Yol Polisi rəisinin jurnalistlə məhkəməsi baş tutdu

Yol polisi 16 Oktyabr 2015 22:13 Oxunub 1627
Yol Polisi rəisinin jurnalistlə məhkəməsi baş tutdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim məqalədə təhqirin olub-olmamasıyla bağlı ekspertizanın təyin olunmasına qərar verib

Bu gün Xətai Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nüşrəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin növbəti iclası keçirilib. Bu barədə “Report”a “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli məlumat verib. Prosesdə E.Məhərrəmli xüsusi ittiham qaydasında şikayət üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə yazılı vəsatət verdikdən sonra ifadəsini davam etdirib. O bildirib ki, “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri - DYP mafiyası məğlubedilməzdir?!” adlı məqalədə N.Səfərovun təhqir olunduğu, ona böhtan atıldığı iddiası ilə razı deyil: “Düşünürəm ki, hörmətli Nüşrəvan Səfərov da bunu yaxşı bilir. Təsadüfi deyil ki, mübahisəni məhkəməsiz, öz aramızda danışmaq və həll etməklə bağlı təşəbbüslərə hörmətli Nüşrəvan Səfərov bir şərtlə razılıq verib ki, “sifarişçinin adını desin”. Lakin Nüşrəvan Səfərov nəzərə almır ki, jurnalistin də peşə sirri deyilən bir şey var və heç bir jurnalist “KİV haqqında” qanunun 11-ci maddəsində göstərilmiş hallar istisna olmaqla, öz peşə sirrini yaymağa məcbur edilə bilməz”.

E.Məhərrəmli sərbəst ifadə verdikdən sonra xüsusi ittihamçının vəkilinin suallarını cavablandırıb. Prosesin sonunda hakim Habil Məmmədov məqalədə təhqirin olub-olmamasıyla bağlı ekspertizanın təyin olunmasına qərar verib və prosesin davamını qeyri-müəyyən vaxtadək təxirə salıb.

Qeyd edək ki, bu il avqustun 31-də “azpolitika.info” saytında “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri - DYP mafiyası məğlubedilməzdir?!” adlı yazı yayımlanıb. N.Səfərov məhkəməyə müraciət edərək yazıda təhqir olunduğunu iddia edib. O, məhkəmədən E.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh