“Ancaq pul gözü ilə baxırlar” - İnsanları bu fırıldaqdan necə xilas etmək olar?

Gündəm 23 Yanvar 2020 14:06 Oxunub 749
“Ancaq pul gözü ilə baxırlar” - İnsanları bu fırıldaqdan necə xilas etmək olar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər bundan sui-istifadə etməsinlər

Azərbaycan vətəndaşları, xüsusən də ölkəyə gələn turistlər çox vaxt həqiqi gediş haqqını dəfələrlə artıran taksi sürücülərinin fırıldağına məruz qalırlar. Bununla bağlı sosial şəbəkələrdə də tez-tez ittihamlar səslənir.

Bəs görəsən, taksi xidmətləri sahəsinə necə nəzarət olunur? Taksometr problemi nədən qaynaqlanır? Müştəriləri bu fırıldaqdan necə xilas etmək olar?

Mövzu ilə əlaqədar “Yeni Sabah”-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksiçilik xidməti üzərində müəyyən vahid sistem qurulmalıdır:

“Taksilərdə qiymət məsələsini dəfələrlə qeyd etmişik ki, vahid bir sistem şəklində olsun, Tarif Şurası tərəfindən kilometrə görə, vahid bir qiymət tətbiq edilsin. Dünyanın bir çox ölkələrində olan təcrübəni nəzərə alaraq, pik saatlarda fərqli qiymət tətbiq etmək olar. Taksi sürücülərini də başa düşmək lazımdır ki, Bakıda elə saatlar olur ki, 2-3 sərnişin daşıya bilərdisə, pik saatlarda o saatı ancaq bir müştəriyə sərf edir. Ancaq yenə də elə bir qiymət təbiq etmək lazımdır ki, sürücülər bundan sui-istifadə etməsinlər. 

Buna hər halda geniş bir araşdırma lazımdır. Ancaq taksometrlərin quraşdırılması maliyyə məsələsi ilə bağlıdır. Bəzi sürücülərə al və maşınında quraşdır desək, çox gümanki, əksəriyyəti taksi sürməkdən və ya cihazı quraşdırmaqdan imtina edəcək. 

Taksi bir xidmət növüdür. Bu xidmət növünün keyfiyyəti nəzərə çarpacaq dərəcədə olmalıdır. Necə ki, ictimai nəqliyyatın digər bir növündə - avtobus və ya metrolarda bu islahatlar gedir, vaxt gələcələk artıq taksilərdə də bu sistem öz sözünün deyəcək. Hələ ki, aidiyyatı qurumlar avtobuslarla maraqlanır, şikayətlər də çoxdur. 

Bizdə məhz taksilərə nəzarət edən qurum yoxdur. Sadəcə onların fəaliyyətinə icazə verən qurum – BNA (Bakı Nəqliyyat Agentliyi) var. Taksi sürücüsü müraciət edir, fərqlənmə nişanı alır və VÖEN açılır, vergi uçotunda dayanır. Beləliklə, fəaliyyətə keçə bilir. Gəncədə Gəncənin nəqliyyat departamenti və digər bölgələrdə isə  Dövlət Avtomobil Nəqliyyatı Xidməti buna nəzarət edir. Sadəcə vətəndaşlar tərəfindən müraciət olanda ona baxılması mexanizmi və digər hallar həll edilməsində çətinliklər baş verir. Avtobus sürücüsündən BNA-ya müraciət etdikdə, BNA da həmin daşıyıcı şirkətə xəbərdarlıq edir və sürücü haqqında müəyyən tədbirlər görülür. Taksi sürücüsünün mənsub olduğu heç bir şirkət yoxdur. Taksi sürücüsü fiziki şəxsdir”. 

O, taksilərlə bağlı maraqlı təklif də irəli sürüb:

“Taksi xidmətinin yaxşılaşdırılması üçün müəyyən işlər görmək olar. Məsələn, taksidə unudulmuş əşyaların qaytarılması üçün müəyyən mərkəz yaratmaq olar, taksi sürücüləri ilə təlim keçmək olar, taksi sürücülərinin birliyini yaratmaq olar. Onlarla zaman-zaman görüşülsün, mənəvi-psixoloji söhbətlər aparılsın. Bəzi taksi sürücüləri yalnız pula hərislənib, müştəriyə ancaq pul gözü ilə baxırlar. Amma müştəri ilə normal ünsiyyət, normal söhbətlər, müştəriyə yaxşı qulluq daha çox qazanc deməkdir”. 

Ekspert həmçinin beynəlxalq təcrübədə bu məsələnin necə tənzimlənməsi məsələsinə də toxunub:

“Beynəlxalq təcrübədə vahid geyim formasında olanlar, vahid rəng formasında olan taksilər var. Azərbaycanda da qanun qəbul olunub ki, taksilər yalnız üç rəngdə ola bilər: sarı, ağ, bənövşəyi. Amma bizdə hər rəngdə taksi var. Taksinin vizual görünüşü, onun içərisinin təmizliyi, sürücü normal, səliqəli geyimdə olmalıdır, rus və ya ingilis dilində elementar şeyləri bilməlidir. Xarici ölkələrə getdikdə demək olar ki, taksi sürücülərinin əksəriyyəti ingiliscə bilir. 

“London” taksiləri Dövlət Avtomobil Nəqliyyatı xidmətinin balansındadır. Taksilərin əksəriyyətini fərdi taksilər təşkil edir. Belə sürcülərin əksəriyyətinin ikinci işi taksiçilik olur. Amma iş tapa bilməyib, buraya gələnlər də olur, həvəs kimi baxanlar da. Sürücü müəyyən keyfiyyət standartlarına cavab verməldir”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh