Avtosfer.az | Reklam
Parkinq mədəniyyətimiz niyə zəifdir? - FOTO
Yazarlar 20 Fevral 2020 18:55 389 dəfə oxunub
Parkinq mədəniyyətimiz niyə zəifdir? - FOTO
Daha ciddi problemimiz beynimizdədir...

Bakı avtomobillərin sayına və yerləşməsinə görə o qədər də sıx şəhər hesab olunmur. Dünya praktikası ilə yanaşdıqda hətta paytaxtımız avtomobil sayına görə normadan aşağı şəhərdir. Amma bizim gözümüzlə baxdıqda məsələ tamamilə fərqli görünür. Şəhərin mərkəzi hissələrində sanki adama elə gəlir ki, dünyanın bütün avtomobilləri buradadır. Bəs buna səbəb nədir?

Avtosfer.az xəbər verir ki, "MediaPost" paytaxtın parkinq problemlərini ortaya çıxaran səbəbləri və bunun nəticəsində yaranacaq hadisələri təhlil edib.

100 kvadrat yerə 2000 avtomobil...

Bakıda cəmi iki yerdə olsa da, dünyanın bir çox şəhərlərində çoxmərtəbəli parkinqlər fəaliyyət göstərir. Kənardan baxanda yerdə cəmi 100 kvadratmetr ərazini tutan bu məkan yaşayış binasını xatırladır. Amma içərisində 2000-2500 avtomobili "qonaq" edə bilir. Təsəvvür edin ki, həmin 2000 avtomobil ətrafda yerləşsə, şəhər sıx görünməzmi?

Mənim ürəyim belə istəyir...

 

Parkinq mədəniyyətimiz niyə zəifdir?

Təbii ki, qeyd etdiyimiz məsələ kifayət qədər vəsait və vaxt tələb edir. Amma mümkünsüz də deyil. Amma bundan daha ciddi problemimiz beynimizdədir. Əksər sürücülər avtomobili park edən zaman yalnız öz rahatlığını düşünür. Məsələn, iki avtomobilin yerini tutmaq, yaxud ikinci, üçüncü sırada saxlamaq kimi adət alan hallar sözün həqiqi mənasında acınacaqlı mənzərədir. Yəni insan bu qədərmi düşünməz ki, mən digərinə maneə yaradıram. Həmin adamı danışdıran zaman isə "nə olsun eee, hamımız azərbaycanlıyıq" kimi ifadə işlədir. Əzizlərim, azərbaycanlı olmaq, qayda pozmaqla tam tərs mütənasibdir. Bunu xalqın mental xüsusiyyətləri sırasına salmaq tamamilə yanlışdır.

Bura mənim yerimdir...

Təəssüflə qeyd etmək istərdik ki, parkinq mədəniyyətində daha bir problem "mənim yerim" anlayışıdır. Xüsusilə yaşayış binalarının qabağında bu məsələ aktualdır. Sürücülər müxtəlif vasitələrlə binanın qabağını özününküləşdirir. Dəmir basdıran, zəncir çəkən, qıfıl vuranlar az deyil. Saatlarla boş qalan yerdə kimsə park edə bilmir. Səbəb isə bu yerin "şəxsi" olmasıdır. Təbii ki, nə qanunvericilikdə, nə də etik normalarda bu anlayış yoxdur. Sürücülər bundan narazılıq edir. Çarə isə hələ ki, tapılmayıb. Çünki bunu da mental xüsusiyyətlər ilə əlaqələndirirlər.

Parkinq mədəniyyətimiz niyə zəifdir?

5 dəqiqə ilə heç nə olmaz?

Hər hansı səbəbdən yolun hərəkət hissəsində avtomobil park etmək qadağandır. Amma sürücülər bunu edir və özlərinə "5 dəqiqə ilə nə olacaq ki?" fikri ilə haqq qazandırmağa çalışırlar. Amma diqqət edək ki, 5 dəqiqə ərzində nə baş verə bilər. Bu müddətdə təcili yardım xəstəyə yetişməyə bilər ki, bir insan həyatını itirər. Yaxud yanğın yerinə 5 dəqiqə gec çatmaqla hansı dəhşətli hadisələr baş verər. Bəlkə də həmin 5 dəqiqədə yol polisinin əraziyə gec çatması, qəzaya səbəb olar. Bütün bunlar üçün isə 5 dəqiqə kifayət qədər böyük vaxtdır.

P.S. Kanadada ikinci sırada park edib gedən rusiyalı turist 1000 dollar cərimə olunub. Təbii ki, imkanlı olan bu şəxs cəriməni asanlıqla ödəyib. Bu hadisə bir ay ərzində iki dəfə təkrarlanıb. İkinci dəfədən sonra Kanada polisi həmin şəxsi məcburi olaraq psixoloji yoxlamaya aparıb. Çünki onlar bu hərəkətin məntiqi izahını tapmaqda çətinlik çəkiblər...

Orxan Əli

ŞƏRH YAZ
Ad
E-mail
Şərh