Ən təhlükəsiz nəqliyyat vasitələri - TOP ONLUQ
İstər televiziya, istər elektron mətbuat hər gün avtomobil qəzaları, qatarların relsdən çıxması və toqquşması, təyyarə qəzası kimi faciəvi xəbərləri yayımlayır. Bir çox hallarda bu qəzalar insan ölümü ilə nəticələnir. Görəsən dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır? Avtosfer.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu gün ən təhlükəsiz 10 nəqliyyat vasitəsinin siyahısını təqdim edir. Siyahı 2016-2017-ci illər üzrə statistik məlumatlar əsasında hazırlanıb.
10. Moped və motosiklet - ən təhlükəli nəqliyyat vasitəsi
Statistika - 1.5 milyard kilometrə 125 ölüm
Moped və motosikletləri ən təhlükəsiz nəqliyyat vasitəsi adlandırmaq olmaz. Yollarda motosiklet sayı ümumi nəqliyyat vasitələrinin cəmi 1 %-ini təşkil etsə də, qəzalarda sürücü ölümü 20 % təşkil edir.
9. Velosiped
Statistika - 1.5 milyard kilometrə 35 ölüm
Ən ekoloji və ən təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Velosipedçilərin ölümündə ən çox günahkar avtomobil sürücüləri olur.
8. Metro
Statistika - 1.5 milyard kilometrə 25 ölüm
Metroda kütləvi hadisələr çox təhlükəlidir. Məsələn, vaqonun relsdən çıxması, yanğın, eskalatorda problem və qatarların toqquşması. Qapalı məkanda baş verən faciələr isə panikaya səbəb olur və qurbanların sayını artırır. Bakı metrosunda baş verən qəza və partlayışları yada salmaq kifayətdir.
7. Su nəqliyyat növü
Statistika - 1.5 milyard kilometrə 20 faciəvi hadisə
Bu gün su nəqliyyatı ilə səyahət etmək qədim dövrlərə nisbətən daha təhlükəsizdir. Bir çox hallarda gəmilərdəki ölüm göyərtədən dənizə yıxılmaq səbəbindən ortaya çıxır.
6. Kosmik gəmilər
Statistika - 1.5 milyard kilometrə 7 ölüm
Kosmik gəmidə uçmaq motosiklet sürməkdən ən azı 17 dəfə təhlükəsizdir. Kosmik tədqiqatların tarixində cəmi üç kosmik gəmi geri qayıtmayıb.
5. Mikroavtobuslar
Statistika - 1.5 milyard kilometrə 5 ölüm
Əvvəllər Bakıda da mikroavtobuslar dəbdə olsa da, son bir neçə ildə onları iritutumlu avtobuslar əvəz edib. İndi mikroavtobuslar kənd və rayonlar arası səfər edir. Qəzaların əsas səbəbi sükan arxasına səriştəsiz sürücülərin keçməsidir.
4. Avtomobil
Statistika - 1.5 milyard kilometrə 4 ölüm
Dünya üzrə statistika belədir. Deyəsən sorğu və statistik rəqəmləri incələyəndə Azərbaycan və Türkiyə kimi dövlətlər nəzərə alınmayıb. Çünki həm Azərbaycanda, həm qonşu Türkiyədə avtomobil qəzalarının nə qədər can aldığı məlumdur.
3. Avtobus
Statistika - 1.5 milyard kilometrə 1 ölüm
İri tutumlu avtobuslar əsasən peşəkar sürücülərə həvalə edildiyindən ən təhlükəsiz nəqliyyat vasitələri sırasında üçüncü pillədə qərarlaşıb. Rəqəmlər pis deyil.
2. Qatarlar
Statistika - 1.5 milyard kilometrə 0.2 ölüm
Dəmir yolu ilə səyahət ən təhlükəsiz nəqliyyat vasitələri arasında gümüş medalçıdır. Qərb ölkələrində dəmiryolu nəqliyyatı təhlükəsiz sayılsa da, Şərqdə, xüsusən də Hindistanda bunu demək bir az çətindir. "İnvestopedia" qurumunun hesablamalarına əsasən, bir insanın avtomobilə nisbətən qatarda sağ qalma şansı 1000 dəfə çoxdur.
1. Təyyarə
Statistika - Ölüm ehtimalı 1:8.000.000.0
Bir neçə il ərzində təyyarələr ən təhlükəsiz nəqliyyat vasitəsi hesab edilib. Bu il baş verən bir neçə təyyarə qəzası da bu nəqliyyat vasitəsini dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsi sıralamasında liderliyini qorumağa mane olmayıb. Qəzaya uğrayan təyyarədə sağ qalma şansı çox azdır. Amma statistikaya görə, təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir. 1.5 milyard kilometrə 0.5 ölüm hadisəsi qeydə alınıb.