Avtosfer.az | Reklam
“Zibil maşınlarının bəzi sürücüləri işə sərxoş vəziyyətdə çıxır” - Nəqliyyat eksperti
Yazarlar 21 Noyabr 2019 20:15 288 dəfə oxunub
“Zibil maşınlarının bəzi sürücüləri işə sərxoş vəziyyətdə çıxır” - Nəqliyyat eksperti
“Bu sürücülərin arasında qəbul edilmiş, yazılmamış bir qanun var”

Hərəkətin intensiv olduğu vaxtlarda tullantı daşıyan maşınların yollara çıxması, onsuz tıxac olan küçələrdə hərəkəti daha da çətinləşdirir. Bu hal əsəbləri tarıma çəkilən sürücüləri daha da hövsələdən çıxararaq, bəzən də qəzalara da səbəb olur. Bəs zibil maşınlarının hərəkəti qanunla necə tənzimlənir? Bu avtomobillərin iş rejimi necə qurulur?

Avtosfer.az xəbər verir ki, “Ölkə.az” olaraq bu problemlə bağlı nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik.

Ekspertin fikrincə tullantı daşıyan maşınların iş rejiminə mütləq şəkildə ciddi nəzarət edilməlidir: “Kommunal təsərrüfat avtomobillərinin hərəkəti ilə bağlı müəyyən məhdudiyyətlər var, onlar üçün xüsusi vaxt müəyyənləşdirilib. Günün pik saatlarında onların hərəkət etməsi, daha doğrusu nəqliyyatın sıx olduğu ərazilərə çıxması məqsədəuyğun deyil. Çünki, həmin avtomobillər aşağı sürətlə hərəkət edir, həm də onların yol qırağında dayanması ciddi sıxlığa səbəb olur. Bu da yolda olan digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Bu məsələyə aidiyyəti qurumlar, xüsusən də İcra Hakimiyyətləri, Mənzil Kommunal Təsərrüfatı Birliyi ciddi şəkildə diqqət etməlidirlər”.

E.Muradlının fikrincə bu avtomobillərdə çalışan sürücülər iş rejimini heç kəsi düşünmədən özlərinə uyğun təyin edirlər:  “Bəzən görürsünüz ki, axşam hansısa sürücünün iştirak etməli olduğu məclisi var. Toy, nişan və yaxud ad günündə iştirak edəcək. Onda həmin bu sürücü öz planlarına uyğun iş qrafikini qurur. Onun nə vecinə, kim harada tıxacda qaldı, hansısa xəstə vaxtında xəstəxanaya çatdırılmadı. Yəni o, öz işinə görə başqalarına diskomfort yaradır. Burada problem təkcə nəqliyyat axınında yaratdığı sıxlıq deyil, həmçinin zibil maşınlarının hərəkət etdikcə ətrafa yaydığı pis qoxudur”.

Əməkdaşımızın “Bəs, qanunla onların iş rejimi necə nizamlanır?” sualına ekspert belə cavab verib:  “Tullantı daşıyan maşınlar üçün xüsusi vaxt ayrılıb. Bu axşam saat 9-dan səhər saat 5-6-ya qədərdir. Hələ də bəzi icra nümayəndələri, “jeklər” işlərini müəyyən çərçivəyə sala bilməyiblər, qanun - qaydaları pozurlar. Bəzən görürsən ki, iri tutumlu zibil maşınlarını nəqliyyatın ən gur hərəkətdə olan ərazilərinə buraxırlar. Bütün inkişaf etmiş meqapolislərdə müasir kiçik həcmli zibil maşınlarına daha çox üstünlük verirlər. Çünki onların hərəkəti, məhəllələrə giriş-çıxışı daha rahatdır, təhlükəsizdir, həm də heç kəsə problem yaratmır. Düşünürəm ki, Təmiz Şəhər ASC-i, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyətləri bu məsələlərə daha ciddi diqqət yetirəcəklər”.

Ekspert bildirib ki, bu cür qanun pozuntusuna görə heç bir cərimə yoxdur, bu sadəcə aidiyyatı orqanlar tərəfindən tənzimlənməlidir. “Burada qanunla bir cərimə yoxdur. Sadəcə, olaraq bu daxili qaydalarla müəyyənləşməlidir. Bu məsələ qaraj müdirləri, Mənzil İstismar Sahələrinin rəhbərləri tərəfindən nəzarətə götürülməlidir. Ancaq çox təəssüflər olsun ki, buna diqqət yetirilmir”.

 O, xüsusən qış aylarında tullantı daşıyan maşınların sürücülərinin hətta işə sərxoş gəldiyini də bildirib: “İnanırsınız, bu avtomobillərin bəzi sürücüləri işə sərxoş vəziyyətdə çıxırlar. Onların iş rejimi səhər saat 5-6 arası başlayır. Bu sürücülərin arasında qəbul edilmiş, yazılmamış bir qanun var. Soyuqdan donmamaq üçün səhər xaş yeyib, araq içirlər. Ona görə də qış ayları gələn kimi, onların əksəriyyəti sərxoş olurlar. Mən düşünürəm ki, qaraj müdirləri bunu ciddi nəzarətə götürməlidirlər. Tibbi nəzarət bərpa olunmalıdır. Çünki, sərxoş vəziyyətdə yola çıxan sürücü yol hərəkət qaydalarını kobud şəkildə pozaraq, nəinki özünün, digər vətəndaşların da həyatını təhlükəyə atır. Halbuki, yol hərəkəti haqqında qanunda onlara heç bir üstünlük verilməyib. Bildiyimiz kimi yolda yalnız operativ nəqliyyat vasitələrinin xüsusi üstünlüyü var. Bir də görürsünüz ki, hərəkətin əks istiqamətinə çıxıb qəza vəziyyəti yaradırlar. Yaxud şəhərdə avtomobillərin sıx olduğu ərazidə yüksək sürətlə hərəkət edirlər. Xüsusən yağmurlu havalarda yol hərəkət qaydalarına ciddi əməl olunmalıdır. Belə havalarda adi günlərdən daha sıx tıxaclar müşahidə olunur, hərəkət çətinləşir, hər an qəza vəziyyəti yaranır. Buna qeyri-ciddi yanaşmaq olmaz. Təsəvvür edin, ağır tonnajlı avtomobilin toqquşduğu minik maşını hansı vəziyyətə düşər, belə vəziyyətdə insan itkisi də qaçınılmaz olur”.

Ekspert bu avtomobilərin texniki vəziyyətlərindən də söz açıb: “Yadınızdadırsa, bir dəfə zibil maşını qəzaya səbəb olmuşdu. Deməli, Heydər Əliyev prospektindən gəlib, Yusif Səfərov küçəsinə çıxarkən tunelə düşmüşdü. Çünki bu avtomobillərin əksəriyyəti texniki baxımdan nasaz vəziyyətdədir. Bu nəqliyyat vasitələri vaxtında texniki baxışdan keçirilmir. Mən istəyərdim ki, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələyə ciddi diqqət yetirsin. Qaraj müdirlərinə, onların təmir mərkəzlərinə ciddi tapşırıqlar verilsin. İstismara yararlı olmayan avtomobilləri yollara buraxmasınlar. Bundan başqa vaxtı-vaxtında həmin nəqliyyat vasitələri dezinfeksiya olunsun”.

Sonda ekspert DYP-yə də müraciət edib: “Mən bir daha Dövlət Yol Polisi əməkdaşlarına səslənirəm. Tullantı daşıyan maşınların sürücülərini saxlayarkən, onları, mütləq tibbi müayinədən keçirsinlər”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh