Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin real vaxt rejimində hərəkət cədvəlinin “Google Maps” platformasına inteqrasiya edilməsi sərnişinlərin səfər planlaşdırmasını asanlaşdıran mühüm yenilikdir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat ekspert Rauf Ağamirzəyev bildirib ki, bu addım sərnişinlərə marşrutlarını daha rahat planlaşdırmağa, gözləmə vaxtlarını azaltmağa və müxtəlif nəqliyyat alternativlərini müqayisə etməyə imkan verir.
Ekspertin sözlərinə görə, rəqəmsal xidmətlərin inkişafı təkcə hərəkət cədvəllərinin paylaşılması ilə məhdudlaşmamalıdır.
“Marşrutların xəritədə daha dəqiq göstərilməsi, dayanacaqların, platformaların və gediş-gəliş nöqtələrinin optimallaşdırılması da vacib məsələlərdəndir. Bu, xüsusilə şəhərə ilk dəfə gələn və ya avtovağzaldan istifadə təcrübəsi az olan sərnişinlər üçün böyük əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.
Rauf Ağamirzəyev hesab edir ki, oxşar həllərin Heydər Əliyev Beynəlxalq Hava Limanında da daha geniş tətbiqi hava nəqliyyatı xidmətlərinin keyfiyyətini artırmağa kömək edə bilər. Real vaxt rejimində uçuş məlumatlarının, terminallararası hərəkətin, ictimai nəqliyyat əlaqələrinin və hava limanı daxilində naviqasiya imkanlarının xəritə xidmətləri ilə daha sıx inteqrasiyası sərnişin təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Dəmir yolu nəqliyyatında da müəyyən inteqrasiya işlərinin aparıldığını xatırladaraq bildirib ki, hazırda bəzi qatar marşrutları xəritələrdə görünür. Lakin bəzi hallarda marşrut trayektoriyaları tam dəqiq əks olunmur.
“Azərbaycan Dəmir Yolları üzrə marşrutların, stansiyaların və hərəkət istiqamətlərinin daha dəqiq xəritələndirilməsi, qatarların real vaxt mövqeyi, gecikmələr və platforma məlumatlarının təqdim edilməsi multimodal səfər planlaşdırmasını daha da təkmilləşdirə bilər”, – deyə ekspert vurğulayıb.
Rəqəmsal nəqliyyat xidmətlərinin inkişafında tarif məlumatlarının da açıq şəkildə təqdim olunması vacibdir. Avtobus, dəmir yolu və hava nəqliyyatı üzrə qiymətlərin “Google Maps” kimi platformalarda göstərilməsi sərnişinlərə alternativ marşrutları yalnız vaxt baxımından deyil, maliyyə baxımından da müqayisə etmək imkanı yaradacaq.
“Bu, vətəndaşların daha məlumatlı seçim etməsinə, eyni zamanda ictimai nəqliyyatdan istifadənin cəlbediciliyinin artmasına töhfə verə bilər”, – deyə o əlavə edib.
Nəqliyyat sisteminin rəqəmsallaşdırılmasında əsas məqsəd sadəcə cədvəllərin paylaşılması deyil, sərnişinə “qapıdan-qapıya” prinsipi əsasında fasiləsiz və real vaxt rejimində marşrut, vaxt, gecikmə, platforma və tarif məlumatlarının təqdim edilməsidir.
Ekspert hesab edir ki, gələcək mərhələdə avtovağzal, hava limanı və dəmir yolu arasında vahid məlumat ekosisteminin formalaşdırılması ölkədə nəqliyyat xidmətlərinin daha əlçatan, şəffaf və səmərəli olmasına şərait yarada bilər.
Eltac Zülfüqaroğlu
Velosiped və skuter sürücülərinə VACİB xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO
Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə!
Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək - FƏRMAN
KFC və “McDonald's”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? – EKSPERT RƏYİ
Heydər Əliyev prospektində iş yerləri artdıqca səki problemi yaranır – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Klassik və sürət avtomobillərinin festivalı başa çatdı - FOTO - VİDEO
Xarici işlər nazirlərin üçtərəfli görüşü keçiriləcək
Qadınlar yol qəzalarında daha çox yaralanırlar - Gözlənilməz səbəb












