Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA

Avtoxəbər 16 İyul 2026 17:24
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr və sürücülük vəsiqəsinə yazılan cərimə balları cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə gündəlik qazancını avtomobil idarə etməklə təmin edən şəxslər üçün bu məsələ daha həssasdır. Çünki cərimə ballarının yığılması nəticəsində sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması birbaşa olaraq ailənin maddi vəziyyətinə təsir göstərir. Bəzi hallarda isə sürücülər iddia edir ki, tətbiq olunan bütün cərimələr eyni dərəcədə təhlükəli pozuntulara görə deyil və buna baxmayaraq, balların silinməsi və ya yenidən baxılması mexanizmləri kifayət qədər çevik deyil.

Məsələni aktuallaşdıran digər məqam isə bəzi cərimələrə görə cərimə balı yazılması praktikasının yenidən nəzərdən keçirilməsi ilə bağlı səslənən fikirlərdir. Bu fonda sürücülər arasında narazılıq yaranır və xüsusilə peşəkar sürücü olmayan, lakin dolanışığını bu yolla təmin edən şəxslər çıxılmaz vəziyyətlə üzləşirlər.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.

O deyib ki, qayda pozuntularına görə tətbiq edilən cərimə ilə yanaşı, cərimə ballarının sistemdə mövcudluğu yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında mühüm çəkindirici vasitə kimi çıxış edir:

“Bu mexanizm sürücüləri yalnız maddi cəza ilə deyil, həm də sürücülük hüququnun məhdudlaşdırılması riski ilə məsuliyyətli davranmağa sövq edir. Bu kontekstdə belə bir sual ortaya çıxır ki, əgər cərimə balları sistemi ləğv olunsa, bu, yollarda baş verən qəza sayının azalmasına və ya yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına müsbət təsir göstərə bilərmi? Bu suala obyektiv yanaşdıqda, cavabın daha çox mənfi istiqamətdə olacağı ehtimal edilir. Çünki cərimə balları sürücülər üçün əlavə intizam mexanizmi rolunu oynayır və onların davranışına psixoloji təsir göstərir. Balların ləğv edilməsi, əksinə, qayda pozuntularının artmasına da səbəb ola bilər. Sürücü yalnız maddi cərimə ilə üzləşəcəyini bildikdə, bəzi hallarda məsuliyyət hissi zəifləyə və riskli davranışlara meyl arta bilər. Bu isə ümumi yol təhlükəsizliyinə mənfi təsir göstərən amilə çevrilə bilər”.

O bildirib ki, beynəlxalq təcrübədə fərqli yanaşmalar da mövcuddur:

“Bəzi ölkələrdə cərimə balı sistemi tətbiq olunmur. Lakin həmin ölkələrdə alternativ mexanizmlərdən istifadə edilir. Məsələn, eyni qayda pozuntusunun il ərzində təkrar olunması halında sürücünün sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır və ya tamamilə dayandırılır. Bu da göstərir ki, cəza mexanizmi hansı formada tətbiq olunmasından asılı olmayaraq, əsas məqsəd yol hərəkəti qaydalarına əməl olunmasını təmin etməkdir. Sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması isə öz mahiyyətinə görə heç də yüngül cəza hesab edilmir, əksinə, ciddi təsir gücünə malik inzibati tədbirdir. İstər cərimə balları sistemi, istərsə də alternativ cəza mexanizmləri olsun, əsas məqsəd yol hərəkəti intizamını gücləndirmək, qəza risklərini azaltmaq və ümumi yol təhlükəsizliyini təmin etməkdir”.

 

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh