Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT

Gündəm 29 İyun 2026 12:36
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
WhatsApp kanalımıza abunə olun

Araz çayı boyunca formalaşan nəqliyyat dəhlizi yaxın illərdə Avrasiyanın ən mühüm logistika marşrutlarından birinə çevrilə bilər. Region ölkələrinin həyata keçirdiyi irimiqyaslı avtomobil, dəmir yolu, körpü və tunel layihələri təkcə tranzit imkanlarını genişləndirmir, həm də Cənubi Qafqazın qlobal geoiqtisadi əhəmiyyətini artırır.

Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspert bildirib ki, son illərdə Ermənistan Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mühüm infrastruktur layihələrinin icrasını sürətləndirib. Onun sözlərinə görə, Aqarak–Kacaran avtomobil yolunun 32 kilometrlik hissəsinin tikintisinə 2024-cü il fevralın 5-də başlanılıb. Layihə çərçivəsində ümumi uzunluğu 7,2 kilometr olan tunellərin inşası aparılır və işlərin 2032-ci ildə başa çatdırılması planlaşdırılır. Tikinti işlərini İranın "Abad Rahan Pars International Group" və "Tunnel Sadd Ariana" şirkətləri həyata keçirir.

Həmin şirkətlər 2022-ci ildə Gürcüstan–Ermənistan sərhədində yerləşən Sadaxlı–Baqrataşen keçid məntəqəsində Debeda çayı üzərində yeni dördzolaqlı "Dostluq" körpüsünü də inşa ediblər. Avropa Yenidənqurma və İnkişaf Bankının 7,4 milyon avro maliyyə dəstəyi ilə tikilən 160 metrlik körpü sərhəd-keçid məntəqəsinin ötürmə qabiliyyətini təxminən iki dəfə artırıb.

Ekspertin sözlərinə görə, 2026-cı ildə Sisian–Kacaran magistral yolunun növbəti mərhələsinin icrasına başlanılıb. Təxminən 60 kilometr uzunluğunda yeni yolun tərkibində ümumi uzunluğu 12,5 kilometr olan 9 tunel, 4,7 kilometr uzunluğunda 27 körpü və ölkənin ən uzun – 8,6 kilometrlik Barguşat tunelinin tikintisi nəzərdə tutulur. Ümumi dəyəri 858 milyon avro olan layihəni Fransanın "VINCI Construction Grands Projets" və "Razel-Bec" şirkətlərinin konsorsiumu həyata keçirəcək.

Rauf Ağamirzəyev bildirib ki, 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsi və onun çərçivəsində irəli sürülən TRIPP (Trump Route for International Peace and Prosperity) təşəbbüsü Cənubi Qafqazın logistika xəritəsində yeni mərhələnin əsasını qoyur. Onun sözlərinə görə, layihə üzrə nəqliyyat infrastrukturunun tikintisinə bu il başlanılması planlaşdırılır.

"TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin inkişafına, Ermənistanın regional tranzit şəbəkəsinə inteqrasiyasına, Türkiyə vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımalarının genişlənməsinə töhfə verə bilər. Bu təşəbbüs Şimal–Cənub, Şərq–Qərb, Orta Dəhliz və Araz çayı boyunca formalaşan beynəlxalq logistika marşrutlarının qarşılıqlı inteqrasiyasını daha da gücləndirəcək", – deyə ekspert vurğulayıb.

Azərbaycan da son beş il ərzində azad edilmiş ərazilərdə və beynəlxalq nəqliyyat dəhlizləri üzrə irimiqyaslı infrastruktur layihələrini sürətlə həyata keçirir.

Araz çayı üzərində Ağbənd–Kəlalə avtomobil körpüsü artıq istifadəyə verilib, yeni sərhəd-keçid və gömrük kompleksi tikilir. Eyni zamanda 56,4 kilometr uzunluğunda Xudafərin–Qubadlı–Laçın dördzolaqlı avtomagistralının böyük hissəsi tamamlanıb, qalan hissələrdə tikinti işləri davam edir. Bundan başqa, 75,8 kilometr uzunluğunda Laçın–Kəlbəcər avtomobil yolunda çoxsaylı tunellər, estakadalar və digər mürəkkəb mühəndis qurğuları inşa olunur. Murovdağ tunelində tikinti işləri davam etdirilir. Paralel olaraq Ələt–Ağbənd dəmir yolu, Zəngəzur istiqamətində yeni avtomagistrallar, Naxçıvan istiqamətində nəqliyyat infrastrukturu, eləcə də Türkiyədə həyata keçirilən Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu layihəsi Araz dəhlizinin vahid beynəlxalq logistika sisteminə çevrilməsini sürətləndirir.

Ekspert hesab edir ki, bütün bu layihələr Araz çayı boyunca formalaşan nəqliyyat dəhlizinin artıq təkcə regional deyil, Avrasiyanın əsas geoiqtisadi məkanlarından birinə çevrildiyini göstərir.

"Xəzər dənizi, Qara dəniz və Fars körfəzi arasında yerləşən bu strateji zolaqda inşa olunan hər yeni avtomobil yolu, dəmir yolu, körpü və tunel gələcək beynəlxalq yük axınlarının istiqamətini müəyyənləşdirəcək. Məhz burada Şimal–Cənub, Şərq–Qərb, Orta Dəhliz və Cənub–Qərb beynəlxalq nəqliyyat marşrutları bir-birini tamamlayır. Buna görə də region ölkələrinin həyata keçirdiyi layihələr yalnız milli infrastruktur layihələri deyil, həm də Avropa, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq arasında iqtisadi inteqrasiyanın əsas dayaqlarından hesab olunur", – deyə Rauf Ağamirzəyev bildirib.

Bu geoiqtisadi rəqabətdə Azərbaycan lokomotiv rolunu qoruyub saxlayır. Son illərdə yaradılan beynəlxalq dəniz limanı, müasir avtomobil və dəmir yolu şəbəkəsi, beynəlxalq hava limanları və inkişaf etmiş logistika infrastrukturu ölkəni regionun aparıcı nəqliyyat qovşaqlarından birinə çevirib. Araz çayı boyunca həyata keçirilən layihələr isə Azərbaycanın Avrasiya nəqliyyat sistemində strateji mövqeyini daha da möhkəmləndirir.

Eltac Zülfüqaroğlu

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh