Bəzi sürücülər yol polisini necə şərləyir? - FOTOLAR

Yol polisi 11 Avqust 2015 14:31 Oxunub 5530
Bəzi sürücülər yol polisini necə şərləyir? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisləri bildirir ki, sürücülər arasında kobud davranış göstərənlərin sayı günü-gündər artır

 

Bölgələrdə yol polisi əməkdaşları ilə keçirilən görüşlərdə onları narahat edən məsələlər müzakirə olunub

 

«Jurnalistika və İnkişaf Mərkəzi» Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən «Yol polisi-sürücü münasibətlərinin araşdırılması, problemlər və perspektivlərin müəyyənləşdirilməsi, qanunların təblibi» adlı layihəni başa çatdırıb. Layihə çərçivəsində Xaçmaz rayon Dövlət Yol Polisi Şöbəsində keçirilən görüşün davamı olaraq Mingəçevir və Lənkəran şəhərində, habelə, Bərdə rayonunda yol polisi əməkdaşları ilə görüşlər də baş tutub.

«Jurnalistika və İnkişaf Mərkəzi»nin sədri, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov və digərləri görüşlərdə iştirak edən yol polisi əməkdaşlarını narahat edən məsələləri dinləyib, onları maraqlandıran sualları cavablandırıblar. Qeyd olunub ki, qanunvericilikdəki boşluqlar da bəzən yol polisi ilə sürücülər arasında konfliktlərin yaranmasına səbəb olur. Bundan əlavə, bəzi rayonların hətta mərkəzi küçələrində müşahidə kameralarının olmaması yol polisinin işini çətinləşdirir. Belə halda svetoforun qırmızı işığından keçən sürücünü saxlayan yol polisi əməkdaşı kobud münasibətlə rastlaşır. Kamera olmadığını bilən sürücülər yol polisindən sübut tələb edir, əks halda şikayət edəcəyini deyib hədə-qorxu gəlirlər.

Bundan əlavə, təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefondan istifadə edən sürücülər də yol polislərindən sübut tələb etdikdə mübahisə yaranır. Bəzi hallarda şikayətçi olan sürücülərin belə vəziyyətdə qalib gəlməsi yol polisi inspektorunu həvəsdən salır.

Mingəçevir şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Bəliyar Bəşirli bildirdi ki, şəhərdə sürücülər arasında avtoxuliqanlıq əməlləri əvvəllər geniş yayılsa da, görülmüş davamlı tədbirlər nəticəsində bunun qarşısı alınıb. Lakin sərxoş vəziyyətdə sükan arxasında əyləşən sürücülər hələ də var. Ümumilikdə isə avtoxulilanlıq edən, sərxoş halda avtomobili darə edən sürücülərin sayında ciddi azalma müşahidə olunur.

Lənkəran şəhər Dövlət Yol Polisi Şöbəsində isə qeyd olundu ki, burada da təhlükəsizlik kəməri və mobil telefon məsələsi gündəmdidir. Yəni, bəzi sürücülər «sübut elə» deyib, protokola razılaşmırlar. Hətta bəzi sürücülər düşünür ki, təhlükəsizlik kəmərindən kənd yollarında istifadə etməmək də olar, kəmərdən yalnız magistral yollarda istifadə edilməlidir: «Bu yaxınlarda əməkdaşlardan biri Lənkəran şəhərində təhlükəsizlik kəmərindən istifadə etməyən sürücüyə protokol yazıb. Sürücü qayda pozduğunu etiraf edib, amma protokol yazılandan sonra inspektoru hədələyərək, «sənin başına oyun açacam» deməklə etirazını bildirib. Belə hallarla tez-tez rastlaşırıq».

Lənkəran şəhər DYPŞ-nin rəisi, polkovnik-leyntenant Nəsimi Məmmədov bildirdi ki, cənub bölgəsində sərxoş sürücülərə nadir hallarda rast gəlinir ki, bu da əsasən istirahətə gələnlər olur. Ötən il 64 sərxoş sürücü aşkar olunsa da, bu il hələ ki, belə hal aşkarlanmayıb. Avtoxuliqanlıq hallarının isə qarşısı alınıb. Artıq bu sahədə göstəricilər xeyli azalıb. Lənkəranda avtomobili icbari sığorta etdirən sürücülərin sayı artır. Texniki baxışdan yayınma halları da xeyli azalıb. Bütün bunlar isə yol polisi tərəfindən atılan və yeni qanunların qəbulu ilə bağlıdır.

Yol polisləri ilə görüşlərdə ən çox narahatlıq ifadə olunan məsələ bu oldu ki, sürücülər arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Çünki qanunları bilməməklə yanaşı, qaydalardan da xəbərsiz olanlar var. Yol polisləri bildirirlər ki, sürücülər arasında kobud davranış göstərənlərin sayı günü-gündər artır.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh