Yol qəzalarının sadə səbəbi varmış - Ehtiyyatsızlıq və özünəgüvənmə - VİDEO

Yol polisi 1 Mart 2017 08:16 Oxunub 9859
Yol qəzalarının sadə səbəbi varmış - Ehtiyyatsızlıq və özünəgüvənmə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayor Mərdan Mehdiyev yol hərəkəti iştirakçılarına çağırış etdi

Respublika əhəmiyyətli yollarda piyadalar, mal-qara ötürənlər, kənd təsərrüfatı texnikasının və küçə ticarətinin təhlükəsizliyinin təmini üzrə əhali arasında yol polisinin keçirdiyi maarıfləndirici tədbirlər davam edir. Növbəti tədbir DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının xidməti ərazisində - Abşeron, Qaradağ və Binəqədi rayonlarının ictimaiyyət nümayəndələri ilə keçirilib. Bələdiyyə sədrlərinin, yerli icra nümayəndələrinin, məktəb direktorlarının, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən tağım komandiri, polis mayoru Mərdan Mehdiyev əvvəlcə xidməti ərazi barədə məlumat verib. Bildirib ki, 3-cü tağımın ərazisi Bakı-Şamaxı-Yevlax yolunun 13,5 km-dən başlayaraq, 160-cı km.-ə qədər olan məsafəni əhatə edir. Bu da 6 rayonun Abşeron, Binəqədi, Qaradağ, Qobustan, Şamaxı və Ağsu rayonlarının ərazisini əhatə edir. 2016-cı ildə ərazidə 17 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. 2015-ci ildə isə 23 yol-nəqliyyat hadisəsi baş verib, 25 nəfər həlak olub, 14 nəfər yaralanıb: “Yol-nəqliyyat hadisələrinin əksəriyyəti ehtiyatsızlıq və özünəgüvənmə nəticəsində baş verib. Özünəgüvənmə o deməkdir ki, yollarda hərəkət edən zaman sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermək istəmir. Bunu özümüz də müşahidə edirik. Yəni sürücü özünə güvənir ki, qarşıdan gələn nəqliyyat vasitəsi mənə yol verəcək. Həmin sürücü də ona yol vermir, çaşqınlıq yaranır, nəticədə ağır yol-nəqliyyat hadisəsi baş verir”. 

Mal-qara sahibləri ilə bağlı yaşanan çətinlikdən danışan Mərdan Mehdiyev bildirib ki, heyvanların nəzarətsiz buraxılması həm qəzalara səbəb olur, həm də yoldan istifadə edənlər arasında pis təəssürat yaradır: “Bura respublika əhəmiyyətli yoldur. Azərbaycan respublikası gündən-günə inkişaf edir. Ölkəmizə çoxlu sayda xaricdən qonaqlar, turistlər, jurnalistlər gəlir. Binəqədi, Abşeron, Qaradağ rayonu ərazisində gözəl abadlıq işləri aparılıb. Görürsən ki, yolların kənarı gül-çiçəkdir, yanında isə inək otlayır. Bu heç cür qəbul olunan hal deyil. Bu qədər zəhmət çəkilib, bu qədər  vəsait sərf olunub, amma buna baxmayaraq insanlarımız belə məsələlərə diqqətsiz yanaşırlar. Ona görə də bu halların qarşısı qətiyyətlə alınmalıdır”. 

Mərdan Mehdiyev bildirib ki, vacib məsələlərdən biri də piyadaların yollarda hərəkəti ilə bağlıdır: “Əsasən məktəb direktorları, müəllimlərin diqqətinə çatdırmaq istəyirəm ki, uşaqlarla bu barədə geniş söhbətlər aparsınlar. Valideynləri xəbərdar etsinlər ki, uşaqlara biganə münasibət bəsləməsinlər. Onlar bilirlər ki, bunların uşaqları 1, 2,5-ci sinif şagirdləridir və məktəbə getmək üçün mütləq yol keçməlidir. Amma necə keçməlidir? Uşaq baxır ki, bu tərəfdən maşın gəlmir, qaçıb yolu keçir, o tərəfdən gələn maşının qabağına çıxır və qəza baş verir. Nəticədə uşaq ya həlak olur, ya da ağır bədən xəsarətləri alır. 

Yadınızdadırsa “28 may” qəsəbəsində keçən il ağır yol-nəqliyyat hadisəsi baş verdi. Piyada keçidində yük avtomobili gəlib saxlayıb, onun yanından inkassator maşını gələn zaman yolu keçən uşaq baxmayıb və həmin maşın yüksək sürətlə onu vurub. Uşaq 13 metr göydə uçandan sonra yerə düşüb həlak oldu.

Bura yığışmağımızda məqsədimiz ondan ibarətdir ki, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını hamılıqla ala bilək. Bu hamımızın işidir. Hər birimizin üzərinə bu işdə böyük vəzifələr düşür. Təxirəsalınmadan bu işlər görülməlidir”.

Piyadaların yolda hərəkət qaydalarını pozaraq sürücüləri də çətin vəziyyətdə qoyduğunu diqqətə çatdıran polis mayoru bəzi tövsiyyələr də verib: “Bəzi hallarda piyadalar yollarda hərəkət edən zaman havanın qaranlıq vaxtında, yağmurlu hava şəraitində nəqliyyat vasitələrinin getdiyi istiqamətdə hərəkət edirlər. Həm də qara paltar geyinirlər. Hava qara, asfalt qara. Yağmurlu hava şəraitində yağış suyu maşının işığını udur. Sürücü qarşısında olan insanı və ya hər hansı maneəni görə bilmir. Nəticədə yol-nəqliyyat hadisəsi baş verir. Amma əslində, piyada havanın qaranlıq vaxtında yola çıxırsa, onun mütləq geyimində işığı əks etdirən elementlər olmalıdır ki, maşının işığı onun üzərinə düşdükdə işığı əks etdirsin. Amma belə şeyləri mən təsadüfi hallarda görürəm. İnsanlarımız bunu başa düşməlidirlər ki, onu arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü görmür. 

Bəzi hallarda biz çox ciddi problemlərlə qarşılaşırıq. Ağır yol-nəqliyyat hadisəsi baş verir. Sürücü piyadanı vurur və hadisə yerindən qaçır. Zorla 2-3 gündən sonra həmin sürücünü tapırıq, deyir ki, siz nə danışırsınız, görməmişəm, xəbərim yoxdur, mən etməmişəm. Sonra da boynuna alıb deyir, qorxdum ki, məni vurarlar, öldürərlər, ona görə də hadisə yerindən qaçıb getdim. Amma sürücü vurduğu piyadanı həmin vaxt görsəydi və onu götürüb xəstəxanaya aparsaydı ilkin tibbi yardım göstərilərdi, o da heç ölməzdi, xəsarəti də yüngül olardı.

Belə hallar hamımızda olur. Biz bütün əhatəmizdə olan insanları bu məsələlərlə bağlı məlumatlandırmalıyıq. Qaranlıq vaxtı yolda hərəkət edən zaman üzərində işığı əks etdirən elementlər yoxdursa, piyada hərəkətin əksinə getməlidir. Maşın gedir, piyada da eyni istiqamətdə gedir. Bilmir axı arxadan maşın gəlir, ya gəlmir. Amma sağ tərəflə getsə görəcək ki, nəqliyyat vasitəsi onun üstünə gəlir, o da qaçıb vəziyyətdən çıxa biləcək. Belə şeylərə diqqət yetirmək lazımdır. 

Mən xidmət zamanı belə hallarla çox rastlaşıram. Görürəm ki, piyada getdiyi istiqamətdə yıxılıb. Görünür ki, nəqliyyat vasitəsi onu arxadan vurub. Amma həmin piyada yolun əks tərəfi ilə getsəydi, hərəkətdə olan nəqliyyat vasitəsinin əksinə getsəydi onu görəcəkdi, hadisədən yayınacaqdı və bu hadisə də baş verməyəcəkdi”. 

Avtobus sürücülərinin qayda pozuntularından danışan tağım komandiri 114 nömrəli marşrutun rəhbərinə xəbərdarlıq edib: “İşçilərinizlə profilaktik söhbətlər apararın. Nəqliyyat vasitələri piyadaları, sərnişinləri götürən zaman onları duracaq və dayanacaqlardan götürsünlər. Müəyyən olunmuş duracaqlar var. Həmin o duracaqlarda saxlasınlar, sərnişinləri orada mindirsinlər, orda da boşaltsınlar. Amma bəzi hallarda sərnişin çıxır evinin qabağından əl edir, avtobus da həmin dəqiqə saxlayır. Arxadan gələn maşın da ara məsafəsi saxlamır və toqquşur. Avtobusda olan bir neçə sərnişin ayaq üstə gedir, hərəsi bir tərəfdən yapışır, balaca zərbə olan kimi yıxılırlar, qolları, ayaqları sınırr. Xahiş edirəm, siz də sürücülərə tapşırıq verin, belə məsələlərdə diqqətli olsunlar”.

Yerli sakinlərin qəzalara səbəb olduğunu deyən Mərdan Mehdiyev deyib ki, bəzi hallarda yollara məhlələrdən su buraxılar: “Yağmurlu, şaxtalı hava şəraitində məhəllədən çıxan su yolda donur. Külək vurur, 1-2 sata buz bağlayır. Biz o yerə gələnə qədər, məlumat alıb ora qum tökənə qədər, buzlaşmanı aradan qaldırana qədər ağır yol-nəqliyyat hadisəsi baş verir. Maşın sürüşür çıxır qarşı hərəkət zolağına, nəticədə qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşur. Bələdiyyə sədrləri, icra nümayəndələrindən xahişim ondan ibarətdir ki, belə məsələlərə bir az diqqətli olsunlar. Yağmurlu hava şəraitində məhlələrdən yollara su sel kimi axır. Elə bilirsən ki, çay axır. Belə olmaz. Hər yerdə suyun istiqamətini yönəldirlər yollara. Bu yoldur, çay deyil. Hər bir icra nümayəndəsi, bələdiyyə sədrlərindən xahiş edirik ki, müvafiq tədbirlər görsünlər. Bu məsələlərin qarşısı alınmalıdır. Artıq bura şəhər deməkdir, bura kənd demək deyil. Bu məsələlərə diqqətlə yanaşmaq lazımdır”. 

Yerli sakinlər də bu halları təsdiq edərək bildiriblər ki, yola axan su qəzaya səbəb olub və avtomobil işıq dirəyini, yol nişanını sıradan çıxarıb. Lakin onlari yeniləyən yoxdur: “Mən Sahil-Qaradağ asfaltının düz qırağında yaşayıram, 11-ci küçədə. Çalışırıq ora müşahidə kamerası və radar qoyulsun ki, maşınların sürət həddi azaldılsın. Orada hər gün hadisə baş verir orda.

Piyadaların keçdiyi yer də düzgün deyil. Piyada keçid işarəsi piyada keçən yerdə yox, başqa yerdədir. Piyada yol nişanlarını maşınlar qırıb, hamısını gətirib qapıya qoymuşam. Küçəyə işıqlar çəkilib. Amma axşamlar heç bir işıq işləmir. Birini də o gün maşın vurdu. Əhaliyə gedən su həmin küçədən axır çıxır yola. Yol da buz bağlamışdı. İşıqları da düzəldən yoxdur”. 

Tağım komandiri bildirib ki, sakinlərin bu müraciətinə baxılacaq: “Yollarda tamamlanma işləri gedir, bütün yollarda piyadalar üçün yeni cızıqlar çəkildi. Yollar ikizolaqlı oldu. Bakıdan Şamaxıya qədər yollar ikitərəfli olacaq. 100-cü kilometrdən Muğanlı dairəsinə qədər də yenə yollar ikitərəfli olacaq. Muğanlı dairəsindən bir yol gedir Ağsu tərəfə, biri Qəbələ tərəfə. Bu işlər başa çatdıqdan sonra qəzaların sayı xeyli azalacaq”. 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh