Bir neçə utilizasiya çeki təqdim edənlərə maşın verirlər?

Avtoxəbər 27 Aprel 2026 17:53
Bir neçə utilizasiya çeki təqdim edənlərə maşın verirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillərin utilizasiyası proqramı vətəndaşlara köhnə nəqliyyat vasitəsini təhvil verərək kompensasiya əldə etmək imkanı yaradır. Təcrübədə isə ən çox maraq doğuran məsələlərdən biri təqdim olunan çeklərin necə istifadə olunmasıdır.

Bir neçə utilizasiya çekini təqdim edərək avtomobil almaq qanunidirmi? Ümumiyyətlə, çekdən istifadə edərək maşın almaq mümkündürmü? 

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, utilizasiya prosesində vətəndaşlara bu imkan yaradılıb: "Bir neçə çek təqdim etməklə avtomobil almaq mümkündür, eyni zamanda, bir çek təqdim edildikdə də onun dəyərinə uyğun müəyyən məbləğ vətəndaşa ödənilir. Dövlətin də marağındadır ki, istifadəsiz və köhnəlmiş avtomobillər qeydiyyatdan çıxarılsın, sistemdən silinsin və ölkədə real avtomobil parkı tam şəkildə müəyyən olunsun. Çünki illərlə saxlanılan, istifadə olunmayan nəqliyyat vasitələri həm ekoloji baxımdan zərər yaradır, həm də ümumi statistikanın dəqiq aparılmasına mane olur".

Ekspert qeyd edib ki, utilizasiya prosesinə vətəndaşların yanaşması fərqlidir: "Bəzi şəxslər utilizasiya prosesi başlamazdan əvvəl köhnə avtomobilləri alaraq toplamağa başlayıblar və bu proses hazırda da davam edir. Bəzi vətəndaşlar isə prosedurları çətin və vaxt aparan hesab etdikləri üçün bu işə qoşulmaq istəmirlər. Çünki proses zamanı müxtəlif arayışların alınması, avtomobil nömrələrinin müəyyənləşdirilməsi, cərimələrin sıfırlanması və ya sistemdə qalan köhnə cərimələrlə bağlı müraciətlərin edilməsi tələb oluna bilir. Bir çox vətəndaşın düşündüyünün əksinə olaraq, bu proses o qədər də çətin deyil. Hətta, utilizasiya ilə bağlı müraciət zamanı dövlət qurumları prosesin operativ həllinə kömək edir".

Ekspert bildirib ki, bəzi şəxslər köhnə avtomobilləri alaraq öz adlarına keçirir, daha sonra utilizasiyaya təhvil verib çek əldə edirlər: "Elə şəxslər var ki, 15-16 çek toplayaraq həmin çeklərlə yeni avtomobil alırlar. Məsələn, qiyməti 25 min manat olan avtomobili almaq üçün köhnə maşınların alınmasına və təhvil verilməsinə 10 min manatdan da az xərc çəkilir, nəticədə isə daha yüksək dəyərdə avtomobil əldə edilir".

E.Muradlı hesab edir ki, utilizasiya prosesi daha çox fərdi qaydada təşkil olunmalı, vətəndaşlara fərdi yanaşma göstərilməlidir: "Bəzi insanlar üçün köhnə avtomobil son dolanışıq vasitəsidir və həmin şəxslərə daha yüksək kompensasiya təqdim olunması sosial baxımdan daha faydalı ola bilər. Həmin şəxslərə dəstək məqsədilə bir qədər yüksək məbləğ təqdim oluna bilər ki, onlar real fayda hiss etsinlər. Çünki bu günün şərtlərində 1500 manatla ciddi nəticə əldə etmək çətindir"./valyuta.az

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh