Avtosfer.az | Reklam
Elektromobil və hibrid avtomobil almaq niyə sərfəlidir?
Texnologiya 12 Fevral 2020 16:35 436 dəfə oxunub
Elektromobil və hibrid avtomobil almaq niyə sərfəlidir?
Firdovsi Əliyev avtomobilin ekoloji cəhətdən təmizliyi ilə yanaşı, az yanacaq sərfiyyatı ilə büdcə vəsaitinə də qənaət edildiyini bildirib

Avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılması, ekoloji cəhətdən təmiz elektromobil və hibrid avtomobillərdən istifadənin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib.

Avtosfer.az Sputnik.az-a istinadən xəbər verir ki, müzakirələrdə Daxili İşlər, Maliyyə və Energetika nazirliklərinin, Dövlət Avtomobil Nəqliyyatı, Dövlət Vergi Xidmətlərinin, Bakı Nəqliyyat və Avtomobil Yolları Dövlət Agentliklərinin əməkdaşları iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ölkədə atmosfer havasına atılan zərərli maddələrin böyük bir hissəsinin avtonəqliyyatın payına düşdüyünü və bu səbəbdən də köhnə avtoparkın yenilənməsinin, elektromobil və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılmasının vacibliyini qeyd edib. O, nazirliyin hibrid avtomobillərinin istifadəsinə üstünlük verdiyini, hazırda öz xidməti avtomobilinin də hibrid olduğunu diqqətə çatdırıb və avtomobilin ekoloji cəhətdən təmizliyi ilə yanaşı, az yanacaq sərfiyyatı ilə büdcə vəsaitinə də qənaət edildiyini bildirib.

Görüşdə Azərbaycanda köhnə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, hibrid avtomobillərinin istifadəsi ilə havaya atılan zərərli tullantıların həcmini azaltmaqla ölkənin ekoloji durumunu yaxşılaşdırmağın mümkünlüyü qeyd olunub. Dünyanın bir çox ölkələrində elektrik və hibrid avtomobillərinin daha əlçatan olması üçün genişmiqyaslı strategiyaların həyata keçirildiyi, bu avtomobillərin alıcılarına və satıcılarına müxtəlif tipli güzəştlərin tətbiq edildiyi və belə təşviqedici addımların yaxşı nəticələr verdiyi barədə fikir mübadiləsi aparılıb. Ölkəmizdə də elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin daha da sürətlənməsinin vacibliyi vurğulanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh