Almaniyanın avtomobil sənayesini nə gözləyir: Durğunluq, yoxsa çöküş?

Rusiya ilə Ukrayna arasında baş verən hərbi toqquşma nəticəsində Avropanın Rusiyadan enerjidaşıyıcıları almaqdan imtina etməsi “qoca qitə”də elektrik enerjisi və təbii qazın qiymətinin kəskin artmasına səbəb olub ki, bu da avtomobil sənayesinin inkişafına olduqca mənfi təsir göstərib.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, “Politico” jurnalı bir tərəfdən enerjidaşıyıcıların qiymətinin artması, digər tərəfdən isə ABŞ Prezidenti Donald Trampın Avropadan idxal olunan mallara əlavə 25 faizlik gömrük rüsumu tətbiq etmək barədə bəyanatının, ilk növbədə, Almaniyanın avtomobil sənayesinə zərbə vurduğunu yazıb.
Berlində fəaliyyət göstərən “Jacques Delors Center” analitik mərkəzinin icraçı direktoru Nils Redeker (Nils Redeker) bildirib ki, Almaniya iqtisadiyyatı böyük təzyiq altındadır: “2019-cu ilin COVID-19 pandemiyası zamanı sənayeyə dəyən ziyanın nəticələri aradan qalxmamış Ukraynada hərbi əməliyyatlar başladı. Enerjidaşıyıcılarının qiymətinin artması ilə yanaşı, Almaniyada istehsal olunan avtomobillərin Çin bazarında satışının kəskin azalması yeni problemlərin yaranmasına səbəb olub ki, bu da insanları çox narahat edir”.
Mərkəzin hesabatına görə, 2024-cü ildə Çində BMW-nin satışı 13 faiz, “Mercedes-Benz”in 7 faiz, “Volkswagen”in isə 10 faiz aşağı düşüb. Daxili bazarda isə Çin istehsalı olan elektromobillərin ucuz və sərfəli olması avtomobil sənayesinin inkişafına imkan vermir. Digər tərəfdən adıçəkilən iri avtomobil istehsalçılarının ucuz əməkhaqqına görə bir sıra zavodlarını Çinə köçürməsi işsizlik problemi yaradıb. 87 il ərzində ilk dəfə 2024-cü ildə “Volkswagen” rəhbərləri işçilərin əməkhaqqının 10 faiz azaldılması barədə qərar qəbul edib ki, bu da kütləvi etirazlara səbəb olub. Həmkarlar İttifaqları ilə aparılan danışıqlar nəticəsində şirkətin Almaniyadakı 3 zavodu bağlanıb, etirazlara baxmayaraq əmək haqları da 10 faiz aşağı salınıb.
“Rhodium Group” konsaltinq şirkətinin məsləhətçisi Nova Barkin (Noah Barkin) bildirib ki, enerjidaşıyıcılarının qiymətinin artması öz növbəsində alüminium, mis və dəmirin də qiymətinin artmasına səbəb olub ki, bunlar da istehsal olunan avtomobillərin qiymətinin artmasına gətirib çıxarır. Satışın azaldığı bir zamanda qiymətlərin artırılması da əlavə problemlər yaradır.
Almaniya hökumətinin dekarbonizasiya siyasəti ölkədə avtomobil sənayesinin elektromobil istehsalı üçün geniş imkanlar yaradıb. Hazırda “Volkswagen” başda olmaqla, digər şirkətlər də elektrik mühərrikli avtomobillər istehsal edirlər. Lakin Almaniya istehsalı Çin istehsalından çox baha başa gəlir. Bunun səbəbi, ilk növbədə, Həmkarlar ittifaqlarıdır ki, onlar əmək haqlarının azaldılmasına imkan vermirlər. Şirkətlərin qazancının böyük hissəsi əməkhaqqı fonduna gedir. Bununla yanaşı, vergilərin artması şirkətləri müflisləşməklə üz-üzə qoyub.
Almaniya iqtisadiyyatında baş verən böhranlı proseslər siyasi həyata da təsirsiz ötüşməyib. Fevralın 23-də Almaniyada keçirilən parlament seçkilərində Olaf Şoltsun rəhbərliyi ilə hakimiyyətdə olan Sosial Demokrat Partiyası cəmi 16,4 faiz səs toplayaraq üçüncü olub. Səslərin çoxunu isə mühafizəkar siyasi xəttin tərəfdarı olan Xristian Birlik İttifaqı qazanıb (28,5).
Almaniyanın avtomobillər üçün ehtiyat hissələri istehsal edən “Schaeffler” şirkətinin baş direktoru Matayas Zink (Matthias Zink) yerli mətbuata verdiyi müsahibəsində bildirib: “Mən istəyirəm ki, bizim ölkəmiz Avropada ən güclü ölkə olsun. Lakin Almaniyanın güclü olacağına böyük şübhəm var”.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












