Bu nişanlar sizi ÇAŞDIRA BİLƏR - Sürücülər, DİQQƏTLİ OLUN

Avtoxəbər 27 İyul 2019 15:48 Oxunub 3626
Bu nişanlar sizi ÇAŞDIRA BİLƏR - Sürücülər, DİQQƏTLİ OLUN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mövcud şəraitdə yol nişanları ilə yanaşı, yol işarələri ilə bağlı vəziyyət daha acınacaqlıdır

Bakı şəhərində sürücüləri narahat edən məsələlərdən biri də bəzi yol nişanlarının düzgün yerləşdirilməməsidir.

 Sürücüləri çaşdıran bu nişanlar bəzən yol qəzalarına səbəb olur və ya sürcülərin haqsız yerə cərimələnməsinə yol açır.

Avtosfer.az xəbər verir ki, bununla  bağlı yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, hazırki vəziyyətdə yol nişanlarının yerləşdirilməsi ilə bağlı vəziyyət bərbaddır və bu sahədə ciddi işlər görülməlidir:

“Yol  qəzalarında nişanların payı təxminən 3-5% təşkil edir. Lakin bu gün yol nişanları ilə bağlı problem mövcuddur. Nişanların çatışmazlığı açıq şəkildə hiss olunur. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də etiraf edir. Bəzi yol nişanları ümumiyyətlə görünmür, bəziləri isə çox bərbad vəziyyətdədir və yenilənməlidir”.

Ekspertə görə, bəzi yol nişanları uyğunsuz şəkildə yerləşdirilib və bu, sürücüləri çaşdırır:

“Hazırda “baş yol” nişanının bir neçə forması mövcuddur. Bu, biabırçılıqdır. O cümlədən, dayanma-durmanı qadağan edən nişanının bir neçə rənglərinə rast gəlmək mümkündür. Cəriməyə səbəb ola biləcək nişanların sayı çox olsa da, məlumatverici nişanların və lövhələrin sayı olduqca azdır. Yol nişanlarının uyğunsuzluğu ölkəyə gələn turistlər üçün də ciddi problem yaradır. Nişanların çatışmazlığı naviqasiyadan istifadə edən turistlər üçün çətinliyə səbəb olur”.

E. Muradlı vurğulayıb ki, mövcud şəraitdə yol nişanları ilə yanaşı, yol işarələri ilə bağlı vəziyyət daha acınacaqlıdır:

“Yol işarələrinin çəkilməsi çox bərbad şəkildə həyata keçirilir. Sanki  mühəndis fəhlənin əlinə 1 qutu boya verib və müəyyən olunan yerə xətt çəkməsini istəyir. Lakin xəttin  niyə və nə üçün çəkildiyini demir. Ona görə də bu gün nişanlarla nişanlama xətləri arasında uyğunsuzluq yaşanır. Bu ziddiyyət fonunda əziyyəti sürücülər çəkir. Çünki uyğunsuzluq nəticəsində yol qəzalarının başvermə ehtimalı daha yüksək olur”.

Mövcud problemlərin həllində çıxış yolu vətəndaş mövqeyidir:

“Azərbaycanda yol nişanlarının istehsalı ilə məşğul olan müəssisə var. Bu müəssisənin fəaliyyətini gücləndirmək  vacibdir. Eyni zamanda, hər bir rayon üzrə yol polis şöbəsinə tapşırıqlar verilməlidir ki, çatışmazlıqlar barədə monitorinq aparılsın. Bununla yanaşı, vətəndaşlar bu məsələyə həssas yanaşmalıdır. Yol nişanları və ya işarələri ilə bağlı problem görürlərsə, müvafiq qurumlara müraciət etməlidirlər. Baxmayaraq ki, yollara nəzarət edən qurumların məsuliyyətsizliyi ucbatından baş verən yol qəzalarına görə həmin qurum cərimə ödəməlidir. Təəssüf ki, sürücülərimiz bu məsələ ilə bağlı hüquqlarını bilmirlər. Ona görə də müvafiq qurumlara qarşı sürücülər tərəfindən məhkəmədə iddia qaldırılmır. Tövsiyə edərdim ki, sürücülər hüquqlarını öyrənsinlər və zərərə uğradıqda müvafiq quruma qarşı iddia qaldırsınlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh