Yol polisi Facebookda yayılan məşhur videoya münasibət bildirdi - VİDEO

Yol polisi 24 May 2016 12:05 Oxunub 5434
Yol polisi Facebookda yayılan məşhur videoya münasibət bildirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: "Nədənsə onların hərəkətinə heç bir şərh yazılmır, qınaq obyektinə çevrilmirlər"

DİN Baş Dövlət Yol Polisi İdarəsi Zabratda baş verən avtobus qəzasından sonra yaranmış vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib. Dünən Avtosfer.az saytı da həmin videonu yayıb və qeyd edilib ki, yolun hərəkət hissələrini ayıran bardürə çırpılan avtobus böyük tıxaca səbəb olub. Çox yaxınlıqda 2 yol polisi ekipajı olsa da, hadisəyə biganə yanaşırlar. Görüntülər sosial şəbəkələrdə oxucuların kəskin rəylərinə səbəb olub: "Yol polisi bu vəziyyətdə də qayda pozan gözləyir", "Avtobusda "çörək" yoxdu", "Başını ağrıtmaq istəmir" və s.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a məsələ ilə bağlı açıqlama verib: "Əvvəla bildirmək istəyirəm ki, videogörüntülərdən də məlumdur ki, əgər həmin ərazidə qeyd olunduğu kimi xaos olsaydı video müəllifi belə rahat keçə bilməzdi. Patrul avtomobilinin solda, əks istiqamətdə saxlamasının səbəbi isə sıxlıq olan zolaqlarla keçən nəqliyyat vasitələrinə mane olmamaq, onların hərəkətini ləngitməmək məqsədi daşıyır. Digər patrul qəza yerindən bir qədər irəlidə arxadan gələn n\v-nin kütləvi şəkildə qarşı zolağa çıxma hallarının qarşısını almaq məqsədilə orada dayanıb. Lakin buna baxmayaraq patrul avtomobili sayrışan işıq siqnallarını yandırmış vəziyyətdə yolda dura-dura bəzi sürücülər yenə də qoşa xətti kəsib qarşı hərəkət zolağına çıxırlar. Amma nədənsə onların hərəkətinə heç bir şərh yazılmır, nəyə görəsə onlar qınaq obyektinə çevrilmirlər".

Kamran Əliyev təəssüflə bildirib ki, sosial şəbəkələrdəki müzakirələrdə iştirak edən bəzi “fəallar” qəza zamanı hərəkətin təhlükəsizliyinin təmin olunması və ya tənzimlənməsi məsələsindən danışmır, sürücüləri belə hallarda daha da intizamlı olmağa, xəsarət alanlara yardım göstərməyə, polisin, təcili yardım və digər operativ xidmət sahələrinin əməkdaşlarına mane olmamağa çağırmırlar: "Onlar çalışırlar ki, təki YPX əməkdaşının hansısa hərəkətində bir nöqsan tapsınlar və yol polisi haqqında insanlar arasında neqativ fikir yaratsınlar, onların xidmətinə müxtəlif üsullarla kölgə salsınlar. Bu isə düzgün və mümkün deyil. Çünki yollarımızda intizamlı sürücülərimizin sayı nə yaxşı ki, intizamsızlardan qat-qat çoxdur və onlar real vəziyyəti düzgün qiymətləndirməyi, zəhmət çəkən əməkdaşların xidmətinə dəyər verməyi bacarırlar".

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh