Hansı halda sürücünün iştirakı olmadan protokol yazılır?
Öyrənək 15 Noyabr 2014 07:47 3882 dəfə oxunub
Hansı halda sürücünün iştirakı olmadan protokol yazılır?
Qayda pozuntuları foto və ya video qeydiyyat funksiyasına malik texniki vasitələrlə aşkar edildikdə elektron qaydada sənədləşdirilir 

 

Sürücü 110 gün ərzində cəriməni ödəməzsə, onun sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırıla bilər

 

Əvvəlki yazımda qeyd etdim ki, mövcud qanunvericilik yol hərəkəti qaydalarının pozulduğu hallarda sürücülərin məsuliyyətə cəlb edilməsinin və bunun sənədləşdirilməsinin 4 fərqli qaydasını nəzərdə tutur. Bunlardan birincisi sürücünün iştirakı olmadan elektron qaydada sənədləşdirilmədir.

Qayda pozuntularına görə məsuliyyətə cəlb edilmənin bu qaydasının bütün xırdalıqları İnzibati Xətalar Məcəlləsində (İXM) və Daxili İşlər Nazirliyinin 2012-ci ildə təsdiq etdiyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda təsbit edilmişdir.

Adı çəkilən qanunvericilik aktlarında deyilir ki, İXM-in 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda pozuntuları foto və ya video qeydiyyat funksiyasına malik texniki vasitələrlə (yəni radarlarla və müşahidə kameraları ilə) aşkar edildikdə sürücünün iştirakı olmadan elektron qaydada sənədləşdirilir. 

Deməli, sürücülər İXM-in sadalanan maddələrində nəzərdə tutulan qayda pozuntularını törətdikdə və bu radarla və ya videokamera ilə qeydə alındıqda sənədləşmə yalnız elektron qaydada həyata keçirilir. Hətta həmin qayda pozuntularının yerində, yaxud yaxınlıqdakı YPX postunda sənədləşdirilməsi üçün DYP əməkdaşının nəqliyyat vasitəsini dayandırması qadağan edilib. Bununla belə, həmin qadağa yalnız sənədləşdirmə üçün saxlamağa aiddir. DYP əməkdaşı xüsusi texniki vasitənin qeydə aldığı qayda pozuntusunu törətmiş sürücünü dayandıra bilər. Lakin belə dayandırmanın məqsədi həmin qayda pozuntusu ilə bağlı protokol və ya qərar tərtib etmək ola bilməz, çünki qanun bunu qadağan edir. Belə dayandırma yalnız həmin sürücünün təhlükəli hərəkətlərdən çəkindirilməsi, o cümlədən sərxoş, yaxud sürücülük hüququ olmayan şəxs olub-olmamasının aydınlaşdırılması məqsədilə edilə bilər. 

İXM-in 391-ci maddəsi qayda pozuntularını avtomatik rejimdə qeydə alan xüsusi texniki vasitələr üçün prinsipial əhəmiyyətli bir müddəa təsbit edir. Həmin müddəada deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr DYP-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Deməli, bu sistemə inteqrasiya olunmamış xüsusi texniki vasitələrdən qayda pozuntularının aşkara çıxarılması üçün istifadə oluna bilməz. Bu, o deməkdir ki, məsələn, yol kənarında avtomobildə qoyulan radar mərkəzi informasiya sisteminə inteqrasiya edilməyibsə, ondan istifadə olunmamalıdır və onun qeydə aldığı məlumatlar sübut kimi istifadə edilə bilməz. Eyni tələb yollarda quraşdırılan nəzarət kameralarına da aiddir. Yəni həmin kameralar mərkəzi informasiya sisteminə inteqrasiya edilməyibsə, onların qeydə aldığı qayda pozuntuları barədə məlumatlar sübut sayılmamalıdır.

Qanunvericilikdə elektron qaydada sənədləşmənin proseduru və müddətləri də dəqiq göstərilib.

Öncə vurğulamaq istəyirəm ki, xüsusi texniki vasitələrin (radar və kameraların) məlumatları DYP-nin mərkəzi informasiya sisteminə xüsusi proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa ötürülür. Yəni burada insan müdaxiləsi tam istisna olunur. Bundan sonra elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Bu proses qayda pozuntusu barədə məlumat sistemə daxil olduğu gün həyata keçirilməlidir.

İnzibati xəta haqqında elektron protokol ona əlavə edilmiş materiallarla (yəni qayda pozuntusunu əks etdirən fotolarla və müvafiq göstəricilərlə) birlikdə kağızda çap olunaraq inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində rəsmi qaydada (poçtla) qaydanı pozmuş şəxsə göndərilməlidir. Bundan başqa, həmin şəxsin SMS-lə məlumatlandırılması da nəzərdə tutulur (hələlik bu üsuldan istifadə olunmur).

Qaydanı pozmuş şəxs elektron protokolu aldıqdan sonra 10 gün müddətində nəqliyyat vasitəsinin özü tərəfindən idarə edilmədiyi (o cümlədən qaçırılmış olduğu) barədə vəsatət verə bilər. Lakin qaçırılma istisna olmaqla, bu halda nəqliyyat vasitəsini həmin vaxt kimin idarə etdiyi göstərilməlidir. Bu vəsatət protokolu tərtib etmiş DYP orqanına daxil olduqdan sonra əvvəlki sürücü barəsində icraata xitam verilir və nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində yeni protokol tərtib olunaraq ona göndərilir. 

Şəxs yuxarıda göstərilən vəsatəti vermədikdə ona göndərilmiş elektron protokolun sonrakı taleyi belə ola bilər:

1. Sürücü həmin protokolla razılaşdıqda onu aldıqdan sonra icra edərək müvafiq cəriməni ödəyə bilər;

2. Sürücü həmin protokolla razılaşmadıqda ondan DYP-nin yuxarı orqanına və ya məhkəməyə şikayət verə bilər. 

Sürücüyə göndərilmiş elektron protokol yuxarıda qeyd olunan vəsatətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət başa çatdıqdan dərhal sonra inzibati tənbeh tətbiq etmək haqqında qərara çevrilir. Yəni “Qərar” adlı sənəd tərtib olunmadan həmin protokol qərar statusu alır. Bu statusu qazandıqdan sonra 10 gün müddətində isə qanuni qüvvəyə minir. Qərarın qanuni qüvvəyə minməsindən sonra ondan şikayət verilə bilməz. Deməli, elektron protokol rəsmi qaydada sürücüyə verildikdən (yəni poçtla çatdırıldıqdan və ya şəxsən təqdim edildikdən) 20 gün sonra qərar kimi qanuni qüvvəyə minir. Bundan sonra isə qərarın icrasının gecikdirildiyi halda baş verə biləcək nəticələrin müddəti axmağa başlayır. Həmin nəticələr aşağıdakılardır:

1. Qərarın qüvvəyə minməsindən sonra ilk 5 gün ərzində cərimə ödənilərsə, 10 faiz güzəşt edilir. Yəni sürücü elektron protokolu aldıqdan sonrakı ilk 25 gün ərzində cəriməni ödəyərsə, 10 faizlik güzəştdən istifadə edə biləcək. 

2. Qərarın qüvvəyə minməsindən sonra 1 ay müddətində cərimə tam ödənilməzsə, hər növbəti gün üçün cərimənin 1 faizi məbləğində dəbbə pulu əlavə olunur. Yəni sürücü elektron protokolu aldıqdan  sonra  50 gün ərzində cəriməni ödəməzsə, 51-ci gündən başlayaraq dəbbə pulu hesablanacaq. Dəbbə pulu maksimum 2 ay hesablana bilər, yəni ən pis halda cərimə 60 faiz arta bilər. 

3. Qərarın qüvvəyə minməsindən sonra 2 ay müddətində cərimə tam ödənilməzsə, qayda pozuntusu törədilən vaxt idarə edilən nəqliyyat vasitəsi dayandırılaraq DYP-nin mühafizə olunan duracağına qoyula bilər. Yəni sürücü elektron protokolu aldıqdan  sonra  80 gün ərzində cəriməni ödəməzsə, onun nəqliyyat vasitəsinin saxlanılması barədə qərar çıxardıla bilər. 

4. Qərarın qüvvəyə minməsindən sonra 3 ay müddətində cərimə tam ödənilməzsə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə tərəfindən qərar çıxardıla bilər. Yəni sürücü elektron protokolu aldıqdan  sonra 110 gün ərzində cəriməni ödəməzsə, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırıla bilər. 

Elektron qaydada sənədləşmənin bir sıra özəllikləri də ola bilər. Məsələn, balla qiymətləndirilən növbəti qayda pozuntusu qeydə alındıqdan sonra sürücünün əvvəlki cərimə ballarının və yeni yazılacaq balın ümumi sayı 20-ni aşarsa, artıq elektron protokol tərtib edilə bilməz. Belə halda sürücü barəsində materiallar onun yaşayış yeri üzrə DYP orqanına göndərilməli, bundan sonra həmin sürücü DYP orqanına çağırılaraq İXM-in 151.4-cü maddəsinə əsasən 20 və daha çox cərimə balı topladığına görə onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmalıdır. 

Qayda pozuntularının elektron formada sənədləşdirilməsi yeni olduğundan bu sahədə xeyli problemlər var. Hələ ki, DYP sürücülərin bu qaydada məsuliyyətə cəlb edilməsini lazımi qaydada tətbiq edə bilmir. Buna görə də elektron qaydada qeydə alınmış qayda pozuntularının müddəti ötdükdən sonra sürücüyə çatdırılması, bəzən xeyli sayda qayda pozuntuları cəmləndikdən sonra çatdırılması adi hal alıb. Bu problemlərin tezliklə həlli zəruridir. 

 

Ərşad Hüseynov,

hüquqşünas

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Əmrahov Ruslan | 10 Mart 2016 11:26
Salam, Ərşad müəllim.Mən öz elektron şəxsi kabinetimə baxdıqda orada 2015-ci ilin Oktyabr ayı tərtib olunmuş MMX protokolu görürəm. Lakin protokol sadəcə şablon formasındadır və qərar verilməyib. Bildiyimiz kimi Martın 1-dən məcəlləyə dəyişiklik edilib və qərar müddəti 2 aydan 1 ilədək uzadılıb. Normalda 2015-ci il Dekabr ayında artıq bu protokol qərar verilmədiyi üçün qüvvədən düşməli idi. Bəs yeni dəyişikliklə bu ölmüş protokol dirilirmi