Bakıda "ölüm şossesi": bu yolda hər ay insanlar ölür - VİDEO/FOTO

Gündəm 22 Oktyabr 2019 14:35 Oxunub 1080
Bakıda "ölüm şossesi": bu yolda hər ay insanlar ölür - VİDEO/FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürətli hərəkət olduğuna görə, vurulan piyadaların demək olar ki, 99 faizi ölür.

Bakıda yerüstü, yaxud yeraltı piyada keçidlərinin sayı kifayət qədər olmayan, nəticədə sürücüləri qatilə, piyadaları mərhuma çevirən yollar var. Məsələn, aeroport yolu... Belə ki, Buzovnadan Koroğluya qədər 19 dayanacaq, biri yeraltı olmaqla, cəmi 8 piyada keçidi var. Buzovna parkından Qalaya qədər isə ümumiyyətlə, keçid yoxdur. Baxmayaraq ki, orda 5-6 yaşayış məskəni mövcuddur.

Digər tərəfdən ardıcıl piyada ölümlərindən sonra bir il öncə "Xrustalnı zavod" adlanan yerin qarşısında piyada keçidinin bünövrəsi qoyuldu, amma hələ də tikintisi yekunlaşmayıb, işlər ləng gedir...

Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı Primetime.az-a danışarkən bildirib ki, qeyd edilən yolda vəziyyət ürəkaçan deyil:

“Orda “Yol Hərəkəti” haqqında qanunun tələbləri kobud şəkildə pozulur. Həmin yolda yol çiyni yoxdur, keçidlər normal vəziyyətdə deyil, o cümlədən onların sayı bizi qane etmir. Zaman-zaman orda təhlükəli hadisələrin şahidi oluruq. Bu da əsasən piyada vurmalarla bağlı olur. Həmçinin zəncirvari ağır toqquşmalar tez-tez baş verir. Təəssüflər olsun ki, bütün bunların səbəbi yüksək sürətdir. Həmin yolda yüksək sürət tətbiq olunur, amma bəzi sürücülərimiz hələ də bu cür yollarda hərəkət qaydalarını düzgün qavramayıblar və ya əməl etmirlər. Keçidlərlə bağlı təkliflər verilib, dəfələrlə mətbuatda məsələ qaldırılıb. "Xrustalnı zavod"un qarşısında tikilən keçid isə bir dəfə tikildi, yarımçıq saxlanıldı, daha sonra sökdülər, indi başqa formatda tikirlər. Ondan irəlidə yeraltı keçidin yaxınlığında tez-tez nəqliyyat hadisələri baş verir”.

E.Muradlı qeyd edib ki, keçid bir az uzaq məsafə olduğuna görə, bəzi piyadalar aşağı və ya yuxarı hissədən yolu keçirlər:

“Və orda çox sürətli hərəkət olduğuna görə, vurulan piyadaların demək olar ki, 99 faizi ölür. Bəlkə də statistika aparılsa, ayda ən az bir adam ölür. Bu baxımdan düşünürəm ki, orda hansısa bir formada qabaqlayıcı tədbirlər görmək lazımdır. Keçidlərin sayı normal olandan sonra onu bağlamaq – yolları hasarlamaq lazımdır. Çünki piyadalara görə başqa variant qalmır. Piyadaları da qınamaq olmur. Keçidləri normal vəziyyətə gətirmək, sonra hasarlamaq lazımdır ki, artıq “keçiddən keçə bilmirəm, ayağım ağrayır, başım ağrayır, qulağım cingildəyir” kimi bəhanələr gətirməsinlər, keçiddən istifadə etsinlər. Yenə də deyirəm, orda piyada keçidlərinin sayı normal deyil və bunu tezliklə aradan qaldırmaq lazımdır. Qanunun tələbləri bütün yollarda icra olunmalıdır. Həmin yollar yüksək sürətli olduğu üçün ən azı 300-700 metrdən bir piyada keçidi olmalıdır. Lakin illərdir bu problem qalır və keçid də yoxdur”.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə saytımıza açıqlamasında bildirib ki, Buzovnadan Koroğluya qədər müəyyən yerlərdə keçidlər mövcuddur:

“Amma bundan əlavə, Bakı Nəqliyyat Agentliyi təhlillər aparıb, xüsusən də bu cür sürəti yüksək olan küçələrdə. Və həmin küçələrdə ümumilikdə 41 yerdə müxtəlif səviyyəli piyada keçidinin – bu, yeraltı yaxud yerüstü ola bilər – inşası ilə bağlı təkliflər verib. Həmin təkliflər qurumlarla razılaşdırılıb. Məsələn, Mərdəkan yol qovşağının Buzovna istiqamətində, Qala-Pirallahı yolunda, Heydər Əliyev prospektində və bu kimi ciddi zərurət olan yerlərdə piyada keçidləri olacaq. Biz təklif vermişik, onu layihələndirmək, tikmək isə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işidir”.

Məsələ ilə əlaqəli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Primetime.az-a danışarkən bildirib ki, aidiyyatı qurumlarla birlikdə təkliflər hazırlanıb:

“Təkcə qeyd edilən yollar deyil, digər piyada keçidinin tikintisinə ehtiyac olan yollarla bağlı da təkliflərimizi vermişik. Bu, bizim qərarımızla olmur. Hər hansı bir ərazidə keçidin yaxud yeraltı, yerüstü piyada keçidlərinin tikintisi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı əsasında olur. Bununla bağlı qərar olan zaman maliyyə vəsaiti ayrılır və ərazidə piyada keçidləri inşa olunur. Necə ki, həmin təkliflər əsasında 2016-2018-ci illərdə 22 yerüstü, 3 yeraltı piyada keçidi inşa olunub. Hazırda 7 ərazidə yeraltı, yerüstü piyada keçidləri inşa olunur. Növbəti illərdə bu, davam edəcək. Həmin yollar üçün də nəzərdə tutulub. Məsələn, Buzovna yolunda artıq birinin inşasına başlanılıb”.

A.Nəcəfli qeyd edib ki, Xrustalnı zavodun qarşısında bünövrəsi qoyulan yerüstü keçidin tikintisinin isə gələn ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh