Avtosfer.az | Reklam
“Ölkəyə belə avtomobil gətirmək olmaz, təhlükəlidir...” - Ekspert
Yazarlar 19 Oktyabr 2019 01:31 192 dəfə oxunub
“Ölkəyə belə avtomobil gətirmək olmaz, təhlükəlidir...” - Ekspert
Həmin avtomobillər sonradan böyük qəzalara səbəb olur

“Azərbaycanda hər il 40 min avtomobilə ehtiyac var. Ölkədə milli valyutanın stabil qalması, iqtisadiyyatın dayanıqlığı avtomobil idxalında artım yaradan səbəblərdəndir. Statistika hər il dəyişir. 2019-cu ildəki statistika əvvəlkilərlə müqayisədə o qədər yüksək deyil. 2013-14-cü illərdə avtomobil idxalında daha böyük artım vardı”. Bu sözləri Teleqraf.com-a avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 908 ədəd avtomobil idxal edildiyinə dair məlumatı şərh edərkən deyib.

Qeyd edək ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 88,6% faiz çoxdur. Ekspertin sözlərinə görə, iqtisadiyyatda baş vermiş dəyişikliklər avtomobil idxalına da təsirsiz ötüşməyib: “Manatın devalvasiyasından sonra avtomobil idxalında azalma müşahidə edildi. Gömrük rüsumlarının, mühərrik həcminə görə alınan aksiz vergisinin artırılması ölkəyə irihəcmli komfortlu avtomobillərin idxalında kəskin azalmaya gətirib çıxardı.

4000-4500 kub santimetrlik mühərrikli avtomobillərin aksiz vergisi təxminən 30 000 manat civarındadır. Ona görə də vətəndaşlar komfortlu avtomobillər ala bilmədikləri səbəbilə qənaətcil, mühərriki kiçik avtomobillərə üstünlük verir”.

Eldəniz Cəfər ölkə vətəndaşlarının ən çox avtomobil alınması üçün qonşu Gürcüstana üz tutduğundan da danışıb: “Azərbaycana gətirilən avtomobillər içində ikinci əl avtomobilləri daha çoxdur. Bu da vətəndaşların büdcələrinə uyğun hərəkət etdiyini göstərir. Həmin ölkədən gətirilən avtomobillər ucuz olduğu üçün alıcıların marağındadır. Amma həmin avtomobillər sonradan böyük qəzalara səbəb olur. Araşdırılanda məlum olur ki, bu avtomobillərin detalları bir neçə dəfə yığılıb. Bu da həmin avtomobillərin ani manevr etməsində böyük qəzaların yaranmasına gətirib çıxarır”.

İkinci əl avtomobillərin alınmasında müştərilərin diqqətli olmasını vurğulayan ekspert bunun qarşısının alınması yollarını da göstərib:

“Təbii ki, hər il Azərbaycana avtomobil idxal olunur. Onların arasında tullantı avtomobillərə də rast gəlinir. Rəsmi olaraq bu cür avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyula bilməz. Amma bu cür avtomobilləri alanda ayıq-sayıq olmaq lazımdır. Nəqliyyat vasitəsinin texniki arayışı, istismar müddətini göstərən sənədləri tələb olunmalıdır.

Hazırda Gürcüstandan Azərbaycana ABŞ spesifikasiyalı avtomobillər gətirilir. Bu avtomobillərin alınması doğru deyil. Azərbaycan Avropa spesifikasiyasına aiddir. Avropa üçün istifadə olunan avtomobillərin alınması daha məqsədəuyğundur”.

Eldəniz Cəfər ziyanlı avtomobillərin alınamaması üçün Avropa ölkələrinin sığorta şirkətlərinin saytına müraciət etməyi məsləhət görüb: “Həmin saytda avtomobillərin yararlılıq müddəti göstərilir. Almaq istədiyiniz avtomobilləri sığorta saytlarından əldə etmək olar.

Yeni avtomobil almaq üçün isə Azərbaycanda bütün avtomobil markalarının rəsmi dillerləri fəaliyyət göstərir və onlara müraciət etmək çox asandır.

Azərbaycanda yeni avtomobil gətirilməsində problemlər var. Bu problemlər aradan götürülsə, vətəndaşlar tullantı avtomobillərə müraciət etməzlər. Tullantı avtomobillər iqtisadiyyata, ekologiyaya, insan sağlamlığına mənfi təsir göstərir”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh