Çin maşınlarına maraq artır; sürücülərin seçimi niyə elektromobillər olur? - RƏY

Azərbaycanda Çin istehsalı olan avtomobillərin sayının artması avtomobil bazarında yeni tendensiyalar formalaşdırıb. Xüsusilə elektrik və hibrid modellərin geniş yayılması alıcıların seçimlərinə təsir göstərib.
Avtosfer.az xəbər verir ki, bir neçə il əvvəl alıcılar daha çox Avropa, Yaponiya və Amerika istehsalı olan ikinci əl avtomobillərə üstünlük verirdilər. Bu gün isə Bakı gömrüyünə gətirilən avtomobillərin əksəriyyəti Çin istehsalı olan elektromobillərdir. Bəs Çin avtomobil sənayesində baş verən sürətli inkişaf, yeni texnologiyaların tətbiqi və qiymətlər bazardakı vəziyyəti necə dəyişib?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkəyə gətirilmiş bəzi Çin istehsalı avtomobillər nisbətən münasib qiymətlərlə təklif olunur:

"Lakin bu, həmin avtomobillərin bazara həlledici təsir göstərdiyi anlamına gəlmir. Hazırda Çindən gətirilən hibrid avtomobillərin qiymətində artım müşahidə edilir. Bunun əsas səbəbi əvvəl tətbiq olunan vergi güzəştlərinin müddətinin başa çatmasıdır. Nəticədə, bu nəqliyyat vasitələri əlavə vergilər hesabına daha yüksək qiymətə satışa çıxarılır. Ötən illərdə Çin istehsalı olan yeni avtomobillər ikinci əl bazarına ciddi təsir göstərirdi. Bir çox alıcı köhnə avtomobil almaq əvəzinə yeni Çin avtomobillərinə üstünlük verirdi. Lakin bu ildən etibarən həmin avtomobillərin də qiymətlərində artım baş verdiyindən bazarda müəyyən tarazlıq yaranıb. Hazırda həm yeni, həm də ikinci əl avtomobil seqmentlərində ciddi qiymət dəyişiklikləri müşahidə olunmur və bazar nisbətən sabit vəziyyətdədir".
İqtisadçı Xalid Kərimlinin fikrincə, son 2 ildə avtomobil bazarında baş verən proseslər iki əsas amillə bağlıdır:

"Birinci amil, Çin avtomobil sənayesinin sürətli inkişafı və Azərbaycanda Çin istehsalı olan avtomobillərə münasibətin dəyişməsidir. Bir neçə il əvvəl Çin avtomobilləri ilə bağlı müəyyən keyfiyyət şübhələri mövcud idi. Lakin son 2-3 ildə bu yanaşma ciddi şəkildə dəyişib. Müasir texnologiyalarla təchiz olunmuş Çin istehsalı elektrik və hibrid avtomobillər bazarda rəqabət qabiliyyətini artırıb. İkinci amil isə dövlət tərəfindən elektrik və hibrid mühərrikli avtomobillərə tətbiq edilən vergi güzəştləri idi. Bu güzəştlər alıcı davranışına ciddi təsir göstərdi. Nəticədə, bir çox vətəndaş köhnə Avropa, Yaponiya və ya Amerika istehsalı ikinci əl avtomobillərə 30-40 min manat xərcləməkdənsə, eyni qiymətə yeni Çin avtomobillərinə üstünlük verməyə başladı".
İqtisadçı qeyd edib ki, məhz bu səbəbdən ötən il ölkəyə avtomobil idxalında ciddi artım qeydə alındı:
"Yeni avtomobillərə marağın yüksəlməsi ikinci əl bazarına da təsirsiz ötüşmədi. Lakin bu ilin əvvəlindən vəziyyət dəyişməyə başlayıb. Vergi güzəştlərinin başa çatması elektrik və hibrid avtomobillərin qiymətlərinin artmasına səbəb olub. Nəticədə yeni avtomobillərin idxal tempi zəifləyib. Bundan əlavə, ötən il avtomobilini yeniləmək istəyən vətəndaşların böyük hissəsi artıq bu addımı atıb. Avtomobil satıcıları da ötən il qiymət artımı gözləntisi ilə daha çox avtomobil gətirərək ehtiyatlarını artırmışdılar. Hazırda isə bazarda həmin ehtiyatların satışı davam edir.
Məhz bu amillər fonunda ikinci əl avtomobil bazarında müəyyən canlanma müşahidə olunur. Yeni avtomobillərin idxalının azalması alıcıların bir hissəsinin yenidən ikinci əl bazarına yönəlməsinə səbəb olub. Nəticədə son aylarda ikinci əl avtomobillərə maraq nisbətən artıb və bazarda hərəkətlilik yaranıb".
Fatimə Dadaşova
Yayda mühərriki qızdırmaq lazımdırmı?
Avtomobil nəhəngi işçilərinin sayını azaldır - Çin bazarının...
Avtomobil utilizasiyasında strateji məqam - FOTO
İsti havada avtomobillərdə mobil telefon saxlayanlara XƏBƏRDARLIQ - VİDEO
Elektromobilə dövlət subsidiyasını istehsalçılar mənimsəyir – EKSPERT RƏYİ
Elektron köməkçilər sürücüləri əsəbləşdirir
Azərbaycanda ən sərfəli avtomobillərin SİYAHISI AÇIQLANIB
Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI
Avtomobillərin məcburi utilizasiyası məqsədəuyğun deyil - ƏRŞAD HÜSEYNOV
Azərbaycanda indiyə kimi nə qədər avtomobil utilizasiyaya verilib? – AÇIQLAMA - VİDEO + FOTOSESSİYA
Kişilərin maşınları qadınlardan üstün tutduqları təsdiqləndi










