Banner

Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA

Gündəm 13 Noyabr 2026 14:11
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın Avropa ölkələri ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində diplomatik təmaslar davam edir. Prezident İlham Əliyevin Dublində Avropa ölkələrinin liderləri, Avropa İttifaqı Şurasının Prezidenti və digər dövlət rəsmiləri ilə keçirdiyi görüşlər əməkdaşlığın müxtəlif istiqamətlərini, eləcə də regional məsələləri yenidən gündəmə gətirib.

Avtosfer.az xəbər verir ki, görüşlərdə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və regionda sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. Bəs bu təmaslar Azərbaycanın Avropa ilə münasibətlərinə və beynəlxalq mövqeyinə necə təsir göstərə bilər? Ermənistanla sülh prosesində hansı irəliləyişlərə yol aça bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Zirvə görüşündə iştirak edib:


''Dövlət başçısı sammit çərçivəsində Avropanın siyasi liderləri ilə çoxsaylı görüşlər keçirib. O cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş baş tutub. Bu təmaslar Azərbaycanın Avropa üçün böyük strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyib. Heç kimə sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativ enerji mənbəyi kimi mühüm rol oynayır. Hazırda ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İllik qaz hasilatımız 51,5 milyard kubmetr təşkil edir. Bunun 25,2 milyard kubmetri ixraca yönəldilir. İxrac olunan qazın 12,8 milyard kubmetri Avropa İttifaqı ölkələrinin payına düşür. Bu, kifayət qədər yüksək göstəricidir. 2027-ci ildə Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji sahəsində də böyük potensialı mövcuddur. Prezidentin görüşlərdə diqqət çəkdiyi əsas məsələlərdən biri Azərbaycanın yalnız ənənəvi enerji ölkəsi kimi deyil, həm də böyük yaşıl enerji potensialına malik dövlət kimi tanıdılmasıdır. Ölkəmizin dənizdə 157 giqavat, quruda isə 135 giqavat texniki yaşıl enerji potensialı var. İqtisadi potensial isə quruda 27 giqavat, dənizdə 23 giqavat qiymətləndirilir. Günəş, külək və hidroenerji mənbələri bu imkanların əsasını təşkil edir. 2032-ci ilə qədər 8 giqavat həcmində yaşıl enerjinin ixracı nəzərdə tutulur''.


Deputat qeyd edib ki, Avropa ölkələri Azərbaycanın yalnız yaşıl enerji istehsalı potensialını deyil, bu enerjinin Avropa bazarlarına çatdırılması üçün mövcud imkanlarını da nəzərə alır:
''Bu baxımdan Xəzər və Qara dəniz üzərindən enerji dəhlizlərinin yaradılması, eləcə də Zəngəzur dəhlizi vasitəsilə Türkiyədən keçməklə Avropaya yaşıl enerji nəqli məsələləri gündəmdədir. Eyni zamanda Qazaxıstan və Özbəkistanın yaşıl enerji potensialının Azərbaycan üzərindən Avropa bazarına çatdırılması imkanları müzakirə olunur. Bütün bunlar ölkəmizin strateji əhəmiyyətini və cəlbediciliyini artırır. Səfər çərçivəsində diqqət çəkən mühüm hadisələrdən biri də Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması olub. Bununla iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün zəmin yaranıb. Böyük Britaniya ilə enerji sahəsində əməkdaşlığımızın 30 illik tarixi var. Azəri-Çıraq-Günəşli yataqlarının istismarında BP şirkəti SOCAR-dan sonra ikinci böyük paya malikdir. Şirkətin bu layihədə iştirak payı 30 faizdir. Şahdəniz qaz yatağının işlənməsində də BP-nin təxminən 30 faizlik payı var. Lakin imzalanmış sənədin əhəmiyyəti yalnız enerji sektoru ilə məhdudlaşmır. İlk dəfə olaraq qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm istiqamətlər də sənəddə əksini tapıb. Bunlara müdafiə və təhlükəsizlik, nəqliyyat və logistika, investisiyalar, yaşıl enerji, süni intellekt və yüksək texnologiyalar sahələrində əməkdaşlıq daxildir. Göründüyü kimi, iki ölkə arasında yeni istiqamətlər üzrə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və bu sahələrdə əlaqələrin inkişafı strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində mühüm hadisələrdən biri də Azərbaycan və Ermənistan liderlərinin görüşü olub. Görüşün əsas xüsusiyyətlərindən biri vasitəçilər olmadan keçirilməsi idi. Tərəflər sülh prosesinə töhfə verə biləcək məsələləri müzakirə ediblər. Bunlardan biri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsidir. Artıq Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı həyata keçirilir. Ermənistandan Azərbaycana gətiriləcək məhsulların siyahısı da formalaşdırılıb. Həmçinin Azərbaycan ərazisindən keçməklə Ermənistana 105 ton yük çatdırıldığı bildirilib. Müzakirə olunan digər mühüm məsələ dövlət sərhədinin delimitasiyası prosesinin davam etdirilməsi və müvafiq komissiyanın fəaliyyətidir. Enerji sahəsində əməkdaşlıq, xüsusilə Azərbaycan və Ermənistanın elektrik enerji sistemlərinin birləşdirilməsi məsələsi də gündəmə gətirilib. Bundan əlavə, ekoloji təhlükəsizlik və transsərhəd suların idarə olunması ilə bağlı komissiyanın yaradılması razılaşdırılıb. Delimitasiya məsələsində olduğu kimi, bu istiqamətdə də birgə mexanizmin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bütün bu addımlar nəticə etibarilə Azərbaycan və Ermənistan arasında, eləcə də iki xalq arasında etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir. Etimad olmadan hər hansı sülh müqaviləsinin imzalanması da çətinləşir. Hesab edirəm ki, Dublin görüşü Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin möhkəmləndirilməsi baxımından xüsusi rol oynayır. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin sammitdə iştirakı, qaldırılan məsələlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar strateji əhəmiyyət kəsb edir''.


Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Azərbaycan Avropa üçün enerji daşıyıcılarının etibarlı təminatçısı ölkələrdən biridir:


'' Ümumilikdə, Avropa Azərbaycanın strateji əhəmiyyətinə iki əsas istiqamət üzrə yanaşır. Birincisi, enerji təhlükəsizliyinin təminatçısı, ikincisi isə logistika və kommunikasiya xətlərinin ötürücüsü kimi. Bu baxımdan Azərbaycanın böyük potensialı və imkanları mövcuddur. Hazırda Azərbaycan Avropa İttifaqının 10 ölkəsinə təbii qaz ixrac edir. Bununla yanaşı, ölkəmizin təqdim etdiyi logistika imkanları arasında Orta Dəhliz və Zəngəzur dəhlizi kimi iri layihələr xüsusi yer tutur. Mövcud geosiyasi şəraitdə Azərbaycanın nəqliyyat-kommunikasiya baxımından əhəmiyyəti daha da artır. Rusiya-Ukrayna müharibəsi nəticəsində şimal istiqamətindəki kommunikasiya yollarının məhdudlaşması, İran-ABŞ qarşıdurması fonunda isə cənub marşrutlarında yaranan çətinliklər alternativ nəqliyyat xətlərinə ehtiyacı artırır. Bu baxımdan Azərbaycan üzərindən keçən kommunikasiya marşrutları mühüm alternativ kimi qiymətləndirilir''.

Fatimə

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh