Adı naməlum olan ünvanlar: Hansı tərəfə gedək? – FOTO

Gündəm 21 İyun 2019 15:12 Oxunub 1620
Adı naməlum olan ünvanlar: Hansı tərəfə gedək? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu məsələlərə diqqətlə yanaşmaq lazımdır”

Şəhərin mərkəzində küçə adları yazılan lövhələr var. Amma bəzi yerlərdə, Bakı kəndlərinin bir çoxunda demək olar ki, bu cür lövhələr ya yoxdur, ya da oxunmaz haldadır. Bu da əlavə çətinliyə səbəb olur. Belə ki, FHN, təcili tibbi yardım və ya polis maşınları bəlkə də, olmayan və ya olub da normal görünməyən lövhələrə görə deyilən ünvana vaxtında çata bilmirlər.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Primetime.az-a açıqlamasında bildirib ki, bəzi küçələrdə kilometrlərlə getsən belə adını tapa bilmirsən: “Bu problem Bakı şəhərində də, respublikanın digər bölgələrində də var. Hətta bu yaxınlarda özüm şahidi oldum. “5 mərtəbə” dairəsi ətrafında , yəni Qış Parkının sağ və sol hissələri – Şamil Əzizbəyli və Füzuli küçəsi, eləcə də Şıxəli Qurbanov küçəsi (dairədən üzü Tbilisi prospektinə gedən istiqamətdə) tərəflərdə ən azı 5-10 dəqiqə gəzdim, küçələrin adlarını nadir hallarda gördüm. Akademik Milli Dram Teatrından Heydər Əliyev sarayına qədər getdim, yalnız bir yerdə küçələrin adları (Ş.Qurbanov və Ş.Əzizbəyli) yazılmışdı. H.Əliyev sarayından “5 mərtəbə” dairəsinə qədər maşınla hərəkət edərək müşahidə aparsam da, Füzuli küçəsinin adına rast gəlmədim. Ən bahalı mağazalar, brend dükanlar var, ancaq küçələrin adları yoxdur. Küçə adları olan tabloların əksəriyyətini elə həmin mağazalar çıxarıb atır. Buna qarşı inzibati məsuliyyət, nəzarət mexanizmi olmalıdır. Rayon, Bakı şəhər İcra Hakimiyyəti, mənzil istismar sahələri hara baxır? Problem budur. Biz turizmin inkişafından danışırıq. Turistlər bütün obyektləri naviqasiya, GPS sistemi ilə axtarıb tapırlar. Küçənin adı, nömrəsi olmalıdır, çünki insan ünvana çatanda istər-istəməz baxa-baxa axtarır. Təəssüf ki, küçələrin adlarını tapmaq olmur. Bəzilərini obyekt sahibləri qırıb atıb, bəzilərini isə heç yerinə qoymayıblar. Doğrudan da bəzən yanğınsöndürənlər, təcili yardım, polislər küçələri tapmaqda çətinlik çəkirlər”.

E.Muradlı qeyd edib ki, müasir texnologiyalar, naviqasiya, GPS sistemi olsa da, bəzən onlardan da istifadə edə bilmirik: “Tutaq ki, internet tutmur və bu adam küçəni tapmalıdır. Bakının mərkəzində belə problemlər varsa, təsəvvür edin, bölgələrdə vəziyyət necədir. Ona görə düşünürəm ki, bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. O cümlədən küçə adları ilə bağlı vahid standart müəyyən etməliyik. Birində ağ, birində boz rəng, biri böyük, biri kiçik ölçüdə – belə əcaib yanaşma nümayiş etdirmək olmaz. Bu baxımdan küçə adları ilə bağlı vahid forma tətbiq etmək lazımdır. Bu, xarici ölkə vətəndaşları üçün deyil, elə ilk növbədə yerli əhali üçün edilməlidir. Özümüz Bakıda yaşaya-yaşaya küçələri tapa bilmiriksə, əcnəbi gəlib necə tapacaq? Çox önəmli məsələdir və buna aidiyyatı qurumlar ciddi yanaşmalıdırlar. Sən kimsən ki, obyekt açanda küçə adını qoparıb atırsan? Bunu edirsənsə, zəhmət çək, obyekti qurub qurtarandan sonra yerinə yapışdır!  Belə olduğu halda insanlar filan ünvanda obyekt yerləşdiyini bilərlər. Bu baxımdan nəzarət olmalıdır və bu, elə də çətin deyil. Təmizlik, “jek” işçiləri, polislər hər gün küçələrdədir, harda elə tablolar yoxdursa, hər gün yazılı və ya şifahi şəkildə məlumat versinlər. Rəhbər şəxslər də onu aidiyyatı qurumlara çatdırıb yoluna qoysunlar. Bu, biabırçı haldır. Ticarət mərkəzi açırlar, amma baxırsan ki, binanın bu başından o başına kimi bir küçənin adı yoxdur. Obyekt sahiblərinin küçə adları ilə nə problemi var görəsən? Niyə onu qoparıb atırlar? Bunu aydınlaşdırmaq və belə əməllərə yol verənləri ciddi şəkildə cəzalandırmaq lazımdır”.

Tibb üzrə ekspert Adil Qeybulla mövzu ilə bağlı danışarkən qeyd edib ki, yeni binalar tikilir, amma küçə adları olan lövhələr vurulmur: “Bəzi küçələrdə ünvanların nömrələri dəyişdirilir və ya tablolar olmur. Təbii ki, bu da təcili tibbi yardım maşınlarının hərəkətinə mane olan amillərdəndir. Digər tərəfdən yollarda xüsusi cığırlar yoxdur və bəzən təcili yardım tıxaca düşür. Ən əsas problem beynəlxalq naviqasiya sisteminin olmamağıdır. Bizdə yalnız daxili naviqasiya proqramı var, bu da ölkə daxilində işləkdir. Ən azı naviqasiyanın konkret ünvana çıxmaq imkanı var. Qeyd etdiklərim təcili tibbi yardımın fəaliyyətinə mane olur. Elə yerlər var ki, heç naviqasiya da tutmur. Bilirsiniz, ünvanlar da tez-tez dəyişir. Bu, yalnız təcili tibbi yardım üçün deyil, digər sahə nümayəndələri üçün də problem yaradır”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin ( BŞİH) mətbuat katibi İsrafil Kərimov isə saytımıza açıqlamasında deyib ki, küçə adları olan lövhələri son illərdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi vurur: “Əgər həmin lövhələrlə bağlı xəta baş veribsə, yararsız vəziyyətə düşübsə, Əmlak Komitəsinə bildirilir və onlar yenisini quraşdırır. Son bir neçə ildir, Bakı şəhərindəki bütün küçə adlarının dəyişdirilməsi bu qurum tərəfindən həyata keçirilir. Təbii ki, problemlərlə əlaqəli BŞİH də öz növbəsində məlumat verir. Məsələn, bu yaxınlarda bilirsiniz, BŞİH-nin sərəncamına əsasən, küçələrdən birinə Süleyman Ələsgərov adı verildi. Bununla əlaqədar elanların hazırlanması, onların qurulması və bütün bu proseslər Əmlak Komitəsi tərəfindən həyata keçirildi”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh