Azərbaycanda sürücüsüz avtomobillərdən istifadə olunacaq? - AÇIQLAMA

"Hal-hazırda sürücüsüz və ya avtopilot rejimində idarə olunan avtomobillərin yol hərəkəti qaydalarına uyğunlaşdırılması məsələsi həqiqətən də ciddi diqqət tələb edən bir mövzudur. Bu cür texnologiyaların inkişafı ilə əlaqədar olaraq, qanunvericilikdə ciddi boşluqlar mövcuddur və bu boşluqlar mütləq aradan qaldırılmalıdır. Bu avtomobillər müasir texnologiyalar əsasında idarə olunduğu üçün, onların idarə olunması ilə bağlı konkret qaydalar və tələblər qanunda yer almalıdır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri "Redaktor.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı avtomobili avtopilot rejimində idarə edənlər üçün tətbiq olunan cəzalardan danışarkən bildirdi.
Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna görə, sürücü sükanın arxasında olmalı və əlini sükandan buraxmamalıdır:
"Lakin sürücüsüz avtomobillər bu qaydaya uyğun gəlmir, çünki bu tip avtomobillər süni intellektlə idarə olunur və sürücünün sükanın arxasında olmasına ehtiyac yoxdur. Bu da hüquqi ziddiyyətə səbəb olur və qanunda bu məsələnin necə tənzimlənməsi barədə aydın izah olmalıdır. Nəticədə bu texnologiyaların istifadəsi qanuni çərçivəyə salınmalı, yol hərəkəti qaydalarına uyğunlaşdırılmalıdır. Əlbəttə, texnologiya imkan verir ki, sürücüsüz avtomobillər təhlükəsiz şəkildə idarə olunsun, amma mövcud yol infrastrukturu bu cür avtomobillərin rahat və təhlükəsiz idarə olunmasına uyğun gəlmir. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi baxımından hələ də ciddi problemlər var: yol xətləri bəzən tamamilə yox olur, nişanlar görünmür və ya ağacların, reklam lövhələrinin arxasında gizlənir, svetoforlar isə işləmədikdə və ya qaranlıqda gözlə görülən olmur. Süni intellektlə idarə olunan avtomobillər bu cür infrastruktur problemləri ilə qarşılaşdıqda, onları tanımaq və ona uyğun hərəkət etməkdə çətinlik çəkə bilər. Yəni, bu avtomobillər müəyyənləşdirilməli olan nişanları, xətləri, svetoforları oxuya bilməlidir və buna uyğun hərəkət etməlidir. Bu baxımdan, avtomobillərin Azərbaycandakı mövcud yol şərtlərində düzgün işləyə bilməsi, bir çox texniki məsələlərin həllini tələb edir".

Ekspert əlavə etdi ki, sürücüsüz avtomobillərin Azərbaycanda real istifadəsi hələ bir az uzaq perspektivdə görünür:
"Çünki bu cür texnologiyalar təkcə hüquqi deyil, həm də infrastruktur məsələlərini də nəzərə alaraq tənzimlənməlidir. Həmçinin, bu avtomobillərin bizim yollarımızda təhlükəsiz və effektiv şəkildə işləyə bilməsi üçün yol işarələri və svetofor sistemlərinin təkmilləşdirilməsi zəruridir. Son olaraq, bu texnologiyaların tətbiqi üçün qanunvericilikdə dəyişikliklər vacibdir, amma eyni zamanda yol infrastrukturu da müasir tələblərə uyğunlaşdırılmalıdır ki, sürücüsüz avtomobillər bu mühiti rahatlıqla mənimsəyə bilsin. Bu, həm hüquqi, həm də texniki tərəfdən hazırlıqlı bir yanaşma tələb edir", - deyə Elməddin Muradlı yekunlaşdırdı.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












