Avtomobillərin məcburi utilizasiyası məqsədəuyğun deyil - ƏRŞAD HÜSEYNOV

Avtoxəbər 19 İyun 2026 15:30
Avtomobillərin məcburi utilizasiyası məqsədəuyğun deyil - ƏRŞAD HÜSEYNOV
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda köhnə və istismara yararsız avtomobillərin utilizasiyası məsələsi yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, ölkədə minlərlə köhnə avtomobil hələ də istismarda qalmaqda davam edir. Bu nəqliyyat vasitələrinin əksəriyyəti həm texniki cəhətdən köhnəlib, həm də müasir təhlükəsizlik və ekoloji standartlara cavab vermir.


Mövzu ilə bağlı hüquqşunas Ərşad Hüseynov Avtosfer.az-açıqlamasında bildirib ki, hazırda Azərbaycanda avtomobillərin utilizasiyası ilə bağlı normativ-hüquqi baza kifayət qədər formalaşıb və praktikada tətbiq olunması üçün yetərlidir:


"Bu sahədə ciddi hüquqi boşluq yoxdur. Utilizasiya proqramı artıq bir müddətdir ki, həyata keçirilir və bu müddət ərzində on minlərlə avtomobil utilizasiyaya təhvil verilib. Gələcəkdə prosesin təkmilləşdirilməsinə ehtiyac yaranarsa və ya yeni məsələlər ortaya çıxarsa, qanunvericiliyə müvafiq dəyişikliklər edilə bilər. Lakin hazırkı mərhələdə mövcud hüquqi mexanizmlər kifayət qədər effektiv hesab olunur. Nəqliyyat vasitələrinin məcburi utilizasiyasını isə məqsədəuyğun hesab etmirəm. Çünki ölkədə avtomobil parkı kifayət qədər köhnədir və məcburi utilizasiya üçün konkret meyarların müəyyənləşdirilməsi asan deyil. Utilizasiya prosesinin əsas hərəkətverici qüvvəsi texniki baxış və avtomobil sahiblərinin maarifləndirilməsi olmalıdır".

Hüquqşunas qeyd edib ki, texniki baxış zamanı istismara yararsız nəqliyyat vasitələri müəyyən edilməlidir:

“Eyni zamanda vətəndaşlara köhnə avtomobillərin saxlanmasının əlavə xərc yaratdığı, daha çox yanacaq sərf etdiyi və müasir təhlükəsizlik standartlarına cavab vermədiyi izah olunmalıdır. Belə yanaşma vətəndaşları avtomobillərini könüllü şəkildə utilizasiyaya verməyə təşviq edə bilər. Köhnə avtomobilin həyətlərdə və ya digər ərazilərdə saxlanılması özü-özlüyündə hüquqi məsuliyyət yaratmır. Məsuliyyət yalnız avtomobilin dayanma və ya durma qaydalarının pozulduğu hallarda yarana bilər. Bu zaman avtomobilin köhnə və ya yeni olması fərq etmir. Əgər avtomobil ödənişli parklanma yerlərində, qarajlarda və ya digər ödənişli dayanacaqlarda saxlanılırsa, həmin yer üçün müəyyən xərclər yaranır. Xüsusilə böyük şəhərlərdə, o cümlədən Bakıda parklanma yerlərinin məhdud olması nəzərə alınarsa, uzun müddət istifadə olunmayan avtomobillərin yer tutması da müəyyən problemlər yarada bilər”.


Nəqliyyat eksperti Eldəniz Cəfərlinin fikrincə isə, utilizasiya proqramı genişmiqyaslı sosial-iqtisadi və ekoloji layihədir:


"Artıq bir neçə ildir ki, Azərbaycanda bu proses həyata keçirilir, Utilizasiya Fondu yaradılıb və proqram uğurla davam etdirilir. Bu müddət ərzində çoxlu sayda köhnə və yararsız nəqliyyat vasitəsi utilizasiyaya göndərilib. Bunun müqabilində vətəndaşların bir qismi təqdim olunan güzəştlərdən yararlanaraq yeni avtomobil alıb, digərləri isə müəyyən məbləğdə vəsaiti nağd şəkildə əldə ediblər. Köhnə avtomobillərlə bağlı məsələyə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmizdə istismar olunan minik avtomobillərinin böyük hissəsi yaşlı nəqliyyat vasitələridir. Lakin köhnə avtomobillərin mövcudluğu avtomatik olaraq qəzaların əsas səbəbi hesab edilə bilməz.”

Ekspert hesab edir ki, yol-nəqliyyat hadisələrinin səbəbləri məlumdur və onların başlıcası sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasıdır:

“Buraya sürət həddinin aşılması, manevr qaydalarının pozulması, ara məsafəsinin saxlanılmaması, sükan arxasında mobil telefondan istifadə etməklə danışmaq və ya mesaj yazmaq kimi hallar daxildir. Bəzi hallarda yol infrastrukturundakı çatışmazlıqlar da qəzalara səbəb olur. Qaranlıq yollar, keyfiyyətsiz yol örtüyü, çala-çuxurlar və digər problemlər yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərir".

Fatimə Dadaşova

Oxunub : 302
ŞƏRH YAZ
Ad

E-mail

Şərh