Yol polisindən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

Yol polisi 1 Noyabr 2019 10:49 Oxunub 1258
Yol polisindən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm yol polisinin fəaliyyəti, həm də sürücülərin intizamlı olmağı qəzaların qarşısını alacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə sürücüləri diqqətli olmağa, təyin edilən sürət həddini aşmamağa çağırıb.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a verdiyi açıqlamasında bildirib ki, sürücülər bu cür hava şəraitində avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır.

“Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər. Sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafda hərəkət edən piyadaları da nəzər almalıdırlar. Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Buna maksimum dərəcədə diqqət edilməsi tövsiyə olunur.”

Vaqif Əsədov bildirib ki, yağışlı hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının çirklənməsi səbəbindən də bir sıra problemlər yarana bilir. “Sürücülərdən xahiş edirik ki, hava şəraitindən asılı olmayaraq, nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsinə diqqət etsinlər. Əks təqdirdə, belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsində deyilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla, sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər hava şəraiti nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər-hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin Yol Hərəkəti Haqqında qanunda yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".

V.Əsədov belə hava şəraitlərində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalarını, bütün diqqət hərəkət istiqamətin olmalarını, avtomobilin bütün texniki xarakteristikasını gözünün önündə canlandırıb, nəqliyyat vasitəsini ona görə idarə etməli olduğunu bildirib: "Əgər, sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar".

Şöbə rəisi onu da əlavə edib ki, işıqforların düzgün işləməməsi bir sıra küçə və prospektlərdə maneələr yaradır. “YPX əməkdaşları həmin ərazilərdə nizamlayıcı qismində xidmət aparır. Ümid edirik ki, həm yol polisinin fəaliyyəti, həm də sürücülərin intizamlı olmağı qəzaların qarşısını alacaq.”

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh