Artıq nömrəsiz moped sürüb hamını narahat edə bilməyəcəklər – QANUN SƏRTLƏŞİR - FOTO

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması və moped nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması təklif olunur. Bu o deməkdir ki, bundan sonra moped sürmək üçün imtahan verib sürücülük vəsiqəsi almaq lazımdır. Ardınca isə mopedi dövlət qeydiyyatına aldırmaq lazım gələcək ki, bununla da həmin nəqliyyat vasitəsinə dövlət nömrə nişanı veriləcək.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər layihəsi hazırlanıb və bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub. Qanun layihəsinin məqsədi mopedlərin istismar qaydalarını daha dəqiq tənzimləmək, bu nəqliyyat vasitələrini idarə edən şəxslərin bilik və bacarıq səviyyəsini artırmaq, eləcə də yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir.
Layihədə əsas yeniliklərdən biri moped sürən şəxslər üçün sürücülük vəsiqəsinin tələb olunmasıdır. Bu dəyişiklik, sürücülərin müəyyən hazırlıq keçməsini və təhlükəsizlik qaydalarına daha məsuliyyətli yanaşmasını təmin edəcək. Bundan başqa, təkliflərə əsasən, moped anlayışına daha aydın tərif veriləcək, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi də məcburi olacaq. Əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmə tələbi isə aradan qaldırılacaq.
Layihədə həmçinin qeyd olunur ki, moped və motosikletlərin uzunluğu və ya enindən 0,5 metrdən artıq çıxan, eləcə də idarəetməyə mane olan yüklərin daşınması qadağan ediləcək.

Mövzu ilə bağlı nəqliyyat eksperi Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, qanuna ediləcək bu dəyişiklik moped nəqliyyat vasitələrini idarə edən şəxslərin hüquq və vəzifələrini daha dəqiq dəqiqləşdirir və məsuliyyəti formalaşdırır: “İndiyə qədər bu sahədə müəyyən boşluqlar mövcud idi və bu da cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. Moped sürücülərinin yol hərəkəti qaydaları haqqında biliklərinin zəif olması nəticəsində onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb, digər hərəkət iştirakçıları arasında onlara qarşı narazılıq və narahatlıq yaradıb. Bu dəyişiklik beynəlxalq təcrübəyə əsaslanır. Moped artıq motosikletlə eyni səviyyədə qiymətləndiriləcək və həmin nəqliyyat növünə də eyni qaydalar tətbiq olunacaq. Dəyişikliklər həm sürücülük vəsiqəsinin alınması, həm də mopedlərin dövlət qeydiyyatına salınması ilə bağlı məsələləri əhatə edir”.
Nəqliyyat eksperti həmçinin deyib ki, bu qərara əsasən, moped idarə edən şəxslər qayda pozuntularına yol verdiyi halda elektron qaydada cərimələnəcək: “İndiyədək mopedlərin dövlət qeydiyyat nişanı olmadığı üçün kameralar vasitəsilə onların pozuntularını aşkarlamaq çətin idi. Bu səbəbdən bəzi sürücülər hadisə törədib məsuliyyətdən yayınır, istədikləri kimi hərəkət edirdilər. Bəzi hallarda mopedlərin cinayət hadisələrində, o cümlədən soyğunçuluq və basqınlarda istifadə olunması da müşahidə edilib. Bu isə nömrə nişanının olmaması ilə əlaqədar onların izlənilməsini çətinləşdirir. Beləliklə, moped nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və onların idarə edilməsi üçün sürücülük vəsiqəsinin tələb olunması mühüm və müsbət addım hesab olunur. Bu dəyişiklik həm yol hərəkətində təhlükəsizliyi artıracaq, həm də nizam-intizamı təmin edəcək. Ümid edirəm ki, nömrəsiz mopedlə hər gün insanları narahat edənlərin əməllərinə son qoyulacaq”.
Fidan
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












