda pozsun, yol polisi də onu saxlatdırıb heç nədən söysün, incitsin, təhqir etsin və ya nəsə başqa hadisə baş versin. Adətən yol polisi yaxınlaşıb sürücüdən sənədləri tələb edir. Düzdür, bəzən özünü təqdim etmək, qayda pozuntusunu izah etmək yaddan çıxır. Amma sürücü tələb etdikdə izah olunur. Lakin sonra sürücü başlayır yuxarıdan getməyə, harasa zəng etməyə. Bununla da "Mən Həsən ağanın qohumuyam" kimi söhbətlər yaranır və demək olar ki, 10 sürücüdən 9-u bu söhbəti edir. DYP inspektorlarının yaxasındakı səsyazma qurğusuna bircə dəfə qulaq assanız bilərsiniz ki, respublikada "Həsən ağanın" nə qədər qohumu var.
Heç kim qayda pozuntusu ilə razılaşmaq istəmir. İstənilən halda hansısa yolla aradan çıxmağa çalışırlar. Eləsi var, şirin dillə danışıb cərimədən yaxasını qurtarır. Eləsi var, dayının, əminin adını çəkir, eləsi var, harasa zəng edir, eləsi də var ki, bunlar keçməyəndə şər-böhtana əl atır. Gözünü yumub ağzını açan sürücülərin sayı çoxdur. Onların səsi yazılır. Onlara cərimə yazıldığı üçün yol polisindən şikayət edirlər. "Yol polisi məni söydü, ürəyim getdi, mənəvi sarsıntı keçirdim, zor tətbiq elədi" və s. kimi iddilar saysız-hesabsız kifayət qədər olur. Adama sual verərlər ki, sən svetoforun qırmızı işığından keçirsən, sonra nə üçün başlayırsan, yol polisi papağını düz qoymamışdı? Onun papağının əyri olmasının sənin qayda pozuntuna nə dəxli var? Sən qayda pozmusan, zəhmət çək cəriməni ödə, polis də intizam qaydasını pozarsa şikayət et, cəzalansın. Amma “mən cəzalanıramsa qoy mənə cəza verən də əziyyət çəksin” deyib də bötan atmaq olar? Onsuz da hansı polislə bağlı şikayət daxil olsa, Daxili İşlər Nazirliyinin, eləcə də DYP-nin rəhbərliyi dərhal araşdırır və təsdiqi taparsa tədbir görür. Hər il onlarla polis əməkdaşı məhz belə şikayətlər əsasında sərt şəkildə cəzalandırılır. Onların arasında işini, vəzifəsini, rütbəsini itirənlər də olur.
Sürücülərdən daxil olan şikayərlərlə bağlı araşdırma zamanı təbii ki, səs və videoyazılar da ortaya çıxır. Bəzən "yol polisi məni söydü" deyən sürücülər araşdırma zamanı öz səs yazısına qulaq asandan sonra xəcalət çəkir, utandığından gizlənməyə yer axtarır. Sonda etiraf edir ki, əsəbi olub, ya da cərimə olunmamaq üçün yalana əl atıb.
İndi təsəvvür edirsinizmi? Bir inspektor gün ərzində hər tip insanla rastlaşır və bunların hər bir ilə ünsiyyətdə olur. Heç inana bilirsinizmi ki, günlərlə, həftələrlə ailəsinin, övladlarının üzünü normal görə bilməyən yol polisləri var? Evi-eşiyi Bakıda olan, amma respublikanın müxtəlif bölgələrində xidmət aparan yol polisləri var. Bəzən müxtəlif tədbirlərlə əlaqədar olaraq təhlükəsizliyi təmin etmək üçün avtomobil karvanını müşaiyət edirlər. Bu məqsədilə bölgələrə gedən DYP əməkdaşları insanların, yerli və xarici qonaqların rahatlığını qoruyurlar. Elə Bakının özündə tez-tez baş tutan tədbirlərə görə fasiləsiz iş başında olurlar. Onların xidmətlərinin yaxşı tərəfləri heç vaxt cəmiyyətə çatdırılmır. Əgər yol polisinə gün ərzində çoxlu şikayətlər daxil olursa, təşəkkür məktübları da daxil olur. İctimai qurumlar, xarıcı qonaqlar, yerli dövlət idarə və təşkilatları DYP-nin xidmətini yüksək qiymətləndirir, hansısa tədbirin keçirilməsində göstərdikləri yüksək keyfiyyətli xidmətə görə təşəkkür edirlər. Belə məktublar, müraciətlər sadə vətəndaşlar tərəfindən də edilir. Amma təəssüflər olsun ki, yol polisindən şikayətləri hamı çalışır ki, ictimailəşdirsin, təşəkkürlər isə kənarda qalır. Bəs nə üçün təşəkkürləri də mətbuata göndərməyəsiniz?.
Avtosfer.az saytı olaraq işıqlandırdığımız belə müraciətlərdən bir neçəsini sizlərə təqdim edirik:
Bu dəfə sürücü yol polislərinə təşəkkür etdi – Qəzadan sonra köməyə görə
Onlar yol polisinə təşəkkür edir – “Cəmi 10 dəqiqəyə tapdılar”
Ədaləti bərpa edən yol polisinə təşəkkürlər
Yol polisindən insanlıq dərsi – Sürücüdən alqış sədaları – VİDEO
Bakıda yol polisindən insanlıq dərsi – Xəstə aparan sürücünün etirafı
Bakıda yol polisindən insanlıq dərsi - FOTOLAR
Azərbaycanda yol polislərinin hərəkəti sürücünü göz yaşına boğdu - MÜRACİƏT
Yol polisi vəkilə cərimə yazdı - Əlini sıxıb təşəkkür etdi - Bakıda
Elməddin Muradlı