Velosipedçimiz Çində 3-cü oldu
Yarışma 11 Noyabr 2014 00:30 684 dəfə oxunub
Velosipedçimiz Çində 3-cü oldu
Komanda hesabında "Synergy Baku" 20 kollektiv arasında 4-cü yeri tutub

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malik idi. Komanda hesabında "Synergy Baku" 20 kollektiv arasında 4-cü yeri tutub. Komandamız çempion olmuş Hollandiya millisinə cəmi 10 saniyə uduzub. Şəxsi göstəricilərə gəlincə, yekun sıralanmada 2 velosipedçimiz ilk 20-liyə düşüb. Bunlar 12-ci yeri tutan Samir Cəbrayılov və 19-cu olan Elçin Əsədovdur.

Sevindirici əsas məqam isə yarışın 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılovun fəxri kürsüyə qalxmasıdır. Azərbaycanın U-23 milli komandasının üzvü çempiondan 4 saniyə geri qalmaqla 3-cü yeri tutub və xüsusi mükafata layiq görülüb. 4 gün sonra komandamız Çində start götürəcək daha bir yarışda mübarizə aparacaq - bu, noyabrın 14 -16-da keçiriləcək 2.2 kateqoriyalı "Tour of Fuzhou" yürüşüdür.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh