Yol polisi hadisə yerini tərk edən hansı sürücünü cərimələyə bilər? - QAYDA

Yazarlar 7 Yanvar 2020 16:30 Oxunub 8905
Yol polisi hadisə yerini tərk edən hansı sürücünü cərimələyə bilər? - QAYDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunvericiliyə görə təqsiri olmayan sürücü məsuliyyətə cəlb edilə bilməz

Yol qəzaları zamanı hadisə yerindən yayınan sürücülərin məsuliyyət məsələsi ilə bağlı bəzən sürücülərdə çaşqınlıq yaranır. Bununla bağlı redaksiyamıza dəfələrlə müraciətlər daxil olub.
Avtosfer.az xəbər verir ki, 2016-cı il may ayının 1-dək yol nəqliyyat hadisəsi zamanı hadisə yerini tərk etmiş hər bir sürücü məsuliyyətə cəlb edilirdi. Lakin 2016-cı il mayın 1-də qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində hadisə yerindən yayınan sürücülərin məsuliyyət məsələsinə dəyişiklik edildi. Edilmiş dəyişiklikdə yalnız təqsirkar sürücünün məsuliyyəti nəzərdə tutuldu. Məcəllədə olan norma belədir:
“Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir”. Edilmiş dəyişiklikdə qeyd olunub ki, yol nəqliyyat hadisəsi yerindən yayınmış sürücülərdən qəzanı kim törədibsə (qəza hansı sürücünün səhvi nəticəsində baş veribsə) hadisə yerindən yayınmağa görə yalnız həmin sürücü məsuliyyətə cəlb edilər bilər.
Buradan sual yarana bilər ki, əgər qəza hər iki sürücünün qayda pozuntusu nəticəsində baş veribsə və hər iki sürücü hadisə yerini tərk edibsə, hadisə yerindən yayınmağa görə kim məsuliyyətə cəlb edilməlidir? Belə olan halda yol hərəkəti qaydasını pozaraq qəzaya səbəb olmuş hər iki sürücü hadisə yerindən yayındığına görə məsuliyyətə cəlb ediləcək.
Bəzən sürücülər sual ünvanlayaraq soruşurlar: “Mənim qəzada heç bir günahım yox idi, lakin hadisə yerindən yayınmağıma görə polis məni məsuliyyətə cəlb etmək istəyir. Bu nə dərəcədə doğrudur?”.
Bu cür hadisə ilə qarşılaşmış sürücülərə bildiririk ki, onlara qarşı olunan bu hərəkət qanunvericiliyə ziddir. Çünki qəzada sizin təqsiriniz olmadığı üçün mövcud qanunvericiliyə görə təqsiri olmayan sürücü məsuliyyətə cəlb edilə bilməz.
Sürücülərə tövsiyə edirik ki, yol nəqliyyat hadisəsi baş verərkən sizin günahınızın olub-olmamasından asılı olmayaraq polisə müraciət edin.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh