Xaricdən avtomobil alanlara qadağa qoyulur? – Dilerlərdən ŞOK müraciət

“Məlum olub ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni “boz bazardan”. “Boz bazar” isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuz qiymətə Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir”.
Avtosfer.az xəbər verir ki, bu barədə tanınmış texno-bloger Fərid Pərdəşünas bildirib. Onun sözlərinə görə, bu rəqəm isə Azərbaycanda bəzi dilerləri narahat edib. Verilən məlumatlara görə, onlar dövlətə, Sahibkarlar Konfederasiyasına müraciətlər edirlər ki, vətəndaşın belə alışlarına məhdudiyyətlər gəlsin. Bloger vurğulayıb ki, hətta bununla bağlı Sahibkarlar Konfederasiyası məhdudiyyətləri əks etdirən təklif hazırlayır.
F.Pərdəşünas bunu olduqca absurd yanaşma hesab edir: “Birincisi, onu deyim ki, mən özüm Çin avtomobilimi (Tesla yox, Geely) servisdən almışam. YouTube kanalıma baxsanız, rəsmi servislərlə əməkdaşlıq etdiyimi görərsiniz. Onlardan pul qazanmışam. İzləyiciyə verdiyim məsləhətlər də həmişə servisin imkanları ilə bağlı olub ki, servisdən alsanız, zəmanət, xidmət, ehtiyat hissə zəmanəti əldə etmiş olursunuz. Amma bu o demək deyil ki, vətəndaşın seçim imkanı məhdudiyyətlərlə tənzimlənsin. Azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə biri təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı. Və ya Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir ki? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə sahibkar ondan artığını edir?”
O, hesab edir ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. “Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidir: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib ordan alacaq”, - bloger qeyd edib.
Fərid Pərdəşünas hesab edir ki, bunu istəməyənləri məcbur etmək doğru deyil. Onun sözlərinə görə, dilerlərdən pul alıb, sifarişlə belə təbliğat, reklam aparan bloqerlər, influencerlər doğru mesaj vermir: “Mən də bu işi görürəm, amma qətiyyən alıcını qadağa altına salmaq olmaz. Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır”.
Bloqçu bildirir ki, hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. O, xatırladır ki, hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq ucuz avtomobil almağa imkan yaradıb.
“İnsanlar 20-30 min manata təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalıdır, direktiv qərarlardan mədət ummamalıdır”, - o, vurğulayıb.
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










