Yollar uzanıb, maşınlar çoxalıb - Hadisələrin və ölümlərin sayı azalıb - Statistika
Yol polisi sürücülərə, piyadalara və jurnalistlərə müraciət edib. "2017-ci ildə Bakıda şəhərində 646 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 207 nəfər həlak olub, 552 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əgər baş verən hadisələri, eləcə də nəticədə ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayı xeyli azalıb. Məsələn, müqayisə üçün deyək ki, 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsi baş verib, 342 nəfər ölüb, 1000 nəfər yaralanıb. Yəni 5 il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları xeyli azalıb".
Bunu Milli.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, bütün bunlar illər keçdikcə yollarının uzunluğunun, yol ayrıclarının və kəsişmələrinin, körpü və tunellərin, eləcə də avtomobillərin sayının artması fonunda baş verib: "Hazırda paytaxtda 674 minə, ölkə üzrə isə 1 milyon 360 minə yaxın avtomobil nəqliyyat vasitəsi qeydiyyatdadır. 5 il əvvəl isə Bakıda 520 min, ölkədə 1 milyon 200 mindən artıq avtomobil vardı.
5 il bundan əvvəl Bakı avtomobillərin hərəkət etdiyi yolların uzunluğu 2100 km-ə qədər idisə, 2017-ci ildə bu rəqəm 2244 km-ə çatıb.
2013-cü ildə Bakıda 640 yol ayrıcı, 60 yeraltı və yürüstü piyada keçidi, svetoforla tənzimlənən 282 yol kəsişməsi, 62 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 67 tunel və körpü var idi. Qeyd edim ki, yollarda nə qədər çox kəsişmə varsa, yol qəzalarının baş verməsi ehtimalı da artır.
2017-ci ildə 655 yol ayrıcı, 70 yeraltı və yürüstü piyada keçid, svetoforla tənzimlənən 319 yol kəsişməsi, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 69 tunel və körpü var.
Yolların uzunluğunun, bəzi yerlərdə sürət həddinin qalxması, kəsişmələrin, yol ayrıclarının, tunel və körpülərin sayının artmasına, polis əməkdaşlarının sayında isə ciddi dəyişikliyin olmamasına baxmayaraq, belə bir müsbət dinamika baş verib. Bütün bunlar həm dövlət yol polinin məqsədyönlü şəkildə həyata keçirdiyi tədbirlər, həm İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" Qanuna vaxtaşırı edilən əlavə vədəyişikliklər, eləcə də tətbiq edilən cəza mexanizminin, həm yollarda yeni texnologiyalarının, elektron nəzarət sisteminin tətbiqi, həm də aparılan məqsədyönlü təbliğatın nəticəsində mümkün olub. Üstəlik, paytaxtda demək olar ki, hər gün ya ölkə, ya da beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Paytaxta gələn turistlərin sayı çoxalıb.
Nəticədə yol hərəkətində mədəniyyət səviyyəsi qalxır ki, bu da xoşagəlməz hadisələrin hadisələrin azalmasına təsir edir".
V.Əsədov qeyd edib ki, digər göstəricilərdə də müsbət dəyişikliklər var: "Məsələn, 2016-cı ildə sürət həddinin aşılması ilə bağlı qəzalar ümumi hadisələrin 27 faizini təşkil edirdisə, ötən il cəmi 21 faiz olub.
2013-cü ildə azyaşlıların iştirakı ilə 75 hadisə baş vermiş və nəticədə 18 uşaq ölmüş, 61-i isə xəsarət almışdısa, 2017-ci ildə 63 belə hadisə nəticəsində 11 ölüm, 58 xəsarət faktı qeydə alınıb. Bundan əlavə, 2013-cü ildə avtobusların iştirakı ilə 68 hadisə baş vermiş və nəticədə 34 nəfər ölmüş, 78 nəfər xəsarət almışdısa, 2017-ci ildə 36 belə hadisə nəticəsində 6 ölüm, 33 xəsarət faktı qeydə alınıb.
Eləcə də 2013-cü ildə yük avtomobillərinin iştirakı ilə 24 nəfərin ölməsi, 71 nəfərin isə xəsarət alması ilə nəticələnən 77 qəza baş vermişdisə, ötən il cəmi 37 qəza baş verib ki, nəticədə 18 ölüm, 28 xəsarət faktı qeydə alınıb. Yəni əvvəlki illərlə müqayisədə bütün bunlar çox müsbət göstəricilərdir".
Lakin bir göstərici var ki, o DİN rəhbərliyini və yol polisini ciddi şəkildə narahat edir. Belə ki, görülən bütün tədbirlərə baxmayaraq, hələ də piyadaların avtomobillərlə vurulması halları azalmaq əvəzinə getdikcə artır: "Statistikaya nəzər saldıqda, bütün göstəricilərdə müsbət dinamika müşahidə edirik, yalnız br şeydən başqa. O da piyadalarla bağlıdır. Belə ki, ötən il 445 piyadavurma qeydə alınıb. Nəticədə 154 nəfər ölüb, 311 nəfər isə müxtəlif dərəcədə yaralanıb. Düzdür, 2013-cü illə müqayisədə piyadavurma halları azalıb. Belə ki, 5 il əvvəl 1011 yol qəza hadisəsinin 527-si piyadavurma olmuş, nəticədə 179 nəfər ölmüş, 379 nəfər xəsarət almışdı. Bununla belə, ötən il piyadaların avtomobillərlə vurulmasının ümumi yol qəza hadisələrinin 68 faizini təşkil etməsi bütün cəmiyyət üçün ciddi siqnaldır. Xatırladım ki, 2016-ci ildə bu rəqəm 62 faiz idi. Yəni piyadavurma hadisələrinin sayı 6 faiz artıb. Ona görə də bu məsələ ciddi narahatlıq doğurur. Onu da qeyd edim ki, piyadaların vurulması əksər hallarda məhz piyada keçidlərinin 100-150 m yaxınlığında baş verib. Çox təəssüf!"
Ümumi hadisələrin baş verməsinin səbəblərinin yenə də əsasən sürücü diqqətsizliyi və piyada səhlənkarlığı olduğunu deyən Yol Polisi İdarəsinin sözçüsü sonda həm sürücülərə, həm piyadalara, həm də jurnalistlərə müraciət edib: "Jurnalistlərə müraciət edirik ki, maarifləndirmə və təbliğat işlərinin aparılmasına dəstəyini əsirgəməsinlər, öz bilik və bacarıqlarını ortaya qoysunlar.
Sürücülərə müraciətimiz budur ki, mütləq sürət həddinə diqqət yetirsinlər, ara məsafəsini normal saxlasınlar, vəziyyətə uyğun hərəkət etsinlər. Xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etsinlər.
Piyadalar isə "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələblərini öyrənsinlər və yerinə yetirsinlər. Yaxınlıaşmaqda olan nəqliyyat vasitəsinin qarşısından qaçmasınlar, hərəkətə icazə verilmiş yerlərdən keçməyə üstünlük versinlər, yolu keçərkən nəqliyyat vasitəsinin sürətinə diqqət yetirsinlər. Ən azından yolu nəqliyyat vasitəsi tam dayandıqdan sonra keçsinlər".