Banner

Ağdamda maşın bazarının yaradılması bölgəni inkişaf etdirə bilər - EKSPERT

Gündəm 25 Noyabr 2025 14:30 Oxunub 870
Ağdamda maşın bazarının yaradılması bölgəni inkişaf etdirə bilər - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdama ölkənin ən böyük avtomobil bazarının köçürülməsi planlaşdırılır. Bu addım Ağdamı ticarət və logistika mərkəzi kimi formalaşdıracaq, iqtisadi axına və məşğulluğa müsbət təsir göstərəcək. Ehtimal olunur ki, Ağdamdakı bazar Cənubi Qafqazın aparıcı avtomobil ticarət nöqtələrindən birinə çevrilə bilər. 

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, bu, öz-özlüyündə yüzlərlə iş yerinin açılması deməkdir və minlərlə insanın orada dolanışığına imkan yaradacaq:

“Deyə bilmərəm ki, orada ancaq yeni avtomobillər satılacaq. Bu, praktiki olaraq mümkün deyil, çünki Azərbaycanda o qədər də yeni istehsal olunan avtomobillər yoxdur. Yığılan maşınlar var ki, olanlar da öncədən sifariş və digər yollarla satılır. Amma hər bir halda Azərbaycanda yığılan avtomobillərin Ağdamda mağazası və ya nümayəndəliyi açılacaqsa, bu da yeni iş yerlərinin yaranması deməkdir. Yəni, regionlarda - Qarabağ və Şərqi Zəngəzur zonasında kimsə maşın almaq istəyirsə artıq uzaq yolu qət edib Bakıda bunu həyata keçirməyəcək, orada alacaq.

İkinci əl avtomobil bazarı kimi ora çox faydalı ola bilər və işləyə bilər. Bir çox bölgələrdəki bazarları, məsələn, Bərdədəki maşın bazarını Ağdama cəmləmək olar. Mərkəzləşdirilmiş bir bazar kimi fəaliyyət göstərən bu layihə əlavə iş yerlərinin açılmasına da imkan verəcək. Avtomobil satışı ilə yanaşı, orada aksesuar satışı və servis xidməti də təşkil olunacaq. Biri plyonka çəkəcək, biri təkər satacaq, digəri isə yeni və ya istifadə olunmuş təkər satacaq. Beləcə, bazar minlərlə insanın qazanc yerinə çevriləcək”.

Ekspert qeyd edib ki, əgər həftəsonu 300 nəfər maşın satacaqsa, bunun iki qatı qədəri digər faəliyyətlə pul qazana biləcək: “Mən bunu yüksək qiymətləndirirəm. Təbii ki, nəqliyyat-logistika şəbəkəsinə qoşulan bir məkan kimi Ağdam bazarı faydalı olacaq və yeni iş yerlərinin yaradılması çox müsbət addımdır. Tarix boyu Ağdamın avtomobil bazarında öz rolu olub”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh