"Avrasiya Construction" tikinti şirkəti Qarabağ veteranının maşınını bu hala saldı - FOTO - VİDEO
Oxucu məktubları 4 May 2019 11:00 2208 dəfə oxunub
"Avrasiya Construction" tikinti şirkəti Qarabağ veteranının maşınını bu hala saldı - FOTO - VİDEO
Vətəndaş ona dəymiş ziyanın ödənilməsini tələb edir

Vətəndaş Əziz Bəşirov "Avrasiya Construction LTD" MMC şirkətindən şikayətçidir. Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlildir. Eyni zamanda qan xəstəliyi var. Odur ki, 12 ildir Nəsimi rayonu Mirəli Qaşqay küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində yerləşən (Nəsimi bazarının yanı)  Qan Mərkəzindən dərman alır. "Ayda bir dəfə bura gəlib dərman alıram. İdarə etdiyim avtomobili də yolun kənarında saxlayıb 15-20 dəqiqəlik işimi görüb qayıdıram. Dünən də eyni qayda ilə avtomobilimi park edib dərman almağa getdim. Qayıdanda gördüm ki, avtomobilimin arxa şüşəsi sınıb. Əvvəlcə elə bildim ki, yaxınlıqdakı tikintidən üstünə daş düşüb. Amma diqqətlə baxanda gördüm ki, tikintidən düşən mismar şüşəni deşərək salona düşüb. Bu barədə "Olimpus park" yaşayış kompleksinin tikinti ərazisinə getdim. Bildirdim ki, tikintidən düşən mismar avtomobilimə ziyan vurub. Bu insan olaraq xahiş etdim ki, mənə dəyən ziyanı ödəyin." 

Əziz Bəşirov deyir ki, hər şey bundan sonra başlayıb. "Əvvəlcə dedilər ki, bəlkə başqa yerdə olub, yalan deyirsən. Mən bildirdim ki, həm sizin kameralar var həm də təhlükəsiz şəhər kameraları. Baxa bilərsiniz. Bundan sonra isə əsaslandırmağa çalışdılar ki, bir burda "maşın saxlamaq olmaz" plakatı vurmuşuq. Düzü həmin plakat dedikləri o qədər kiçik bir ölçüdədir ki, onu görmək çətindir."
Vətəndaş deyir ki, şirkət heç bir təhlükəsizlik tədbiri görməyib. "Təsəvvür edin ki, həmin vaxt ordan kimsə keçsəydi, yaxud maşında kimsə olsaydı həmin mismar onun başına batacaqdı. Çünki təhlükəsizlik toru ümumiyyətlə yoxdur. Həmin küçə daimi hərəkət olan yerdir. Özü də xəstəxananın qarşısıdır. Gündə yüzlərlə xəstə insan gəlir. İndi bunlar bina tikir deyə insanlar ora gəlməsin? Zəhmət çəkib təhlükəsizlik tədbirləri görsünlər. Əgər orda tor olsaydı heç mənim maşınıma ziyan dəyməzdi."
Əziz Bəşirov hazırda çarəsiz durumda olduğunu deyir. "Nə bu şüşənin yenisini almağa imkanım var, nə də şirkət mənə dəymiş ziyanı ödəyir. Deyirlər ki, bizlik deyil, get hara istəyirsən şikayət elə. Büdcəmizdə bu cür hallar üçün pul nəzərdə tutulmayıb. Belə çıxır ki, ərazidən keçən kiminsə başına daş düşüb xəsarət alsa o zaman da bunlar məsuliyyət daşımır. Taksi fəaliyyəti ilə məşğul olub uşaqlarımı güclə dolandırıram. İndi mən hardan pul tapım bunu düzəldim. Qazanc yerim təkcə bu maşındır."
Vətəndaş ümid edir ki, bu məsələ ədalətli həllini tapacaq. "Azərbaycanda qanunlar var və işləyir. Ümid edirəm ki, mənim səsimi eşidəcəklər və bu Vətən uğrunda döyüşən veteranının köməyinə gələcəklər. Sizin vasitənizlə yüksək rəhbərliyə müraciət edirəm ki, mənə bu məsələnin ədalətli həllində kömək etsinlər. Mənim bu məsələmə biganə yanaşılmasın. Qanunları pozanlar cəzalansın ki, bir daha heç kimə ziyan vurmasınlar."

Orxan Əli

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh