14 min manat saxta pulu 3700 manata satmaq istəyi: Dələduz fəhlələrdən xəbər var

Xırdalanda fəhləliklə məşğul olan şəxslər maddi imkanlarını yaxşılaşdırmaq üçün saxta pul kəsməyə qərar veriblər. Saxta əskinaslar hazırlayıblar, satmaq üçün müştəri axtarışına çıxıblar. Amma qurduqları planı həyata keçirə bilməyiblər. İlk cəhddən uğursuzluğa düçar olublar. Pulları "əritmək" üçün müştəri tapmaqda köməklik göstərməsini xahiş etdikləri adamın DİN-ə müraciəti əsasında iş başındaca - Beynəlxalq Avtovağzalın yaxınlığındakı "Görüş" kafesində yaxalanıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaqda və satmaqda ittiham olunan Bərdə rayon sakini 22 yaşlı Elşad Cəfərov, Hacıqabul şəhər sakini 35 yaşlı Ramil Dəmirov və Cəlilabad rayon sakini 36 yaşlı Famil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.Az bildirir ki, virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxslər saxta pul hazırlayıb satmaq barədə öz aralarında razılığa gəliblər. Əldə etdikləri 100, 50 və 20 manatlıq saxta əskinasları satmağa çalışıblar. Onların 14 min manat saxta pulu 3700 manata satmaq istəmələri barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin Kibercinayətlər, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinə məlumat daxil olub. Həyata keçirilən əməliyyat zamanı adı çəkilən şəxslər saxta əskinasları şərti alıcıya satmaq istəyərkən saxlanılıblar.
Təqsirləndirilən Elşad Cəfərov ifadəsində fərdi yaşayış evlərində fəhləlik etdiyini, özündən yaşca böyük olan Famil və Ramillə birgə işlədiyi dövrlərdə tanış olduğunu, aralarında münasibət yarandığını göstərib. Dolanışıqlarının çətin olduğunu, maddi sıxıntı içərisində yaşadıqlarını deyən E.Cəfərov dostları ilə söhbət əsnasında pul qazanmağın yollarını axtarıblar: "Famil dedi ki, ən asan yol saxta pul hazırlamaq, satmaqdı. Üçümüz də razılaşdıq. Pulların hazırlanması Ramilə həvalə edildi. Satışını isə Famillə mən həyata keçirəcəkdik. Lazımi avadanlıqlar - rəngli printer, A4 formatlı kağız və s. aldıq. Ramil pulları hazırladıqdan sonra bizə məlumat verəcəyini dedi. Ötən ilin noyabr ayında hazırladığı pulları bizə göstərdi. Pullar əslindən fərqlənmirdi. Lakin saxta pulların önündə olan parlaq nişan solğun idi. Bunu aradan qaldırmaq üçün parıltılı lak vurmağı təklif etdim. Özüm pulların solğun hissələrinə parlaq lak vurdum, sonradan Ramilə qaytardım".
E.Cəfərovun ifadəsinə görə, saxta pullar tam hazır olduqdan sonra müştəri axtarıblar. Hazırlanan 14 min manat pulu 3700 manata satmağı qərara alıblar. Tanıdıqları adamlardan bir neçəsinə təklif etsələr də, saxta pula yaxın duran olmayıb. Təsadüfən Ramal adlı şəxslə tanış olan E.Cəfərov pulları satmaqda onlara köməklik göstərməsini xahiş edib:
"Onun etibarlı insan olduğunu düşünürdüm. Söhbətlərimizin birində məndə saxta pul olduğunu dedim və satmaq üçün müştəri tapmasını istədim. Əvvəlcə inanmadı, qorxdu, amma ciddi olduğumu bildi. Bir neçə gün sonra zəng vurub müştəri tapıb-tapmadığımı soruşduqda "yox" cavabı verdi. Amma sonra gözlənilmədən zəng vurub 14 min manat saxta pul alacağını dedi. Famillə birlikdə Ramildən pulları götürüb Ramalla görüşməyə getdik. "Görüş" kafesindəki otaqlardan birinə keçdik. Saxta pulları sayıb Ramala verdim, əvəzində mənə 3700 manat pul verdi. Ramal otağın qapısını açıb ofisiant çağırırmış kimi kiməsə əl işarəsi verdi. Bu vaxt bir neçə mülki geyimli şəxslər bizi saxladılar".
Əvvəllər dələduzluğa görə həbs olunan Famil Həsənov ifadəsində 2016-cı ildə həbsdən çıxdığını deyib:
"Bir yerdə fəhləlik edirdik. Asan yolla pul qazanmaq üçün saxta pul hazırlamaq qərarına gəldik. Uşaqlara da əvvəllər saxta pul hazırlayıb satdığıma görə tutulduğumu demişdim. Razılaşdıq. Pullar hazırlandıqdan sonra müştəri axtardıq. Elşadın tapdığı müştəri ilə ötən ilin dekabrın 4-də axşam saatlarında avtovağzalda görüşdük. Mən başqa masada oturdum, Elşadgil isə otaqlardan birinə keçdilər. Bir qədər sonra özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər əvvəl Elşadı, sonra məni saxladılar. Çıxış yolumuz olmadığından törətdiyimiz əməli etiraf etdik".
Təqsirləndirilən Ramil Dəmirov ifadəsində həm özünün, həm də onunla birgə bir zaman fəhləlik edən, hazırda isə müttəhimlər kürsüsünü bölüşən dostlarının maddi vəziyyətinin aşağı olduğunu, düşdükləri vəziyyətdən çıxış yolları axtardıqlarını göstərib:
"Hərəmiz 150 manat pul qoyub "Lalafo"dan işlənmiş "Epson" markalı printer aldıq. Printeri yaşadığım evin yataq otağında gizlətdim. Özümdə olan həqiqi pulların əsasında 51 ədəd 100 manatlıq, 151 manatlıq 50 manatlıq və 93 ədəd 20 manatlıq saxta pul hazırladım. Pullar əsl puldan fərqlənmirdi. Hazırladığım 14 min manata müştəri tapılacağını güman edib saxta pul hazırlamağa davam edirdim".
İstintaq zamanı R.Dəmirovun yaşadığı evə baxış keçirilib və oradan əlavə olaraq 8620 manat saxta əskinaslar da aşkarlanaraq götürülüb.
Məhkəmə prosesi davam edir.
Taksilərlə bağlı qaydaların dəyişməsi ilə bağlı yayılan xəbərlərə - AYNA-dan AÇIQLAMA
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO










