Elektrik mühərriki ilə işləyən avtomobillər üçün yaşıl işıq
Xəbər verdiyimiz kimi, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb. Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib. Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb.
Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad idi.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev deyir ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin uzadılması sahibkarlar üçün bir fürsətdir: "Elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerji doldurucularının idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunsa da, sahibkarlar bu güzəştlərdən lazımınca yararlanmırlar. EDM-lərin sayı çox olarsa, elektromobillərə maraq daha da artar. Ona görə də, bölgələrdə restoranlar, hotellər öz ərazilərində elektrikdoldurma məntəqələri quraşdırsalar, bu, xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olar. Çünki bölgələrdə belə məntəqələr az olduğundan, sürücülər elektriklə işləyən avtomobillərlə rayonlara səfərə çıxmağa ehtiyat edirlər".
Onun sözlərinə görə, Bakıda elektrik doldurma məntəqələrinin (EDM) sayı yetərincə olsa da, bölgələrdə belə məntəqələrin sayı azdır. Bölgələrdə EDM-lərin sayı az olduğundan, sürücülər yolda qalırlar.
E.Əliyev deyir ki, COP29 ərəfəsi elektrik doldurma məntəqələrinin sayında artım müşahidə olunur. Son məlumatlara görə, Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 elektrik doldurma məntəqələri fəaliyyət göstərir: "COP29-a qədər ölkədə 170-177 EDM-in istifadəyə veriləcəyi nəzərdə tutulurdu. Artıq ölkəyə elektromobil gətirmək daha əlçatandır. Eyni zamanda bu avtomobillərdən daha çox istifadə edilməsi üçün, banklarda kreditin ilkin ödənişi 50 faizdən 10 faizə endirilib. Bu ilin noyabr ayına qədər 170-177 ədəd elektrik doldurma məntəqəsi istifadəyə veriləcək. Bundan sonra elektromobilə olan marağın daha da artacağı proqnozlaşdırılır".
Nəqliyyat məsələləri üzrə ekseprt Elməddin Muradlı bildirib ki, Azərbaycanda elektriklə işləyən avtomobillərə qarşı əhəmiyyətli güzəştlər tətbiq edilib: "Elektrik avtomobillərinin ölkəyə gətirilməsi ƏDV-dən azad olundu. Bundan sonra elektrik enerji doldurucularının idxalına da bu güzəşt şamil olundu. Təəssüf ki, bu sahəyə hələ maraq azdır. Görünür, sahibkarlar üçün bu sahə cəlbedici deyil. Ona görə də, elektrik enerji doldurucularının idxalı və quraşdırılması ilə məşğul olan şirkətlərə vergi güzəştləri də tətbiq olunmalıdır".
E.Muradlı onu da deyib ki, tikinti şirkətlərinə də EDM-lərin quraşdırılması ilə bağlı tələb qoyulmalıdır: "Hələ ki sahibkarların bu sahəyə ciddi marağı müşahidə olunmur. Ona görə də, tikinti şirkətləri qarşısında elektrik enerji doldurucu məntəqələrin quraşdırılması ilə bağlı tələb qoyulmalıdır. Böyük ərazini zəbt edərək yaşıllıqları məhv edib göydələnlər ucaldan, bundan küllü məbləğdə gəlir əldə edən şirkətlər yaşayış kompleksləri ərazisində elektrik enerji doldurucu məntəqələri quraşdırmalıdır. Eyni tələblər hotel, istirahət mərkəzləri inşa edənlərə də qoyulmalıdır. Belə bir öhdəlik olduqdan sonra enerjidoldurucu məntəqələrin də sayı artacaq. Bu isə elektromobillərə marağı artıracaq".
Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Prezident İlham Əliyevin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəqələrinin quraşdırılması planlaşdırılır: "2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir. İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir. Elektromobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq "Energetika haqqında" və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunlara düzəlişlər hazırda razılaşdırılır".
"Azərişıq" ASC-dən bildirilib ki, "Elektrik enerjisinin nəqlinə icazənin verilməsi" xidməti artıq ASAN Xidmətə verilib. Sahibkarlar rahatlıqla müvafiq sənədləri təqdim etməklə belə məntəqələr quraşdıra bilərlər. Qeyd olunub ki, cari ilin mart-may ayları ərzində paytaxt ərazisində "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, "İçərişəhər" yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq "Sea Breeze-1" yarımstansiyasında, Qala-Mərdakan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb. Həmçinin, regionlardan Qəbələdə 110/35/10 kV-luq "Hacıalılı" yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə - Zəngilan və Cəbrayıl Elektrik Şəbəkələrinin Rəqəmsal İdarəetmə mərkəzlərində, "Xocalı" və "Şuşa-1" yarımstansiyalarında, "Füzuli" Rəqəmsal Yarımstansiyasında, həmçinin "Hadrut" qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.
Məlumata görə, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyi ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı sahəsində ciddi addımlar atılır. Enerjidoldurma məntəqlərinin gələcəkdə yaşıl enerji zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda quraşdırılması bu layihələrin davamıdır: "Məntəqələrdə alternativ enerji mənbələrindən istifadə və elektromobillərə marağın günbəgün artması ölkəmizin, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsirini göstərəcək".
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə əsasən, hazırda dövlət tərəfindən əsas diqqət elektromobillərin kütləviləşməsinin, onlardan geniş istifadə olunmasının qarşısında duran maneələrdən birinin aradan qaldırılmasına yönəlib. Həmin maneə isə ölkədə elektromobillərin elektrik enerjisi ilə doldurulması şəbəkəsinin azlığı ilə bağlıdır: "Hazırda belə məntəqələrə yalnız Bakı şəhərinin bəzi yerlərində rast gəlmək mümkündür. Rayonlarımızın əksəriyyətində isə bu şəbəkələr, demək olar ki, yoxdur. Bu səbəbdən də elektriklə işləyən avtomobillərdən istifadə edənlər konkret olaraq uzaq məsafələrə səyahət etməkdə çətinlik çəkirlər. Rayonlarda yaşayanlar isə, demək olar ki, elektromobillərdən istifadə etmirlər. Düşünürlər ki, elektromobil alsalar, rayonda onu istismar edə bilməyəcəklər. Bu, olduqca aktual problemdir. Çünki Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Avtomobilləşmə prosesinə ölkənin hər yerində eyni şəkildə yanaşılmalıdır. Elektromobillərin populyarlaşması ölkədə 2018-ci ildə qəbul olunmuş "Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş vacib bir istiqamətin tərkib hissəsidir. Həmin istiqamət də ondan ibarətdir ki, ölkəmizin kifayət qədər köhnə olan avtomobil parkını müəyyən tədbirlər hesabına tədricən yenilənməsinə ehtiyac var. Bunun üçün Azərbaycanda artıq utilizasiya ilə bağlı qanunvericilik qəbul olunub. Bununla yanaşı, elektromobillərin ölkəyə idxalı ilə bağlı çoxsaylı güzəştlər müəyyən olunub. Həmin güzəştlərə əlavə dəyər və aksiz vergilərindən azadolunma, hətta gömrük rüsumunun sıfır səviyyəsində hesablanması kimi mühüm tədbirlər daxildir".
Ərşad Hüseynov bildirib ki, yeni sərəncamda o da nəzərdə tutulur ki, sahibkarlıq subyektlərinin marağının artırılması, bu işin təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilsin. Böyük ehtimalla, Vergi Məcəlləsində də yeni güzəştlər müəyyənləşdirilə, sahibkarlara daha əlverişli şərtlərlə kreditlərin verilməsi məsələsi ortaya çıxa bilər. Bu sahədə fəaliyyət göstərən sahibkarlara elektrik enerjisinin ucuz qiymətə satılması məsələsini də ehtimal etmək mümkündür: "AzərEnerji" və "Azərişığ"a elektrikdoldurma məntəqələri üçün yerlərin müəyyənləşdirilməsi, həmin obyektlərə elektrik verilişi xətlərinin çəkilməsi tapşırılır. Elektromobillərin populyarlaşması, bu tip nəqliyyat vasitələrindən istifadə hazırda dünyada bir dəb halını alıb. Həmin dəb də ona yönəlib ki, daxiliyanma mühərrikli avtomobillərdən atmosferə atılan tullantıların miqdarını minimuma endirməklə planetimizdə daha dayanıqlı ekoloji vəziyyət yaradılsın. Yeri gəlmişkən, bu məsələ sərəncamda da xüsusi vurğulanır. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Ölkəmiz bununla bəyan edir ki, bizim karbon emissiyalarının azaldılmasına töhfələrimiz təkcə sözdən ibarət deyil, bu sahədə praktiki işlər də görürük".
(525.az)