Bakıdan Balakəna rahat və təhlükəsiz qatar səfərləri başlaylır – Üstünlüklər - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Dəmir Yolları QSC yeni ildən Bakı-Balakən qatarını istifadəyə verəcək. Avtosfer.az-ın məlumatına görə, yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq:
“Pandemiyadan öncə isə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Ümumilikdə təxminən 1 saatdan çox vaxta qənaət etmiş olacağıq.
Sürətin çox da yüksək olmaması onunla bağlıdır ki, qatar yaşayış zonalarından keçir deyə, sürəti artırmaq praktiki olaraq mümkün deyil və təhlükə yarada bilər. Bundan başqa, yataq tipli qatarlarda sürətin oturaq tipli qatarlara nisbətən daha az olması bir neçə əsas amillə bağlıdır. Bu qatarlarda hərəkətin stabil və daha titrəyişsiz olması üçün sürət tənzimlənir ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlər rahat yata, istirahət edə bilsinlər.
Sərnişinlərin mənzil başına daha tez, yəni gecə yarısı çatması onlara çətinlik yaradır. Belə ki, digər ictimai nəqliyyat növləri gecə saatlarında işləmədiyi üçün sərnişinlərin stansiyadan son mənzilə çatması çətinləşir. Bütün qeyd edilənlər qurum tərəfindən tərtib olunan layihə əsasında həyata keçiriləcək ki, bu da vətəndaşlarda mənzil başına daha rahat və cəlbedici səyahət hissi yaradacaq. Digər uzaq səfərlərlə ələqədar da belə məsələlərin nəzərə alınması arzuolunandır.
Eyni zamanda, dəmiryol infrastrukturu və texniki avadanlıq da sürətə təsir edir. Yataq tipli qatarlarda çəkisi daha ağır olan avadanlıqlar və komfort üçün nəzərdə tutulmuş yataq yerləri mövcuddur ki, bu da yüksək sürətə imkan vermir.
Dünya təcrübəsində də yataq tipli qatarlarda sürət adətən daha aşağı olur, çünki bu xidmətin məqsədi rahat gecə səyahətinin təmin edilməsidir”.
Elməddin Muradlının sözlərinə görə, istismar uzunluğu 164 km olan Yevlax-Balakən sahəsinə 2023-cü ildə yollara, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Qatarların hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər planı hazırlanaraq genişmiqyaslı təmir işlərinə başlanılıb. Təmir zamanı sahədə olan yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, həmçinin qüsurlu süni qurğularda təmir işləri aparılıb, qorunmayan keçidlərdə müxtəlif növ təmir işləri aparılıb, çatışmayan yol nişanları əlavə olunub. Sahədə nəzərdə tutulan işlər başa çatdırılaraq qatarların təhlükəsiz hərəkəti təmin olunub və hərəkət sürətində dəyişiklik edilərək artırılıb.
Marşrut:
Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.
Sərnişin rahatlığının təmin edilməsi məqsədilə Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz “W-Fi” xidməti aktiv ediləcək. Bütün stansiyalarda - Şəki, Qax Zaqatala, Balakən- avtomobilləri saxlamaq üçün yerlər mövcuddur.
Ekspert hesab edir ki, yataq tipli vaqonlarda gecə səyahəti bir sıra üstünlüklərinə görə cəlbedicidir. Birincisi, vaxta qənaət edirik. Çünki gecə səyahət etmək gündüz saatlarından daha səmərəli istifadə etməyə imkan verir. Sərnişin səyahət zamanı gecə yatır, yeni günə səhər tezdən başlayır:
“Oturaq tipli vaqonlardan fərqli olaraq, yataq tipli vaqonların çarpayılarında rahat şəkildə yatmaq olur. Qatarda gecələməklə bir gecəlik hotel və ya hosteldə qalmaq xərcinə qənaət edə bilərsiniz.
Hava limanlarında və avtovağzallarda uzun qeydiyyat prosedurlarından kənar olmaq dəmir yolunda səfəri stressiz edr. Qatarların gecikmə ehtimalı aviauçuşlarla müqayisədə daha azdır; həmçinin qatarlara minik müddəti təyyarəyə minik müddəti ilə müqayisədə olduqca azdır. O ki qaldı minik avtomobilləri və avtobuslarla müqayisəyə, avtomobil nəqliyyatı vasitələri ilə uzaq məsafəyə səyahət etmək yorucudur, qatar kimi rahat deyil.
Unutmaq olmaz ki, turistik baxımdan da qatarda səyahət daha cəlbedicidir. Qatarlar tez-tez gözəl və əlçatmaz yerlərdən keçərək təbiətin bənzərsiz mənzərələrini təqdim edir.
Yataq tipli vaqonlarda daha çox şəxsi məkan və bir növ, məxfilik əldə etmək olur. Bundan əlavə, yataq tipli vaqonlar tam mühafizə olunur.
Ən vacib məqam isə qatar ekoloji cəhətdən təmiz nəqliyyat növüdür. Qatarlar avtomobil və ya təyyarələrdən daha yaşıl səyahət üsuludur, bu da karbon emissiyalarını azaltmağa imkan verir”.
Səfər