Tədris ilində tıxacdan necə qurtulmaq olar? – Ekspert yollardan danışdı

Gündəm 17 Sentyabr 2019 16:34 Oxunub 1759
Tədris ilində tıxacdan necə qurtulmaq olar? – Ekspert yollardan danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sadəcə vətəndaşlara, sürücülərə xəbərdarlıq etməklə iş bitmir”

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Agentlikdən verilən məlumata görə, yeni dərs ilinin başlaması ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: “Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək”.

Bəs tədris ilində sıxlığın qarşısını almaq üçün daha hansı tədbirlər görülə bilər?

“Sadəcə vətəndaşlara, sürücülərə xəbərdarlıq etməklə iş bitmir”

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Azadinform-a danışıb: “Dərs ili ilə bağlı şəhərdə müşahidə olunan sıxlıq bizi yenə də “sevindirdi”. Həmişəki ənənə pozulmadı. Çox təəssüflər olsun ki, aidiyyəti qurumlar sadəcə olaraq “o işi gördük”, “bu işi gördük” deyə-deyə bir gün qalmış xəbərdarlıq etdilər ki, tıxac ola bilər, diqqətli olun. Dərs ili başlayanda tıxacın Bakıdan əskik olmayacağını onsuzda hamı bilir. Dünən də bəzi küçə və prospektlərdə şəhər iflic vəziyyətdə idi. Düşünürəm ki, bu istiqamətdə ciddi bir iş görmək lazımdır. Sadəcə vətəndaşlara, sürücülərə xəbərdarlıq etməklə iş bitmir”.

“Bu baxımdan dərsləri fərqli saatlara salmaqla müəyyən qədər yükü azaltmaq olar”

“Məktəblərdə dərs saatlarını fərqli etmək olar. Heç kim belə bir qanun qəbul etməyib ki, mütləq bütün dərslər 08:00-da başlamalıdır”, deyən ekspert bildirib ki, bu sovet dövründən qalmış köhnə düşüncədir: “Bu gün başa düşürük ki, ibtidai sinif şagirdlərinin mütləq saat 8-də dərsə getməsi anormal bir yanaşmadır. Bəzi məktəbləri rayonlar üzrə bölərək, 08:30-da, 09:00-da dərslərə başlamaq mümkündür. Bu yolla bir qədər avtomobil yükünü azaltmaq olar. Nəzərə almaq lazımdır ki, məktəbə gələn şagirdlərin hamısı maşınla gəlib-getmir. İbtidai sinif uşaqlarını adətən valideynlər maşınla gətirib aparırlar. Bu baxımdan dərsləri fərqli saatlara salmaqla müəyyən qədər yükü azaltmaq olar”.

“Küçələrdə dayanmanı qadağan etməklə tıxacı azaltmaq olmur”

Məktəbli avtobusu xidmətlərindən danışan E. Muradlı əlavə edib ki, dünyanın bir çox yerlərində bu xidmət var: “Elə Bakının özündə də özəl məktəblərdə bu xidmətdən istifadə olunur. Dövlət məktəblərində də valideyn komitələrinin iştirakı ilə bunu tətbiq etmək lazımdır. BNA tender elan edərək, bir neçə şirkətin vasitəsilə bu işi həyata keçirə bilər. Təbii ki, BNA, Dövlət Yol Patrul Xidməti bunu ciddi nəzarətə götürməlidir. Mənə elə gəlir ki, valideynlərin əksəriyyəti razı olar. Yəni bu cür yeni ideyalar üzərində düşünmək lazımdır. Yoxsa, küçələrdə dayanmanı qadağan etməklə tıxacı azaltmaq olmur”.

“Təhsil haqqını artırmaq olur, amma universitetlərə yığılan pullarla şəhər kənarında təzə korpuslar tikilə bilməzmi?”

Onun sözlərinə görə, tıxacı azaltmaq üçün köklü işlər görmək lazımdır: “Bəzi iri dövlət qurumları var ki, bunların şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Məsələn, “SOCAR” Azneft meydanındakı əsas binadan çıxaraq, Heydər Əliyev prospektindəki yeni binaya köçdü. Bundan sonra Azneft meydanında nə qədər azalma müşahidə olundu. Bu cür addımlar atılmalıdır. Böyük universitetlər var ki, minlərlə müəllim və tələbə maşınla gəlib-gedir. Onların ətrafında hərəkət iflic vəziyyətə düşür. Bu universitetləri şəhər kənarına daşımaq lazımdır. Necə ki, keçmiş Qafqaz Universiteti (Bakı Mühəndislik Universiteti) şəhərdən qıraqda, eləcə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Sulutəpə qəsəbəsində yerləşir. Həmin universitetlərinin necə böyük ərazisi var, tələbələr üçün hər şərait yaradılır. Yəni mütləq deyil ki, universitetlər şəhərin mərkəzində olsun. Təhsil haqqını artırmaq olur, amma universitetlərə yığılan pullarla şəhər kənarında təzə korpuslar tikilə bilməzmi?”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh