Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA

Prezident İlham Əliyevin 8 sentyabr 2026-cı il tarixində imzaladığı Sərəncamla Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib. Sərəncama əsasən, Əhməd İsmayılov Şuranın sədri, Məhəmməd Abdullayev, Aynur Bəşirli, Rəqsanə Kərimova, Fərhad Məmmədov, İlkin Nadirov və Fazil Novruzov isə üzvləri təyin olunublar.
Media və Yayım Şurasının yaradılması ölkədə media və yayım sahəsinin tənzimlənməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yeni qurumun fəaliyyətə başlaması media subyektləri ilə dövlət arasında əlaqələrin daha da təkmilləşdirilməsi, sahədə vahid yanaşmanın formalaşdırılması, media mühitinin inkişafı və müasir çağırışlara uyğun mexanizmlərin tətbiqi baxımından mühüm imkanlar yarada bilər. Eyni zamanda, bu strukturun fəaliyyətinin Azərbaycan mediasının gələcək inkişafına necə təsir göstərəcəyi də maraq doğurur.
Media və Yayım Şurasının fəaliyyətə başlaması Azərbaycan mediasının inkişafına hansı yeni imkanlar yaradacaq?
Mövzu ilə bağlı Milli Məclisin deputatı və “İki Sahil” qəzetinin rəhbəri Vüqar Rəhimzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, azad mətbuatın inkişafı dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir:

“Atılan hər bir addımın başlıca məqsədi ölkədə daha dayanıqlı, peşəkar, müasir çağırışlara cavab verən və ictimai etimadı yüksək olan media mühitinin formalaşdırılmasıdır. Müasir informasiya məkanında media anlayışı da əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, media sektoru sürətlə dəyişir, ənənəvi media ilə yanaşı, rəqəmsal platformalar, sosial şəbəkələr və yeni yayım formatları böyük əhəmiyyət daşıyır. Belə bir şəraitdə media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi və peşəkar standartların inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Bu reallıq media sahəsinə yanaşmada daha çevik, əlaqələndirilmiş və müasir idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir. Beynəlxalq təcrübə də göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi daha səmərəli nəticələr əldə etməyə imkan verir. Bu baxımdan Audiovizual Şuranın və Medianın İnkişafı Agentliyinin funksiyalarının vahid kollegial qurumda – Media və Yayım Şurasında birləşdirilməsi media siyasətinin həyata keçirilməsində çevikliyin və səmərəliliyin artırılması baxımından mühüm addımdır”.
Vüqar Rəhimzadə əlavə olaraq qeyd edib ki, Media və Yayım Şurasının fəaliyyətində kollegial idarəetmə prinsipinin əsas götürülməsi də xüsusi əhəmiyyət daşıyır:
“Kollegial yanaşma müxtəlif baxışların, peşəkar fikirlərin və media sektorunun ayrı-ayrı istiqamətlərinin nəzərə alınmasına imkan yaradır. Bu isə media sahəsində səmərəliliyi artırmaqla ictimai etimadı da möhkəmləndirir. Eyni zamanda, media sahəsində vahid institusional yanaşmanın tətbiqi yalnız idarəetmənin səmərəliliyinə deyil, həm də media subyektləri ilə aidiyyəti qurumlar arasında daha sağlam və konstruktiv dialoqun qurulmasına xidmət edəcək. Bu gün informasiya çox sürətlə yayılır və rəqəmsal platformaların təsiri artır. Belə bir şəraitdə həm cəmiyyətin operativ və etibarlı informasiya əldə etmək imkanlarının qorunması, həm də milli informasiya məkanının dayanıqlılığının təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Peşəkar və güclü milli media isə bu baxımdan ən mühüm dayaqlardan biridir. Media və Yayım Şurasının vəzifələrinin, öhdəliklərinin qanunvericilikdə aydın şəkildə müəyyənləşdirilməsi, qurumun kollegial idarəetmə modelinə əsaslanması onun fəaliyyətinin şəffaflığı və hesabatlılığı baxımından da müsbət əhəmiyyət daşıyır. Dövlət başçısının müvafiq Sərəncamı ilə Media və Yayım Şurasının sədri və üzvlərinin təyin edilməsi media sahəsində yeni institusional mərhələnin formalaşması baxımından mühüm hadisədir. Media və Yayım Şurasının fəaliyyəti Azərbaycanın media sektorunun daha da inkişafına, müstəqil medianın iqtisadi və peşəkar imkanlarının genişlənməsinə, media ilə cəmiyyət arasında etimadın möhkəmlənməsinə mühüm töhfə verəcək. Əsas hədəf güclü, müstəqil, məsuliyyətli, rəqabətqabiliyyətli və müasir texnologiyalara uyğunlaşan milli media mühitinin formalaşdırılmasıdır. Bu baxımdan Media və Yayım Şurasının fəaliyyəti media sahəsinin inkişafında yeni mərhələdir. Qurumun fəaliyyəti Azərbaycanın mediasının daha da inkişafına, müasir çağırışlara cavab verən və rəqabətqabiliyyətli media sektorunun formalaşmasına ciddi töhfə verəcək”.
Azərbaycanda media və yayım sahəsində yeni dövrün çağırışlarına uyğun yenilənmələrin davam etdirilməsi vacibdir. Bununla yanaşı, bu prosesdə indiyədək əldə edilmiş müsbət təcrübə və nəticələr də nəzərə alınmalıdır. Yeni yanaşmalar ənənəvi medianın müsbət təcrübəsi ilə uzlaşdırılmalıdır.
Bunu "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

Nadir Azəri bildirib ki, Azərbaycanda Media və Yayım Şurasının yaradılması və sentyabrın 8-də imzalanmış sərəncamla qurumun rəhbərliyinin və üzvlərinin müəyyənləşdirilməsi media sahəsində mühüm addımdır:
“Bu, yalnız yeni bir qurumun formalaşdırılması deyil. Eyni zamanda, Azərbaycan mediasının və yayım sahəsinin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsi baxımından mühüm institusional addımdır.
Yeni qurumun qarşısında bir sıra mühüm vəzifələr dayanır. Ənənəvi media ilə müasir medianın imkanlarının uzlaşdırılması, faydalı təcrübənin qorunması və yeni çağırışlara uyğun mexanizmlərin formalaşdırılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Media sahəsində şəffaflığın daha da artırılması, media strukturlarının fəaliyyətinin daha çevik və müasir tələblərə uyğun qurulması ilə yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və peşəkar jurnalistika ənənələrinin qorunması da diqqətdə saxlanılmalıdır.
Hesab edirəm ki, Media və Yayım Şurası bu prosesdə media subyektləri ilə yanaşı, jurnalistika, söz azadlığı və media sahəsində fəaliyyət göstərən ictimai birliklərlə də müntəzəm əməkdaşlıq etməlidir. Yeni qərar və təşəbbüslər hazırlanarkən bu təşkilatların fikir və təkliflərinin nəzərə alınması media siyasətinin daha səmərəli qurulmasına töhfə verə bilər. Yəni medianın gələcəyi, söz azadlığının inkişafı və yayımçılığın yeni perspektivləri müzakirə edilərkən vətəndaş cəmiyyəti institutlarının imkanlarından da daha geniş istifadə olunması məqsədəuyğundur.
Əminəm ki, yeni qurum qarşıdakı dövrdə media sahəsində əldə edilmiş müsbət nəticələrin qorunması və daha da inkişaf etdirilməsi, eyni zamanda, yeni dövrün tələblərinə cavab verən media və yayım mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atacaq.
Yeni qurumun rəhbərliyinə və üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıram”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə bildirib ki, ölkədə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasına əsasən, müvafiq qurumların yenidən formalaşdırılması və təkmilləşdirilməsi işi davam etdirilir:

“Yeni yaradılan Media və Yayım Şurası da bu məqsədə xidmət edəcəkdir. Medianın dairəsinin, növlərinin genişlənməsi və qarşısında yeni çağırışların yaranması fonunda, iki qurumun birləşdirilərək Media və Yayım Şurasında fəaliyyətinin tənzimlənməsi növbəti dövr üçün bu sahədə fəaliyyətin effektiv qurulmasını təmin edəcək. Hər iki qurumun, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın, bu istiqamətdə təcrübəsi mövcuddur və fəaliyyətin məhz həmin qurumlarda təcrübəsi olan şəxslər əsasında həyata keçirilməsi müsbət haldır.
Azərbaycan mediasının çərçivələri yalnız ölkə ilə məhdudlaşmır. Qlobal media informasiya siyasəti sisteminin içərisində yer alan Media və Yayım Şurasının üzərinə böyük vəzifələr düşür. Beynəlxalq platformalarda Azərbaycana qarşı informasiya hücumları ilə bağlı Medianın İnkişafı Agentliyi müvafiq təkzib cavabları dərc edir və bu proses Azərbaycanın milli maraqlarının müdafiəsi və həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yeni şuranın əsas vəzifələrindən biri olacaqdır. Şura bütövlükdə Azərbaycan mediası ilə konstruktiv şəkildə fəaliyyətini davam etdirəcək, ehtiyac olan sahələrdə öz dəstəyini ifadə edəcək və Azərbaycan mediasının ölkəmizdə, bölgədə və dünyada layiq olduğu səviyyədə təmsil olunmasına kömək edəcəkdir”.
“Avtosfer.az” sayıtının baş redaktoru Elməddin Muradlı fikrincə, Cənab Prezidentin rəhbərliyi ilə çap mediası, onlayn media, həmçinin televiziya və radio-televiziya sahəsində aparılan islahatlar artıq özünü göstərməkdə və nəticə verməkdədir:

“Bir mərkəzdən idarə olunma bu istiqamətdə müəyyən inkişafa töhfə verəcək. Media və Yayım Şurasının bundan sonrakı fəaliyyətindən böyük addımlar, böyük uğurlar gözləyirik. Necə ki, indiyə kimi Media İnkişaf Agentliyi bu uğurlu nəticəni göstərib, bundan sonrakı dönəmdə də bu cür uğurlu nəticələr gözləyirik. Azərbaycan mediası, Azərbaycan radiosu, Azərbaycan televiziyası daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur və bundan sonrakı fəaliyyətdə də düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq.
Hər bir halda jurnalistlərin böyük gözləntiləri var, xüsusən də reklam bazarının tənzimlənməsi məsələsində, jurnalistikanın inkişafında, publisistikanın inkişafında müəyyən irəliləyişlərin olmasını səbirsizliklə gözləyirik. Çünki xəbər jurnalistikası mətbuatı bir növ, inkişafda saxlayır.
Bu gün təəssüf ki, bir çox jurnalistlərə sərbəst mövzuda reportaj yazmağı deyəndə duruxurlar ki, reportaj nə olan şeydir? Adamlar jurnalistika ilə fəaliyyətlə məşğuldur, amma reportajın nə olduğunu bilmirlər.
Hər halda mənə elə gəlir ki, Media və Yayım Şurası bu məsələləri tənzimləmək gücünə malikdir və zamanla bu məsələlər də öz həllini tapacaq”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaoğlu
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA










