Banner

Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA

Xəbərlər 28 Noyabr 2026 19:28
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
WhatsApp kanalımıza abunə olun

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) ilə əlaqəsi fonunda 2005-ci ilin dramatik oktyabr hadisələri yada düşür. O zaman Ramiz Mehdiyevin də içində olduğu qruplaşma Azərbaycanın iqtisadi inkişaf tempinə böyük bir zərbə vuran əməliyyat gerçəkləşdirdi. Nəticədə iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun komandası həbsə göndərildilər.

Avtosfer.az xəbər verir ki, bu hadisələrin başqa bir müstəvidə, xüsusilə də Ramiz Mehdiyevin adının Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) ilə əlaqələrdə hallanması fonunda yenidən gündəmə gəlməsi təsadüfi deyil.

Cinayət işinin materiallarına əsasən, Prezident Administrasiyası sabiq rəhbərinin “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təkliflər” adlı məktubunun Rusiya XKX rəhbəri Sergey Narışkinə çatdırılması məsələsi köhnə dosyeləri başqa bucaqdan oxumağa vadar edir. Məhz bu xətt - Ramiz Mehdiyevin Rusiya XKX ilə əlaqələri 2005-ci ilin sonlarında fəallığı ilə seçilən iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun komandasının Ramiz Mehdiyevin maraqları çərçivəsində Rusiya XKX nümayəndələri tərəfindən izlənməsini yada salır.

WhatsApp Image 2026-11-28 at 15.39.15.jpeg (30 KB)

Həmin günlərdə hakimiyyətdaxili qruplaşma Fərhad Əliyevin sürəkli iqtisadi addımlarına olduqca qıcıqla yanaşırdı. Bir tərəfdə iqtisadi islahatlar, antiinhisar təşəbbüsləri və Qərb dairələri ilə intensiv təmaslar fonunda özünəməxsus komanda formalaşdıran Fərhad Əliyev dayanırdı. Qarşı tərəfdə isə iri idxal-ixrac axınlarına, gömrük və vergi rıçaqlarına nəzarət edən qruplar var idi. Fərhad Əliyevin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyinin rəsmi məlumatları konkret faktlarla monopolist nazirlərin qeyri-rəsmi bizneslərinin bazarlarda qiymətləri necə şişirtdiyini ortaya qoyurdu. Məsələn, bazarlarda bananın bir kiloqramı 3 manata satıldığı halda, nazirliyin rəsmi məlumatında idxal qiymətinin təxminən 25-30 qəpik olduğu göstərilirdi. Bu isə inhisarçı məmurların böyük gəlir mənbələrinə açıq zərbə idi. Bu gərginlik fonunda Fərhad Əliyevə qarşı formalaşan qruplaşmada o zaman Gömrük Komitəsinin sədri Kamaləddin Heydərov, vergilər naziri Fazil Məmmədov, milli təhlükəsizlik naziri Eldar Mahmudov və sonradan qruplaşmanın başına keçən Ramiz Mehdiyev yer alırdı. Qarşı tərəf kompromatlar toplayırdı. Belə bir vaxtda Fərhad Əliyevin ən yaxın adamlarından biri, özəlləşdirmə departamentinin keçmiş rəhbəri qarşı tərəflə əlaqələrə keçmiş, Eldar Mahmudova ünvanladığı 18 səhifəlik müraciətdə Fərhad Əliyevin əleyhinə məlumatlar ötürmüşdü. Nəhayətdə, Fərhad Əliyev və onun komandasının həbsi gerçəkləşdi. İstintaq başlayandan az sonra həmin müraciət mətbuata ötürüldü. Eyni zamanda Fərhad Əliyevin bütün təşəbbüslərinin şəxsi maraqlarına hesablanması barədə mif tirajlandı.

Proseslərin gedişatı göstərirdi ki, hələ həbslərdən əvvəl informasiya müstəvisində də hazırlıqlar aparılıb. Beləcə, əvvəlcə biznes maraqlarının qorunması üçün cızılan xətt sonradan Ramiz Mehdiyevin bu prosesdə yer alması ilə həm də Rusiya maraqlarının təmin olunmasıyla kəsişən geniş siyasi-əməliyyat ssenarisinə çevrildi. Eyni zamanda, regionda “narıncı inqilablar” dalğasının yaşandığı bir vaxtda Fərhad Əliyevin və komandasının fəallığı, o cümlədən ABŞ-nin o vaxtkı səfiri Reno Harnişin yeri gəldi-gəlmədi nazirliyin bütün tədbirlərinə qatılması həssas siyasi mövzu kimi təqdim olunurdu.

WhatsApp Image 2026-11-28 at 15.39.15 (1).jpeg (9 KB)

Aydın görünürdü ki, Fərhad Əliyev komandası ABŞ səfirini tədbirlərdə görməkdən məmnun deyil, amma onu həmin tədbirlərdən qova da bilməzdilər – bu baş versəydi, böyük siyasi skandal olardı.

Bu proses Ramiz Mehdiyevin dəstəyi və Rusiya xüsusi xidmət xətti ilə aparılan müşahidələr - o cümlədən həbsdən təxminən 6 ay əvvəldən etibarən İqtisadi İnkişaf Nazirliyinin və Nazirlər Kabinetinin ətrafında aparılan izləmələrlə toplanan materiallara “Qərbin dəstəyi ilə hakimiyyət dəyişikliyi planı” donu geyindirmək üçün istifadə edilirdi. Hətta Fərhad Əliyevə ABŞ-də yaşayan Rəsul Quliyev tərəfindən dəstək verilməsi xəbərləri də yayılırdı. Halbuki, Fərhad Əliyevin Rəsul Quliyevlə münasibətləri kəskin idi. Zamanında Azərbaycan vətəndaşları üçün dövlət sifarişi ilə pasportların çapı Rəsul Quliyevin qardaşı oğlu İlqara tapşırılmışdı. Pasportlar ölkəyə gələndən sonra isə məlum olmuşdu ki, çap olunmuş pasportlar keyfiyyətsiz və zaydır.

Fərhad Əliyevin məruzəsi ilə ölkə rəhbərliyi tərəfindən Rəsul Quliyev, onun bacısı oğlu tənbeh olunmuşdu. Bu məsələ üzərindən Rəsul Quliyev Fərhad Əliyevi özünə az qala düşmən görürdü. Belə bir halda Fərhad Əliyevin xaricdə, xüsusilə ABŞ-də yaşayan Rəsul Quliyevlə əlaqələri haqda məlumatlar yayılır, onun Qərblə əlaqələri haqda fon yaradılırdı. Digər tərəfdən, əməliyyatın maliyyə və təhlükəsizlik təminatı baxımından da maraqlı iddialar səslənirdi. Hətta pulgir Eldar Mahmudovun bu əməliyyatda iştirakı üçün onun xaricdəki ofşor hesablarına 20 milyon dollar köçürüldüyü də yayılan məlumatlar sırasında idi.

Fərhad Əliyev 2005-ci ilin oktyabrından həbsdə idi və ilk aylardan etibarən istintaqla əməkdaşlıq etməkdən qəti şəkildə imtina edirdi. Onun yanına ancaq vəkilləri buraxılırdı, istintaq hərəkətləri faktiki dayanmışdı, o isə ifadə vermirdi.

Belə bir vaxtda xəbər gəldi ki, bəs Fərhad Əliyev külli miqdarda ödəmə qarşılığında azad oluna bilər. Sonradan isə bu xəbərlərin əsassız olmadığını təsdiqləyən məlumatlar da gəldi. Məlum oldu ki, 2006-cı il fevralın 11-də səhər tezdən Fərhad Əliyevin saxlandığı MTN binasındakı istintaq təcridxanasının kamerasına gələnlər ona geyinməyi tapşırırlar. Gözləri bağlı şəkildə binada başqa mərtəbəyə, kiçik oval zala gətirilən eks-nazir qarşısında mülki geyimli şəxsi görür. Bir neçə dəqiqə sonra içəri daxil olan o zamankı milli təhlükəsizlik naziri Eldar Mahmudov ondan birbaşa soruşur: “Bilirsən səni mən tutmuşam?” Fərhad Əliyev cavab vermədikdə isə özü təsdiqləyir: “Bəli, mən tutmuşam”.

Bu qapalı söhbət zamanı köhnə hesablar da yada salınır. Hələ 2002-ci ildə Fərhad Əliyevin təşəbbüsü ilə Daxili İşlər Nazirliyinin tərkibindəki olan və Eldar Mahmudovun rəhbərlik etdiyi İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğv edilməsi xatırlanır. Bunun ardınca indiki “Globus” mərkəzinin yaxınlığındakı park məsələsi gündəmə gəlir. Məlum olur ki, Eldar Mahmudov həmin parkın ona verilməsi üçün Fərhad Əliyev nazir olarkən onunla əlaqə saxlayıb, eks-nazir isə parkın nazirliyin balansında olmadığını, özəlləşdirilə bilməyəcəyini və bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmalı olduğunu deyib. Sonradan Eldar Mahmudov Bakı meri Hacıbala Abutalıbova zəng edərək parkın İqtisadi İnkişaf Nazirliyinin balansına qaytarılmasını istəyib, Abutalıbovun bu barədə yuxarı dairələrə məlumat verməsindən sonra isə Eldar Mahmudova narazılıq bildirilib və o, bu epizodda da Fərhad Əliyevdən incik düşüb.

WhatsApp Image 2026-11-28 at 15.39.16.jpeg (8 KB)

Eldar Mahmudov söhbətin sonunda deyir ki, yanına adamlar gələcək və razılaşsa, azad oluna bilər. Həqiqətən də, bu görüşdən sonra Fərhad Əliyevin MTN-dəki kamerasına o zaman nazir müavini olan Hilal Əsədov gəlir. Azadlığı müqabilində ondan 100 milyon dollar tələb olunur. Lakin Fərhad Əliyev bu məbləğə malik olmadığını və ittihamları qəbul etmədiyini bildirərək təklifi rədd edir.

2006-cı ilin ortalarında isə həmin vaxt həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi gedir, o, sərt çıxışlarla ittihamların sifarişli olduğunu iddia edirdi. Eyni dövrdə Fərhad Əliyevin işi üzrə də istintaq tamamlanaraq materiallar məhkəməyə göndərilmişdi. Məhkəmə prosesi yaxınlaşdıqca Fərhad Əliyevə təzyiq rıçaqlarının daha da sərtləşdirildiyi müşahidə olunurdu. Məhz bu mərhələdə həbsdə olan qanqster Hacı Məmmədovun adı ilə bağlı versiya ortaya atılır: “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin arxasında Fərhad və Rafiq Əliyev qardaşlarının dayanması barədə iddialar irəli sürülür. İddiaya görə, 90-cı illərin əvvəllərində Fərhad Əliyev “Sputnik” xətti ilə xarici səfərlər təşkil edərkən Hacı Məmmədovun bacısı ilə tanış olub, onun telefon nömrəsini götürüb və guya sonradan Elmar Hüseynovun tənqidi yazılarına görə ona müraciət edib.

Bu versiyanın inandırıcı olmadığını başa düşən Eldar Mahmudov və dəstəsi onu Fərhad Əliyevin komandasından olan bir şəxsin dili ilə təsdiqlətməyə çalışır. Həmin vaxt özəlləşdirmə sahəsində çalışmış və Fərhad Əliyevlə birgə həbs olunmuş Əlihüseyn Şalıyev MTN təcridxanasında onurğasında yaranan yırtığa görə Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülmüş və əməliyyat olunmuşdu. Vəziyyəti yaxşılaşdıqdan sonra geri qaytarılması ərəfəsində gecə saatlarında onun yanına MTN-dən 2 nəfər gedir. Əlihüseyn Şalıyevə ev dustaqlığı vəd edərək Fərhad Əliyevin tapşırığı ilə guya Hacı Məmmədova çanta çatdırması barədə ifadə verməsini istədikləri bildirilir. Lakin Əlihüseyn Şalıyev şər atmayacağını deyərək təklifi qətiyyətlə rədd edir. Səhər isə o, müalicə müəssisəsindəki kamerasında damarları kəsilmiş vəziyyətdə ölü tapılır. Bununla da həmin ssenari iflasa uğrayır.

Sonrakı illərdə - xüsusilə 2015-ci ildə MTN-də baş verən hadisələr və şəbəkənin ifşası fonunda 2005–2006-cı illərin hadisələrinə baxış dəyişdi. Təhlillər göstərirdi ki, atılan addımlar təsadüfi epizodlar deyil, həm böyük sərvət toplamaq, həm də hakimiyyət piramidasının yuxarısına gedən yolda rəqibləri və alternativ dayaqları sıradan çıxarmaq məqsədi daşıyırdı. Bu strategiyada ölkənin iqtisadi sahədəki ən mütəşəkkil və güclü komandalarından biri sayılan Fərhad Əliyev və ətrafının zərərsizləşdirilməsi xüsusi yer tuturdu.

Tarix göstərdi ki, 2005-ci ilin oktyabrında başlayan bu sərt siyasi-hüquqi gedişat Fərhad Əliyevin güclü iqtisadi komandasını məhv etməklə yanaşı, həm də sonrakı onillikdə Azərbaycanın idarəetmə və təhlükəsizlik sistemində dərin izlər buraxdı. O günlərdə hakimiyyəti qorumaq adı altında aparılan proseslərin əslində ayrı-ayrı fiqurların şəxsi və qrup maraqlarına xidmət etdiyi ortaya çıxdı. Bu intriqalardan ən çox zərər görən isə dövlət və cəmiyyət oldu. Fərhad Əliyevin şərlənməsindən 20 il sonra, elə həmin oktyabr ayında Ramiz Mehdiyev özü dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlərdə ittiham olunaraq istintaqa cəlb edilib və 2026-cı ilin oktyabrında məhkəmə hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilib. (musavat)

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh