Polis olmaq istəyənlərə şad xəbər - Nazir sıra baxışı keçirəcək

Yol polisi 14 Oktyabr 2019 12:07 Oxunub 6405
Polis olmaq istəyənlərə şad xəbər - Nazir sıra baxışı keçirəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN vakant vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

Daxili İşlər Nazirliyi (DİN) vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 8-i saat 09.00-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən nazirliyin Əlahiddə Çevik Polis Alayında və Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilən şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsi sənədlərini (şəxsiyyət vəsiqəsi və hərbi bilet) təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

 

(012)-590-97-52; (012)-590-94-12;

(012)-590-92-37; (012)-590-93-45.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh